Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2655/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X5, həmin idarənin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 03 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC tərəfindən, MMC-yə ayrılmış torpaq sahəsində yeraltı avtodayanacaq tikintisi nəzərdə tutulmuş ərazidə 2 mərtəbəli köhnə yaşayış binası ətrafında olan yaşıllıqlar, ağaclar tikintiyə maneə yaratdığı üçün qanunsuz götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi tərəfindən inzibati xəta haqqında protokola yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları işin hallarını tam araşdırmadan "xxxx" MMC tərəfindən inzibati xəta törədilməsinə dair heç bir mötəbər sübut müəyyən edilmədən və inzibati xətaya görə tənbeh vermə ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmadan qanunsuz və əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il 1410-İVQ saylı Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1dək dayandırılmışdır və bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Sahibkar bu Qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanının 1.5-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən yoxlamanın aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən çıxarış alınmamışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 2016-cı il tarixli 526 saylı “Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarının 2.2-ci maddəsinin tələblərinə görə yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətinin aparılması və həmin zaman məhdudlaşdırıcı tədbirlərin tətbiqi və bu barədə qərarların qəbul edilməsi sahibkarlıq subyektlərinə münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilməlidir. Göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən bu qanunun tələbləri kobud şəkildə pozularaq qanunsuz yoxlama aparılmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı heç bir texniki vasitədən istifadə olunmamış, binada yaşayan şəxslərdən heç bir izahat, məlumat alınmamışdır. Nəzərə alınmalıdır ki, qeyd olunan ağaclar tikinti ərazisinə düşməmiş, MMC üçün heç bir maneə yaratmamışdır. Necə ola bilər ki, uzunmüddətli tikinti dövründə həmin ağaclara heç bir ziyan dəyməmiş, hazırda isə qəflətən yoxa çıxmışdır. Lakin inzibati xəta haqqında protokol tərtib edən şəxslər heç bir araşdırma aparmadan, ərazidə müşahidə aparmadan, şahidlərin izahatını almadan, heç bir texniki vasitədən istifadə etmədən, ərazidəki təhlükəsizlik kamerası görüntüləri barədə aidiyyəti orqanlara sorğu vermədən şübhələr "xxxx" MMC-nin üzərində olduğu üçün MMCni inzibati xəta törətməkdə təqsirləndirərək Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsi, MMC-nin əməlində inzibati xəta tərkibi olub-olmaması məsələsi tam ətraflı şəkildə araşdırılmadan formal xarakterli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki "xxxx" MMC-nin əməlində heç bir inzibati xəta tərkibi olmamışdır. Həmçinin MMC tərəfindən məsələ ilə bağlı 02 noyabr 2022-ci il tarixli 192 saylı arayış təqdim edilərək ərazidə yabanı halda bitmiş ağacların 2019-cu ilin avqust ayında güclü külək nəticəsində sınaraq tikinti meydançasına aşdığı üçün tikinti sahəsində işləyən işçilər tərəfindən doğranaraq götürüldüyü bildirilməyinə baxmayaraq yenə protokol tərtib edilmişdir. Lakin Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinin tələbinə görə ətraf mühitin qorunması qaydaları ilə bağlı inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu xüsusat da nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, əgər ağaclar "xxxx" MMC-yə hər hansı maneçilik yaratdığı halda tikintiyə başlamamış və ya tikinti prosesində MMC aidiyyəti dövlət orqanlarına ağacların yerinin dəyişdirilməsi və ya götürülməsi ilə bağlı müraciət edə bilərdi. Məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 30 avqust tarixli 321 nömrəli qərarı ilə “Yaşıllıqların götürülməsi Qaydası” təsdiq edilmişdir ki, həmin Qaydanın 2.2.3-cü yarımbəndinə əsasən şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında inşaat fizikası (işıqlanma) rejimini pozduqda, 2.2.4-cü yarımbəndə əsasən ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, kök gövdəsi çürümüş, müalicəsi mümkün olmayan ağac və kol bitkilərinin kəsilməsi və s.), 2.2.6-cı yarımbəndinə əsasən ağac və kol bitkiləri yeraltı və yerüstü mühəndis kommunikasiya təminatı sistemlərinə mane olduqda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyəsinin qərarı və yaşıllığın götürülməsi vərəqi əsasında ağac və ya kol bitkilərinin götürülməsi mümkündür. Necə ki, 2018-ci ildə yeni binaların tikilməsi ilə əlaqədar ərazidə tikinti layihəsi altına düşən ağacların kənarlaşdırılmasına rəy verilməsi üçün "xxxx" MMC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilmiş və rəy alınmışdır. Yəni ki, "xxxx" MMC həyata keçirdiyi işlərini Azərbaycan Respublikasının mövcüd qanunvericilik aktlarının tələbləri çərçivəsində həyata keçirir. Qeyd olunan ağaclara ziyan verilməsi üçün "xxxx" MMC-nin heç bir əsası olmamışdır, bunun MMC-yə heç bir faydası yoxdur. Əksinə, ağacların orada olması tikintisi başa çatmış yaşayış binasının eksteryerinə xüsusi gözəllik verirdi. Məhz hazır binada mənzillərin satışı zamanı ətrafda ağacların və yaşıllıqların olması satışı stimullaşdıran əsas amillərdən biridir. 03 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtibatı zamanı qoşma sənəd kimi yalnız peyk görüntüləri və fotoşəkillər qeyd edilmişdir. Halbuki mövcüd qanunvericiliyə əsasən peyk görüntülərinin heç bir əsası və təsdiqi olmadığından hüquqi qüvvəyə malik sənəd kimi götürülə bilməz, həm də peyk görüntülərində ağac kimi işarə olunanların ağac olduğunu necə inanmaq və sübut etmək olar, o da bir az qəlizdir. Çünki işarələnən yer tikinti ərazisidir, ola bilər işçilər tərəfindən peyk görüntülərində işarələnənlər əraziyə toplanmış qum, daş və ya digər tikinti materialı ola bilər. Həmçinin fotoşəkillərin nə vaxt və harada çəkilməsi naməlum olduğu üçün sübut kimi qəbul edilə bilməz. Göstərilən halların da məhkəmə tərəfindən nəzərə alınmasını zəruridir. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edilərkən və ağacların götürüldüyü iddia olunan əraziyə baxış keçirilərkən heç bir hal şahidinin dəvət olunmaması protokolun mötəbərliyini şübhə altına alır. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən protokol tərtib edilərkən "xxxx" MMC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş və MMC-nin nümayəndəsinin protokolu imzalamaqdan imtina etməsi haqqında heç bir qeydlər aparılmamışdır. Həmçinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən protokol tərtib edilməsində iştirak edilməsi üçün səlahiyyətli nümayəndənin ayrılması məqsədi ilə MMC-yə heç bir şəkildə rəsmi məktub göndərilməmişdir. İşin hallarından da göründüyü kimi inzibati xətanin "xxxx" MMC tərəfindən törədilməsinə dair heç bir mötəbər sübut mövcüd deyil. Yoxlayıcı şəxslərin belə qanunsuz protokol tərtib etməsində 2 səbəb ola bilər ki, ya onlar ağacların kəsilməsi ilə bağlı gördükləri tədbirlərin statistikalarının sayını artırmaq istəyir, ya da tətbiq olunmuş cərimələrin müəyyən faizi qanunvericiliyə uyğun olaraq qeyd olunan orqanın hesabına keçirilir, bu isə həmin qurumun əməkdaşlarında stimul yaradır ki, əsassız və qanunsuz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozaraq şəxsin təqsirini müəyyən etmədən əsassız inzibati cərimələr tətbiq etsinlər. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati xətanın konkret kim tərəfindən törədilməsini ətraflı araşdırmamış, əsl təqsirkar şəxsləri müəyyən etməmiş və hallara düzgün hüquqi qiymət verməmiş, inzibati xəta hadisəsinə "xxxx" MMC-nin heç bir aidiyyəti olmasa da MMC barəsində protokol tərtib edərək MMC-nin hüquqlarını pozmuşlar. Qeyd olunanlara əsasən "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığını, sahibkar kimi MMC-nin hüquqlarının pozulmasını nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 03 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X8 protokolun məzmununa uyğun izahat vermiş, sualları cavablandırarkən göstərmişdir ki, tikinti layihələndirilən zaman ağaclar mövcud olmuşdur, lakin protokolda qeyd olunan həmin ağacların kəsilmə tarixi bilinmir. Ağacların kök və qalıqları olmadığına görə kəsilmə tarixini müəyyən etmək mümkün olmamışdır. İşdə olan peyk görüntüləri 2021-ci ildə çəkilmişdir. Fotoşəkillər isə protokol tərtib edərkən onun tərəfindən çəkilmişdir. X7 Agentliyinin məktubu əsasında yoxlama apardıqlarına görə belə yoxlamanın keçirilməsi üçün qərar qəbul edilməsi və Reyesterdə qeydiyyata alınması üçün əsaslar olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 protokolda və protokolu tərtib etmiş şəxsin izahatında göstərilənlərə uyğun izahat vermiş, protokol əsasında "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə yazılı etirazda göstərilənlərə uyğun izahat vermiş, etirazda qeyd olunan əsasların nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, müddətin keçməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişləri R.Teymurov, G.Sultanlı və baş mütəxəssisi R.Bayramov tərəfindən tərtib olunmuş 02 noyabr 2022-ci il tarixli 76072 nömrəli aktın surətindən görünür ki, 02 noyabr 2022-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti, Şirin Mirzəyev, Kamil Balakişiyev və Əlif Hacıyev küçələrinin kəsişməsi, 2439-cu məhəllə ünvanında yerləşən "xxxx" MMC-də yoxlama aparılarkən aşağıdakılar aşkar edilmişdir: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli 22/1740 nömrəli "xxxx" MMC tərəfindən inşa olunması nəzərd tutulmuş həyətaltı avtodayanacağın layihə sənədinə rəy verilməsi ilə bağlı məktubu İdarənin xx.xx.2022-ci il tarixli BD saylı sərəncamına əsasən tərəflərindən yerində araşdırılmışdır. Yuxarıda qeyd olunan məktubla layihə altına yaşıllıqlar düşməsi səbəbilə layihənin dəyişilməsi, yaşıllıqların qorunub saxlanılması tövsiyyə olunmuşdur. Lakin əraziyə baxış keçirilən zaman bir müddət öncə burada yaşıllıqların mövcud olmadığı müəyyən olunmuşdur. Tərəflərindən DEEA-nə ərazidə mövcud olmuş yaşıllıqların qeydiyyatı (cinsləri, ölçüləri, fotoşəkilləri və s.) ilə bağlı sorğu ünvanlanmışdır. DEEA-nın cavab məktubunda ərazinin peyk görüntüləri təqdim olunmuşdur. Təqdim olunmuş peyk görüntülərində MMC tərəfindən yeraltı avtodayanacaq tikilməsi nəzərdə tutulan sahədə 2 mərtəbəli köhnə tipli yaşayış binası və onun ətrafında yaşıllıqların olduğu təsvir olunur. Əraziyə təkrar keçirilən baxış zamanı peyk görüntüsündə yaşıllıq görünən sahələrə baxış keçirmişlər, burada ağaclara aid kök boğazı, qalıqları izləri müəyyən etmək mümkün olmamışdır. Tərəflərindən qeyd olunan yaşıllıqlarla bağlı "xxxx" MMC-nin direktoru X1 ünvanlandıqda, şifahi sorğularına cavab olaraq xx.xx.2022-ci il tarixli 192 saylı məktubla “qeyd olunan ərazidəki yaşıllıqların (tut, qovaq, üzüm tingləri və s.) xx.xx.2019-cu il tarixdə əsən güclü külək nəticəsində yıxıldığı və MMC tikinti işlərinə maneəçilik törətdiyindən həmin ağacların tikinti meydançasından təmizləndiyi barədə” arayış təqdim etmişdir. Peyk görüntüləri ilə müqayisəli təhlil zamanı ərazidən təqribən 4 ədəd ağacın götürüldüyü aşkarlanmışdır. Lakin ağacların kök boğazları, qalıqları, cinsləri müəyyən etmək mümkün olmadığından AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarına əsasən təbiətə dəymiş ziyanın hesablanması mümkün olmamışdır. Lakin araşdırmanın nəticəsi olaraq "xxxx" MMC AR “Yaşıllıqları mühafizəsi haqqında” Qanununun və AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il 316 saylı qərarının tələblərini pozaraq inzibatı xəta törətmişdir. Toplanmış materiallar, ərazidən çəkilmiş fotoşəkillər akta əlavə olunmuşdur; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, X4 Xidmətinə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və "xxxx" MMC-yə ünvanlanmış 22 iyul 2022-ci il tarixli 22/1740 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, Şirin Mirzəyev, Kamil Balakişiyev və Əlif Hacıyev küçələrinin kəsişməsində, 2439-cu məhəllədə, "xxxx" MMC tərəfindən inşa olunması nəzərdə tutulmuş həyətaltı avtodayanacağın layihə sənədlərinə rəy bildirilməsi barədə müraciətlərinə baxılmışdır. Təqdim olunmuş layihə sənədləri əsasında həyətaltı avtodayanacağın tikintisi nəzərdə tutulmuş əraziyə tərəflərindən baxış keçirilmiş və həmin sahədə hazırkı vəziyyətdə tikinti altına yaşıllıqların düşdüyü müəyyən edilmişdir. Tərəflərindən yerində aparılan araşdırma zamanı planlaşdırılan həyətaltı avtodayanacağın ölçülərində və yerləşmə mövqelərində layihələndirmə tələbləri gözlənilməklə müvafiq dəyişiklik edildiyi təqdirdə həmin yaşıllıqların qorunub saxlanılması mümkünlüyü müəyyənləşdirilmişdir. Odur ki, müvafiq layihə dəyişkliyin edilməsi tövsiyə olunmuş, nəzərə alınması xahiş edilmişdir; -"xxxx" MMC-nin, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış 02 noyabr 2022-ci il tarixli 192 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 61 saylı binanın həyətində tikintisi planlaşdırılan yeraltı avtodayanacağın tikiləcəyi sahədə özbaşına bitən yabanı ağaclar (tut, qovaq, üzüm tingləri və s.) quru və qəzalı vəziyyətdə olduqları üçün 5 avqust 2019-cu il tarixdə əsən güclü külək nəticəsində yıxılmışlar, inşaat işlərinin aparılmasına maneəçilik törətdiyi üçün həmin ağaclar tərəflərindən tikinti meydançasından təmizlənmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yerin və vaxtın göstərilməli olduğuna dair İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinin tələbləri pozulmuşdur, belə ki, tərtib olunmuş 03 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda yalnız "xxxx" MMC tərəfindən, MMC-yə ayrılmış torpaq sahəsində yeraltı avtodayanacaq tikintisi nəzərdə tutulmuş ərazidə 2 mərtəbəli köhnə yaşayış binası ətrafında olan yaşıllıqların, ağacların tikintiyə maneə yaratdığı üçün qanunsuz götürüldüyü qeyd olunmuş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar, yəni inzibati xətanın törədildiyi yer və vaxt, eləcə də bu ağacların sayı, cinsi, növü, yaşı və s. barədə məlumatlar isə həmin protokolda öz əksini tapmamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş məsləhətçi-müfəttişin özü də etiraf etmişdir ki, ağacların kəsilmə tarixinin müəyyən edilməsi mümkün olmamışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükü həmin orqanın üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 61 saylı binanın həyətində tikintisi planlaşdırılan yeraltı avtodayanacağın tikiləcəyi sahədə özbaşına bitən yabanı ağaclar (tut, qovaq, üzüm tingləri və s.) quru və qəzalı vəziyyətdə olduqları üçün 05 avqust 2019-cu il tarixdə əsən güclü külək nəticəsində yıxılmışlar, inşaat işlərinin aparılmasına maneəçilik törətdiyi üçün həmin ağaclar "xxxx" MMC tərəfindən tikinti meydançasından təmizlənmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən inzibati xətanın törədildiyi yer və vaxt, qanunsuz götürüldüyü ehtimal edilən ağacların sayı, cinsi, növü, yaşı və s. barədə sübutlar, məlumatlar təqdim edilə bilmədiyi kimi, onların 05 avqust 2019cu il tarixdə əsən güclü külək nəticəsində yıxılmasından sonra deyil, 02 noyabr 2022-ci il tarixdə aktın tərtib edilməsi zamanı və ya daha yaxın müddətlərdə qanunsuz götürüldüyü barədə sübutlar, məlumatlar da təqdim edilməmişdir. Sübut qismində təqdim edilmiş peyk görüntüləri olduğu qeyd olunan fotogörüntülərə gəldikdə, onların əldə olunma, çəkilmə mənbəyi, hansı tarixdə çəkildiyi və sair sübutlar olmadığına görə mötəbər sübut qismində qəbul olunaraq qiymətləndirilə bilməz. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsinə əsasən İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulan meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və ya zədələnməsi, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsi və ya zədələnməsi, İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulan meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi (götürülməsinə) və ya məhv edilməsi ilə müşayiət olunan eyni inzibati xətaların şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsi, habelə qanunsuz kəsilməsi (götürülməsi) halında həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Sözügedən maddə İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin 25-ci Fəsli ilə müəyyən edilmiş “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta təbiətdən istifadə qaydaları əleyhinə olan inzibati xətalara aid olduğundan və 25-ci Fəsildə müəyyən edilmiş yalnız ətraf mühitin qorunması qaydaları əleyhinə olan inzibati xətalar törədildiyi gündən ən geci bir il keçənədək inzibati tənbeh verilməsi mümkün olan xətalara aid edildiyindən məhkəmə hesab edir ki, həmin xətaya görə inzibati tənbeh bu xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilərdi. Belə olan halda, məhkəmə hesab edir ki, digər sübutlar təqdim edilmədiyi və məhkəmə iclasında da bunun əksini təsdiq edən sübutlar müəyyən edilmədiyi üçün, inzibati xətanın törədilmə vaxtının 05 avqust 2019-cu il tarix olması müəyyən edilməli, belə xarakterli inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsinə dair qanunla müəyyən edilmiş müddət keçdiyindən isə, "xxxx" MMC inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən inzibati xətanın törədilmə vaxtı müəyyən edilməmişdir, iş üzrə 02 noyabr 2022ci il tarixdə akt tərtib edilsə də, bu, inzibati xətanın həmin tarixdə törədildiyini təsdiq edən sübut hesab oluna bilməz, həmçinin İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır, İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta isə uzanan inzibati xəta hesab olunmur. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi halda inzibati icraat başlandığından, xitam verilməli və "xxxx" MMC inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXMnin 253.3.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən, xitam verilsin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2655/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2655/2022
23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver