Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2664/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsi tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 23 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır; 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır; 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Qeyd olunmalıdır ki, 25-ci polis şöbəsinin təhqiqatçısı Sadiq Həsənovun icraatında X1 DİN-nin 102 xidmətinə müraciəti əsasında toplanmış HK/1-788 nömrəli material olmuşdur. Həmin material üzrə "xxxx" ASC-də mühəndis işləyən X3 04 aprel 2024-cü il tarixdə ünvan 1 ünvanında içində işıq sayğacı, möhürlər və təmir alətləri olan çantanın oğurlanması barədə məlumat vermişdir. Həmçinin, o, 25-ci PŞ-də verdiyi izahatında həmin halı təsdiq etməklə yanaşı baş vermiş oğurluq hadisəsi nəticəsində ona 100 manat, "xxxx" ASC-yə 400 manat maddi ziyan dəymişdir. Təhqiqat orqanı da naməlum şəxsin törətdiyi oğurluq əməli nəticəsində X2 100 manat, "xxxx" ASC-yə 400 manat maddi ziyan vurulmasının müəyyən edilməsi, lakin bu ziyan az əhəmiyyətli olduğundan (500 manatadək) Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkib əlamətini yaratmaması qənaətinə gələrək, 14 aprel 2024-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsini qərara almış, oğurluğu törətmiş şəxsin müəyyən olunaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məsələsinin həlli üçün qərarı 25-ci polis şöbəsinin müvafiq şəxsinə həvalə etmişdir. Göründüyü kimi, maddi zərər yetirildiyi hesab olunan hüquqi şəxs "xxxx" ASC iş üzrə zərərçəkmiş qismində cəlb olunaraq səlahiyyətli nümayəndəsinin araşdırmada iştirakı təmin olunmamış, oğurlandığı ehtimal olunan əşyaların həqiqətən həmin hüquqi şəxsə məxsus olması, dəymiş ziyanın məbləği və digər bu kimi zəruri hallar araşdırılmamış, inzibati xəta nəticəsində dəymiş ziyanın həcmini göstərən, mötəbər hesab olunacaq sübut əldə edilməmişdir, ümumiyyətlə zərərçəkmiş hüquqi şəxsə münasibətdə inzibati xətalar qanunvericiliyinin tələblərinə əməl edilməmiş, hüquq və vəzifələrini həyata keçirməsinə şərait yaradılmamışdır. Bundan başqa, inzibati xəta haqqında protokolun özü də inzibati xətalar qanunvericiliyinin tələblərinə cavab vermir, natamam tərtib edilmişdir, inzibati xətanın törədildiyi vaxt və yer, həmin xətanın düzgün mahiyyəti, dəymiş zərərin məbləği, zərərçəkmiş şəxslər barədə məlumatlar və digər bu kimi zəruri məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli Qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin Qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı göstərilən qaydada inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 23 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2664/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2664/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver