Məhkəmə qərarları › İş №3(007)-2663/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2663/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2663/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Nümayəndə Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X6 şikayət ərizəsini müdafiə edərək, bildirmişdir ki, 28 fevral 2024-cü il tarixdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Polis əməkdaşı tərəfindən ona zəng vurularaq Bakı şəhəri, Nizami rayonu ərazisində inzibati xəta törətdiyi, buna görə də Polis İdarəsinə yaxınlaşaraq videogörüntülərlə tanış olması bildirilmiş, lakin o işlədiyi üçün Polis İdarəsinə yaxınlaşa bilməmişdir. Bundan sonra polis əməkdaşı ona yenidən zəng vurmuş, o isə bildirmişdir ki, “işdən çıxa bilmir, cərimə yazılaraq sistemə yerləşdirilsin sonra özü baxar.” Sonradan ona məlum olmuşdur ki, inzibati xətanın 28 fevral 2024-cü il tarixdə törədilməsi qeyd olunsa da, qərarsız protokol 13 mart 2024-cü il tarixdə, qərar isə 28 mart 2024-cü il tarixdə elektron kabinetinə yerləşdirilmiş, törədilməsi ehtimal edilən xətaya dair foto və ya video materiallar isə ümumiyətlə elektron kabinetinə yerləşdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən isə inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi foto və ya video materiallar inzibati xətanın törədildiyi gündən bir gün müddətində nəqliyyat vasitəsinin istifadəçisi üçün elektron kabinetdə yerləşdirilməlidir. Buna görə də o, heç bir məsuliyyətə cəlb edilə bilməz. Onun barəsində qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Bu səbəbdən qeyd olunanları nəzərə alaraq Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, X6 Bakı şəhəri, Nizami rayonu ərazisində idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. X6 tərəfindən törədilmiş inzibati xəta Təhlükəsiz Şəhər kameraları vasitəsi ilə qeydə alınmış, operator həmin görüntüləri Bakı şəhər X11 İdarəsinin İnzibati Xətalar Haqqında İşlər üzrə icraat Şöbəsinə göndərmişdir. Bundan sonra həmin Şöbənin səlahiyyətli şəxsi X3 mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq videogörüntülərlə tanış olması üçün idarəyə yaxınlaşmasını bildirsə də, X2 İdarəsinə yaxınlaşmaqdan imtina etmişdir. Buna görə də X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib barəsində xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Təhlükəsiz Şəhər kameraları inzibati xətanın aşkarlanmasında xüsusi texniki vasitə hesab edilmədiyindən X6 tərəfindən törədilmiş inzibati xəta bilavasitə aşkar edilmiş hesab edilir. Əgər inzibati xəta xüsusi texniki vasitə ilə aşkar edilsəydi bu zaman dərhal elektron qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6cı maddəsinin tələbinə əsasən bir gün müddətində barəsində qərar qəbul edilmiş şəxsin elektron kabinetinə yerləşdirilir. Hazırda videogörüntülərə baxış keçirilən zaman X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi aşkar formada görünür. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 18:01-də idarə etdiyi “MERCEDES BENZ E430“ minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə iclasında təqdim edilmiş videogörüntülərə baxış keçirilən zaman X3 xx.xx.2024-cü il tarixdə, saat 18:01-də idarə etdiyi “MERCEDES BENZ E430“ minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar