Məhkəmə qərarları › İş №3(007)-2687/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2687/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2687/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti X4 İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 15 noyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən 14 noyabr 2022-ci il tarixində Daşkəsən rayonu, Çovdar kəndində Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan Türkiyə Respublikasının vətəndaşı Karapolat Azat qaynaqçı vəzifəsinə işə cəlb edilmişdir. 14 dekabr 2022-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi X7 elektron kabinet vasitəsilə yazılı etiraz verərək göstərmişdir ki, məhkəmənin icraatında olan Dövlət Miqrasiya Xidmətinin (bundan sonra “Səlahiyyətli orqan”) X4 İdarəsinin əməkdaşı tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra “MAQRO”) barəsində tərtib olunaraq, məhkəməyə göndərilən inzibati xəta haqqında protokola baxılmasına dair 3(007)-2687/2022 saylı iş üzrə bildirmək istəyirlər ki, səlahiyyətli orqanın MAQRO-ya qarşı iddiaları aşağıda göstərilən səbəblərdən əsassızdır: 1-ci pozuntu: Şəxs MMC-nin AR-dakı Filialının səlahiyyətli nümayəndəsinə inzibati xəta haqqında protokolla tanış olması üçün müvafiq şərait yaradılmamış, izahatı alınmamış, protokol onun tərəfindən imzalanmamışdır. Şəxs MMC-nin AR-dakı Filialının Əsasnaməsinə və reyestrdən çıxarışa əsasən onun direktoru (qanunu təmsilçisi) Emrah Uçardır. İnzibati xəta barədə protokol tərtib edildiyi zaman Emrah Ucar həmin ərazidə olmasa belə, MAQRO-nun əsas iş yeri üzrə işçisi olan və müvafiq qaydada, yəni etibarnamə vasitəsilə səlahiyyətləndirilmiş nümayəndəsinin, İXM-nin 100.4-cü maddəsində tənzimləndiyi kimi, protokolla tanış olmasına və protokolu imzalamasına, bundan imtina etdikdə isə bu barədə protokola müəyyən qeydlərini etməsinə, törədildiyi iddia edilən inzibati xətaya dair öz mülahizələrinin əks olunduğu izahatını verməyə şərait yaradılmalı idi. Göründüyü kimi, tərtib edilmiş protokolda Emrah Uçarın ərazidə olmadığı əsas gətirərək protokolu imzalamadığı qeyd edilmiş, MAQRO-nun işçisi olan Şahlar Heydərzadə protokolda şahid qismində göstərilmişdir, lakin MAQRO-nun səlahiyyətli nümayəndəsi hesab ediləcək heç kimdən törədildiyi iddia olunan inzibati xətaya dair izahat alınmamış, bununla bağlı hər hansı tədbir görülməmişdir. Halbuki, protokol tərtib olunan zaman hüquqi şəxsin müvafiq qaydada səlahiyyətləndirilmiş nümayəndəsinin ərazidə olmaması onun protokolla tanış olmaması üçün əsas hesab edilə bilməz, hər bir halda səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi izahatının alınması, protokolla tanışlıq, onun imzalanması və ya onda müvafiq qeydlərini aparması üçün üçün müvafiq qaydada çağırılmalı idi. Halbuki, qeyd edilən prosessual hərəkətin keçirilməsində iştirak və ya protokolla tanışlıqla bağlı Şəxs MMC-nin AR Filialına İXM-nin 60.1-ci maddəsində göstərilən formada hər hansı bildiriş daxil olmamışdır, qarşı tərəfin də belə bir bildirişin göndərilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməsi mümkünsüzdür. 2-ci pozuntu: Tərcüməçi cəlb edilməmişdir. İnzibati xəta haqqında protokolda şahid qismində qeyd olunan Karapolat Azatın ifadəsi alınarkən, şəxsin ana dilinin türk dili olmasına, yazılı ifadəsinin anlaşılmazlığından da aydın şəkildə göründüyü kimi, Azərbaycan dilini qavrama, onda danışma və yazma bacarıqlarının olduqca zəif olmasına baxmayaraq, protokolu tərtib edən səlahiyyətli şəxs müvafiq prosessual hərəkətin aparılması üçün tərcüməçi cəlb etməmişdir. Təkzibolunmaz faktdır ki, Azərbaycan və Türk dilinin məişət səviyyəsində işlədilən sözlərində müəyyən oxşarlıqlar olsa da, müxtəlif elm sahələrində, eləcə də hüquqi terminləri tamamilə fərqlidir. Ona görə də, ana dili türk dili olan bu şəxsin, terminlərlə zəngin hüquq dilini anlaması, ən sadə dillə qeyd etsək. İXM-nin 578-ci maddəsinin mətnində nəzərdə tutulan ifadələri başa düşməsi mümkün ola bilməzdi. Qısacası, şəxsin Azərbaycan dili üzrə bilik səviyyəsi məsuliyyət yaradan halların mahiyyətini anlayacaq səviyyədə olmamasına baxmayaraq, səlahiyyətli orqan tərəfindən tərcüməçinin cəlb edilməməsi şahidin İXM-nin 67.3-cü maddəsilə nəzərdə tutulmuş hüququnun təmin edilməməsinə gətirib çıxaran ciddi prosessual pozuntudur. Ona görə ki, hazırki işdə Karapolat Azatın ifadəsi səlahiyyətli orqan tərəfindən iş üzrə əsas sübutedici fakt kimi işin materiallarına əlavə edilmişdir, lakin, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Hesab edir ki, Azərbaycan dilini ona izah edildiyi zaman öz hüquq və vəzifələrinin nədən ibarət olduğunu dərk edəcək, İXM-nin 578-ci maddəsinin dispozisiyası, hansı məsuliyyətə səbəb olduğu, həmçinin nə ilə bağlı ifadə verdiyi barədə aydın fikrə malik olacaq dərəcədə bilmədiyi halda, səlahiyyətli orqan tərəfindən tərcüməçi cəlb edilmədiyi üçün həmin şahid ifadəsi mötəbər sübut hesab edilərək MAQRO-ya inzibati cərimənin tətbiq olunması barədə məhkəmə qərarının çıxarılması üçün əsas təşkil edə bilməz. Qeyd edildiyi kimi, MN ******* nömrəli protokolun tərtib edilməsində İXM-nin 100-cü maddəsində təsbit olunmuş bir sıra prosessual normalar pozulduğuna görə, İXM-nin 76-ci maddəsinə əsasən, sübut qismində qəbul edilə bilməz. Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında icraatın aparılması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin, bu halda MAQRO-nun bir sıra prosessual hüquqlarının pozulması ilə müşayiət edilmişdir, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halların aydınlaşdırılmasında qüsurlara yol verilmişdir. Digər tərəfdən, əgər fərz eləsək ki, inzibati xəta haqqında protokolun tərtib edilməsi və inzibati icraatın aparılması zamanı heç bir prosessual hüquq pozuntusuna yol verilməyib, yenə də MAQRO tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 578.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yaranmasına əsas verən hərəkət edilməmişdir. Yəni, MAQRO İXM-nin bu maddəsi ilə müəyyənləşdirilən inzibati xəta tərkibinin subyekti ola bilməz. Belə ki, ilk növbədə, məhkəməyə təqdim edilən sənədlərdən də göründüyü kimi, Şəxs MMC-nin AR-dakı Filialı və “X8 ve Ticaret Limited Şirketi” (“AHED”) arasında xx.xx.2022-ci il tarixli № G-SM-021/22 nömrəli “Material Təchizi üzrə” Müqavilə mövcuddur və Karapolat Azat məhz həmin müqavilə üzrə AHED-in yerinə yetirilməsi öhdəlikləri çərçivəsində Azərbaycan Respublikasına ezam edilmişdir. Ezamiyyə əmrlərindən də göründüyü kimi, həmin şəxs AHED-in işçisi olmuş, MAQRO ilə əmək münasibətinin olmasına əsas verən hər hansı hüquqi bağlığı mövcud olmamışdır. Buna təsdiq edən hal kimi qeyd edə bilər ki, MAQRO tərəfindən birbaşa Karapolat Azatın özünə göstərmiş olduğu xidmətlərin qarşılığı kimi heç vaxt hər hansı ödəniş edilməmiş, xidmətin nəticələrinə və keyfiyyətinə üçün MAQRO qarşısında deyil, AHED qarşısında məsuliyyət daşımışdır. MAQRO-nun digər işçiləri kimi Karapolat Azat işlərin görüldüyü sahədə müəyyənləşdirilmiş qrafikə uyğun şəkildə və vaxtlarda əmək fəaliyyəti ilə məşğul olmamış, MAQRO-nun əməyin nizama salınması ilə bağlı daxili qaydalarının subyekti olmamış, onlara riayət etməklə bağlı hər hansı öhdəlik daşımamışdır. Bu da onu göstərir ki, MAQRO və Karapolat Azat arasında qəti bir şəkildə işçi-işəgötürən münasibəti olmamışdır. Həmin şəxsin Azərbaycan Respublikasında olması sadəcə olaraq AHED-in MAQRO ilə müqavilədən doğan öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar olmuşdur. AHED qeyrirezident şirkət olduğu üçün onun Azərbaycana göndərdiyi işçiləri burada il ərzində işlərin görülməsi ilə bağlı üst-üstə 90 gündən çox qalırlarsa, həmin şirkət Azərbaycan Respublikasındada Filial və ya daimi nümayəndəlik yaratmalı və müxtəlif müqavilələr üzrə rezident şirkətlərin qarşısında götürdüyü öhdəliklərinin icrası ilə əlaqədar ölkəyə gələn işçilər üçün iş icazəsinə müraciət etməli idi. X1 əsasən, (Vergi Məcəlləsinin 19-cu maddəsi) AR ərazisində istənilən 12 ay ərzində 90 gündən çox öz işçiləri vasitəsilə xidmət göstərən qeyri-rezident AR-da öz filialını və ya daimi nümayəndiliyini müvafiq dövlət orqanında qeydiyyatdan keçirmək üçün müraciət etməlidir. Hər hansı qeyri-rezidentin işçiləri istənilən 12 ay ərzində üst-üstə 90 gündən çox müddətdə AR ərazisinə ezamiyyə edilirlər, lakin vergi orqanlarında Filial kimi qeydiyyatdan keçmirlərsə bu artıq vergidən yayınma halı olaraq qiymətləndirilir. Göründüyü kimi, Azərbaycan Respublikasında Filialın yaradılmaması sadəcə vergi qanunvericiliyinin yox, işçilər üçün iş icazəsi ilə bağlı müraciət edilməməsi səbəbilə Miqrasiya qanunvericiliyinin pozulmasına da gətirib çıxarır. Beləliklə, əgər Azərbaycana onunla olan müqaviləyə əsasən göndərdiyi işçilərinin burda qalma müddəti 90 günü keçəcəkdirsə, AHED ilk növbədə Filialını Azərbaycan Respublikasının müvafiq dövlət orqanında qeydiyyatdan keçirməli, daha sonra isə gətirdiyi işçilər üçün iş icazəsinə müraciət etməli idi. Qeyd edir ki, Karapolat Azat, Azərbaycan Respublikasında olma, yaşama qaydalarını pozduğuna görə İXM-nin 575.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin qanunu pozaraq Azərbaycan Respublikasında daimi nümayəndəlik qeydiyyatdan keçirmədiyinə görə faktiki olaraq, hal-hazırda AHED-in özünü inzibati məsuliyyətə cəlb edə bilmədiyi üçün, Dövlət Miqrasiya Xidmətinin İXM-nin 578.1-ci maddəsinə görə məsuliyyəti MAQRO-nun üzərinə yükləməsi inzibati məsuliyyətin əsasları və inzibati xətalar qanunvericiliyinin əsas prinsipləri ilə bir araya sığmır. Nəticə olaraq, Karapolat Azata münasibətdə MAQRO işəgötürən qismində çıxış etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 578-ci maddəsi ilə inzibati xəta tərkibi MAQRO-a münasibətdə yaranmamışdır. Yuxarıda göstərilənləri və İXM-nin 53 və 114-cü maddələrini əsas götürərək, Şəxs MMC-nin AR-dakı Filialı barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi X7 inzibati protokolda göstərilən xüsusatları inkar edərək, etirazın dəlillərini müdafiə etdi və etirazda göstərilənlərlə eyni məzmunlu izahat verib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: - U26240750 nömrəli xarici pasportun surətindən görünür ki, X6 Respublikasının vətəndaşıdır. - 14 noyabr 2022-ci il tarixli izahatında Karapolat Azat bildirmişdir ki, o, Azərbaycan dilini bilir, tərcüməçinin xidmətinə ehtiyacı yoxdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən indiki tarix olan xx.xx.2022-ci il tarixədək 2022-ci ildə toplam 130 gündən artıq Türkiyənin “AHED Pilastik Ticari Şirkəti”nin Azərbaycanın Daşkəsən rayonun fəaliyyət göstərən Şəxs MMCnin Azərbaycan Respublikasındakı filialında montaj işini görmüşdür. İş saatı 09-dan 18-ə qədərdir. 16000 TL əmək haqqını Türkiyədəki AHED-dən alır. Azərbaycan dilini bildiyi üçün tərcüməçi tələb etmir, ifadəsini öz sözləri ilə yazmışdır və doğruluğunu imzası ilə təsdiq edir. - Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının mühasibi X2 14 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verdiyi izahatında göstərmişdir ki, o, Daşkəsən rayonu, Çovdar qəsəbəsində fəaliyyət göstərən Şəxs MMCnin Azərbaycan Respublikasındakı filialında mühasib vəzifəsində işləyir. Türkiyə Respublikası vətəndaşı Karapolat Azat 2022-ci il tarixində- xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək və xx.xx.2022-ci il tarixdək hal-hazıradək Türkiyənin AHED Plastik Sənayesi və Ticarət Şirkətindən onun işlədiyi MMC-yə satmış olduğu membranların onların MMC-dəki montaj işi ilə bağlı ezam olunub, 2022-ci ildə ümumi iş günlərinin sayı 130 gündən artıq olmuş və MMC-də montaj işinə cəlb edilmişdir. MMC-də iş saatı səhər saat 09:00-dan axşam saat 18:00-dəkdir. MMC-də gördüyü işlərlə əlaqədar Karapolat Azata 16000 Türk lirəsi Türkiyədəki AHED plastik sanayi və ticarət şirkəti tərəfindən ödənilir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı xəta haqqında protokolu ilə ilə Karapolat Azat barəsində İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 51.2-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 51.3-cü maddəsinə görə iş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 63.2 ci maddəsinə görə hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. Məhkəmə iclasında müəyyən edildi ki, işəgötürən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan Türkiyə Respublikasının vətəndaşı Karapolat Azat qaynaqçı vəzifəsinə işə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 38.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının törətdiyi inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-50, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 15.000 (on beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar