Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2692/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ev 49, mənzil 106-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 24 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 24 may 2024-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin inzibati binasında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 24 may 2024-cü il tarixdə saat 11:00 radələrində o, avtomobili ilə Heydər Əliyev prospektində “Koroğlu” istiqamətində hərəkət etdiyi vaxt yol polisi əməkdaşı onu saxlatmış, kənara çəkməsini demişdir. Saxlanılmasının səbəbini manevr qaydasını pozması ilə izah etmişdir. Sonra ona yol polis şöbəsinə getməsini demiş, o da sürüb Nizami rayon yol polis şöbəsinə getmişdir. Orada ona demişlər ki, ***-**** manata qədər cərimə oluna bilər. O, qayda pozmuşdursa, protokol tərtib etmələrini, cəriməsini ödəyəcəyini demişdir. Həmçinin, qayda pozuntusunun görüntüsünü təqdim etmələrini tələb etmiş, lakin ona görüntü təqdim edilməmişdir. Orada Hüseyn adlı polis zabiti ondan 3000 manat pul istəmişdir. Həmin polis zabiti onu yerə yıxmış, təpikləmişdir. Buna görə demişdir ki, o, müharibədə iştirak etmiş, xəsarət almışdır. “Rəis” dedikləri şəxs içəri girən kimi iki yumruğu ilə onu vurmuş, yerə yıxılmışdır. Onda demişdir ki, “sən düz etmədin, mən yarımcanam”. O, qəti söyüş söyməmişdir. Aqressiv danışmış ola bilər, amma söyüş söyməmiş, tabesizlik göstərməmişdir. Post-patrul xidməti əməkdaşlarını yol polis şöbəsinə niyə çağırdıqlarını bilmir, amma zabit şərəfinə and içir ki, yol polisləri ondan pul istəmişlər, o, pul verməmiş, ona görə protokol tərtib etmişlər. Qeyd etdiklərini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin YPX inspektoru X5 izahatında göstərmişdir ki, 24 may 2024-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində xidməti avtopatrulda xidmət aparan zaman “Hyundai Elantra” markalı **-OZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin manevr qaydalarını kobud pozmasını müşahidə edərək saxlamış, müvafiq sənədləşmə üçün sürücünü Nizami rayon dövlət yol polis şöbəsinə dəvət etmişdir. Yol polis şöbəsinin inzibati binasında olan vaxt adı sonradan məlum olan Şəxs aqressivlik etmiş, heç bir əsas olmadığı halda ucadan nalayiq küçə söyüşlərindən istifadə etməyə başlamışdır. Həmin şəxsə inzibati binada olduğunu xatırladılaraq nizam-intizama əməl etməsi tələb olunmuş, lakin Şəxs onların qanuni tələblərinə məhəl qoymamışdır. Belə olan halda post-patrul xidməti bölüyünün əməkdaşlarını dəvət etmişlər. Həmin əməkdaşların gəlib onu nizam-intizama dəvət etmələrinə, sakitləşdirməyə cəhd etmələrinə baxmayaraq Şəxs sakitləşməyib öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Ona görə onu ərazi üzrə 25-ci polis şöbəsinə aparıb təhvil vermiş, raport yazmaqla barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru X7, şahid V.A.Hüseynovla eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs qazi adından istifadə edərək etdiyi qanun pozuntularına haqq qazandırmaq istəmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Şəxs, onun polis əməkdaşlarının tələblərinə əməl etməsi, onlara qarşı hər hansı hərəkətə yol verməməsi barədə irəli sürdüyü dəlillər məhkəmədə toplanaraq tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, onun izahatında göstərilən digər məsələlərin araşdırılaraq hüquqi qiymət verilməsi isə hazırkı icraatın predmeti deyildir, o, polis əməkdaşlarının ona qarşı yol verdikləri, neqativ hesab etdiyi hallarla bağlı tabelik qaydasında səlahiyyətli orqana və aidiyyəti prokurorluq orqanına müraciət edə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs Vətən müharibəsinin iştirakçısı, müharibə veteranı, ikinci qrup əlil olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı inzibati qaydada tutulmamışdır. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2692/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2692/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver