Məhkəmə qərarları › İş №3(007)-2685/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2685/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2685/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə rəisi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Füzuli rayonunun Şəkərcik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonunun Şəkərcik kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 130, mənzil 65-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 23 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 23 may 2024-cü il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, “Xəmsə” duracağının qarşısında xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə rəisi X10 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 23 may 2024-cü il tarixdə saat 23:30 radələrində dostu Azər Tarverdiyev özünə məxsus avtomobillə onu yaşadığı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsinə aparan zaman “Nazlı” şadlıq sarayının yaxınlığında yol polisi əməkdaşları “saxla” əmri vermişlər. Azər avtomobili saxlamış və 375 nömrəli ekipajın Şamxal adlı əməkdaşı Azəri xidməti avtomobilə dəvət etmişdir. Şamxal Azərdən spirtli içki içib-içmədiyini soruşmuş, Azər isə günorta radələrində bir bakal pivə içdiyini demişdir. Həmin vaxt Şamxal və Elnur adlı yol polisi əməkdaşları Azərə məxsus avtomobili heç bir akt tərtib etmədən cərimə meydançasına aparmışlar. Hansı ki, Şamxal daha əvvəl bunu etməyəcəyini bildirmişdir. Həmin vaxt o, bunun qanunsuz olduğunu, Azərin tibb məntəqəsində müayinədən keçirilməli olduğunu demişdir. Onun bu sözü yol polislərində narazılıq yaratmış, lakin yenə Azəri tibbi müayinəyə aparmamışlar. O, təkidlə tibbi müayinənin keçirilməsini tələb etmiş, bununla bağlı aralarında sözlü mübahisə yaranmış, həmin vaxt Şamxal adlı polis əməkdaşı polisə yaraşmayan hərəkətlərlə kobudcasına etiraz etmişdir. Şamxal qışqıra-qışqıra üstlərinə gələrək onları itələmişdir, bu hərəkətinə görə o, Şamxala “şərəfsizlik edirsən” demişdir. Şamxal isə ona “şərəfsiz nəslindir” demişdir. Bundan sonra yol polisi əməkdaşları post-patrul xidməti əməkdaşlarını çağırmışlar və onları 23-cü polis bölməsinə aparmışlar. Həmin gün günorta saat 13:00 radələrində o, bir bakal pivə içmişdir. Özü Nizami rayon prokurorluğunda müstəntiq olmuşdur. Yol polislərinə demişdir ki, o da əməkdaş olmuşdur, uşağı həkimə aparmalıdır, xəstədir. Həmçinin içkili olub-olmamanı müəyyən etmək üçün tibbi müayinədən keçilməlidir. Bundan sonra onları narkolojiyə aparmışlar, heç nə çıxmamışdır. O, heç vaxt polisin ünvanına nalayiq ifadələr işlətməmişdir, atası da polis əməkdaşı olub. Həmin vaxt sadəcə demişdir ki, “bu şərəfsizliyi etməyin”, Şamxal isə demişdir ki, “şərəfsiz sənin nəslindi”. Onun uşağı autizm xəstəsidir, özü qəza keçirmişdir, gözləri yaxşı görmür. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX inspektoru X1 izahatında göstərmişdir ki, 23 may 2024-cü il tarixdə xidmət yoldaşı Şamxal Bağırovla birlikdə avtopatrulda xidmətdə olmuşlar. Saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində, “Nazlı” şadlıq sarayının yaxınlığında **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili, sürücünün sükan arxasında mobil telefondan istifadə etməsinə görə saxlamışlar. Sürücüyə yaxınlaşıb özlərini təqdim edərək qayda pozuntusunu izah etdikdə sürücdən kəskin içki qoxusu gəldiyini hiss etmişlər. Alkotestrlə müayinə zamanı bu, öz təsdiqini tapmışdır. Buna görə nəqliyyat vasitəsini “Xəmsə” duracağına təmin etmişlər. Lakin duracağın qarşısında sürücünün yanında olan şəxs, şəxsiyyəti sonradan onlara məlum olan X8 özünü prokurorluq əməkdaşı kimi təqdim edərək maşının buraxılmasını xahiş etmişdir. Lakin maşının buraxılmadığını gördükdə onları qapısında süründürəcəyini deyib polis əməkdaşı kimi onların ünvanına şərəf və ləyaqətlərini təhqir edən ifadələr işlətmiş, “şərəfsiz” demişdir. Dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq həmin şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək onları təhqir etməyə davam etmişdir. Həmin şəxs ictimai qaydanı pozub xırda xuliqanlıq hərəkətlərinə yol verdiyinə görə post-patrul xidməti əməkdaşlarını dəvət etməklə onu ərazi üzrə 23-cü polis bölməsinə aparıb təhvil vermiş və raport yazaraq barəsində müvafiq tədbir görülməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, yol polisi onu telefonla danışdığına görə saxlamış, sonra spirtli içki içib-içmədiyini soruşmuş, o da günorta saatlarında bir bakal pivə içdiyini bildirmişdir. Şamxal adlı yol polisi onu tibbi müayinəyə aparmadan avtomobilini duracağa apardığına görə onun yanında olan dostu Şahin həmin Şamxal adlı şəxsə irad bildirmiş, buna görə mübahisələri yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş Şəxs və şahid X2 izahatlarında göstərilənlərə münasibətdə qeyd edir ki, həmin dəlillər məhkəmə tədqiqi zamanı toplanaraq tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, ona görə nəzərə alınmır, işin icraatını istisna edən, icraata xitam verilməsinə əsas verən hallar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməli olduğundan məhkəmə hesab edir ki, o, dərhal tutmadan azad edilməlidir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar