Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2665/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 348-ci maddəsi tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış materialla birlikdə baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 20A, mənzil 51 olan Şəxs MMC tərəfindən avtomobil nəqliyyatı ilə təhlükəli yüklərin daşınması qaydaları pozulmuşdur. Bununla da, protokol tərtib etmiş orqanın mövqeyinə görə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 348-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru X4 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, MMC tərəfindən həm ərazi üzrə, həm də saat üzrə təhlükəli yüklərin daşınması qaydaları pozulmuşdur. Bütün bunları nəzərə alaraq hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X3 çıxış edərək bildirdi ki, hadisə baş verən zaman nəqliyyat vasitəsi boş olmuş, hər hansı təhlükəli yük olmamışdır. Həmçinin bildirdi ki, yol bağlı olduğu üçün Rüstəm Rüstəmov küçəsinə dönə bilməmiş, Özbəkistan küçəsinə dönmək məcburiyyətində qalmışdır. Tələsdiyi üçünsə həmin günü nəzərdə tutulan vaxtdan daha tez hərəkətə başlamışdır. Protokol əsassız və natamam tərtib olunmuş, protokolda hansı təhlükəli yüklərin daşınması qeyd olunmamışdır. Bütün bunları nəzərə alaraq hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə toplanmış inzibati materialı araşdıraraq hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, tərtib olunmuş protokolda MMC tərəfindən hansı təhlükəli yüklərin daşınması və konkret hansı qaydaların pozulması qeyd olunmamış, inzibati materiala təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına dair sübutlar və izahatlar əlavə olunmamış və məhkəməyə göndərilməmişdir. Həmçinin protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə təqdim olunması öz əksini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Bununla da protokolda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması və yenidən araşdırma aparılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Bakı şəhəri Nizami rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2665/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2665/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver