Məhkəmə qərarları › İş №3(007)-268/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-268/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-268/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Şəxs, 03.10.2021-ci il tarixdə saat 09:28-də “OKA” minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Tərtər-Hindarx yolunun 67.5-ci km-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 10 manat məbləğində cərimə olunmuş, lakin cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Bu səbəbdən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən 22.01.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, “OKA” minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında satmış və həmin nəqliyyat vasitəsini 03.10.2021-ci il tarixdə saat 09:28-də Tərtər-Hindarx yolunda idarə etməmiş və inzibati xəta törətməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, naməlum səbəbdən gəlməmiş Bakı şəhəri Nizami RPİ-nin nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə, Şəxs izahatını dinləyib, inzibati xəta haqqında protokolu və materiala əlavə edilmiş sənədləri araşdıraraq qeyd edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə zamanı “OKA” minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilin 03.10.2021-ci il tarixdə saat 09:28-də Tərtər-Hindarx yolunda Şəxs tərəfindən idarə olunması müəyyən edilməmişdir. İnzibati işə əlavə olunmuş və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs ünvanlanmış məktublardan görünür ki, Şəxs mülkiyyətində olan “OKA” minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında satması, etibarnamənin qüvvədə olduğu müddətin bitməsinə baxmayaraq, həmin şəxs tərəfindən qanunsuz olaraq idarə edilməsi və onun tərəfindən törədilən inzibati xətalara görə əsassız olaraq Şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərarların çıxarılması ilə bağlı sonuncunun müraciətinə baxılmış və müraciətin müsbət həlli istiqamətində müvafiq tədbirlərin görülərək nəticəsi barədə məlumat veriləcəyi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla, Qanunvericilik inzibati xəta törətmiş şəxsin təqsirli olmasının sübut olunması vəzifəsini inzibati orqanın üzərinə qoymuş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, qeyd olunan xüsusatlara və qanunvericiliyin tələbinə əsasən, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 22.01.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 22.01.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar