Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2693/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, 25 avqust 1994-cü il tarixdə Naxçıvan MR, Şərur rayonu, Şəhid Məmməd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi ev 4A, mənzil 9-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3 və 511.1.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 24 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 20 aprel 2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “Hyundai Azera” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə aşkar surətdə “Chevrolet Cruze” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə sürət yarışı həyata keçirməklə avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol vermiş, bu zaman idarəetməni itirərək Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən avtomobil təmir sexinə toqquşaraq orada olan və X1 məxsus “Opel Astra” markalı GEO-UP026PU dövlət qeydiyyat nişanlı avtomobillə, daha sonra X7 məxsus “Euromax” markalı moyka aparatına və 3 daşlı kiçik hasara dəyərək toqquşmuş, nəticədə X3 və X7 maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inspektoru X5 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 20 aprel 2024-cü il tarixdə saat 05 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Azera” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Çobanzadə küçəsinin köməkçi yolu ilə üzü Çobanzadə küçəsinin əsas yol istiqamətində təxminən saat 50-60 km/saat sürətlə hərəkət etmişdir. Yolun döngəsində avtomobili döndərmək istədiyi anda yuxulayaraq birdən-birə idarə etməni itirmiş, avtomobilin ön hissəsi ilə orada yerləşən maneəyə toqquşmuşdur. Sonradan nə baş verdiyi yadında qalmamış, yalnız avtomobildən düşən zaman ona məlum olmuşdur ki, həmin maneəyə toqquşması nəticəsində idarə etdiyi avtomobillə orada yerləşən avtomobil təmiri sexinin hasarının üzərindən aşağı düşərək həmin yerdə dayanmış vəziyyətdə olan avtomobilin üstünə düşmüşdür. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan “Xalq Sığorta” tərəfindən ödənilmişdir. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxılması üçün nəzərdə tutulan müddəti və işin faktiki hallarını nəzərə alaraq, zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, zərərçəkmiş şəxslərin təhqiqat zamanı verdikləri izahatları məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, 20 aprel 2024-cü il tarixdə saat 05 radələrində ona zəng edilərək, ona məxsus olan və həmin ayın əvvəlindən Çobanzadə küçəsində yerləşən avtomobil sexində dayanmış vəziyyətdə olan “Opel Astra” markalı GEO-P026PU dövlət qeydiyyat nişanlı avtomobilə digər avtomobilin toqquşmağı barədə məlumat verilmişdir. Hadisə yerinə getdikdən sonra ona məlum olmuşdur ki, digər avtomobil onun avtomobilinə toqquşmuşdur. Vurulmamışdan əvvəl avtomobildə heç bir nasazlıq olmamış, sadəcə olaraq o, avtomobilin disklərini boyalamaq üçün ora qoymuşdur. Zərərçəkmiş şəxs X9 izahatında göstərmişdir ki, təxminən 2021-ci ildən o, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 379 kv/m əsas hissəsi, 265.1. kv/m yardımçı hissəsi, 114.8 kv/m olan qeyri-yaşayış sahəsini avtotəmir sexi kimi işlədir. 20 aprel 2024-cü tarixdə saat təxminən 05 radələrində işçilərindən biri zəng edərək məlumat vermişdir ki, sexin içindəki ona məxsus olan və 2022-ci ilin dekabr aylarında 3200 manata aldığım “Euromax” markalı “moyka” aparatı, onun “butka”sı və 10 daşdan ibarət olan kiçik hasar Çobanzadə küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir. Bu sözdən sonra o, hadisə yerinə yaxınlaşmış və müəyyən etmişdir ki, tanımadığı şəxs “Hyundai” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə etməni itirərək onun qeyd etdiyi obyektinə girmişdir. Hadisə nəticəsində ona dəyən maddi ziyanı tam dəqiqliyi ilə deyə bilmir, lakin onu deyə bilər ki, “moyka” aparatı yararsız vəziyyətə düşməsə də təmirə ehtiyyacı vardır. Əlavə olaraq “moykanın budkası” və 10 daşlıq hasar dağılmışdır. Materiala əlavə edilən CD diskdəki videogörüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış zamanı inzibati xəta haqqında protokolda və protokolu tərtib etmiş YPX inspektorunun izahatında göstərilənlərin qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 20 aprel 2024-cü il tarixli 2/749 nömrəli aktdan görünür ki, Şəxs həmin tarixdə saat 05:35-də tibbi müayinəsi zamanı onda alkoqol sərxoşluğu aşkar edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3 və 511.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.3 və 511.1.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 511.1.1-ci maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə, aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3 və 511.1.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 333.3-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını, Şəxs oğlunun şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir, eləcə də onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla əmək haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3 və 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 333.3-cü maddəsi ilə, barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2693/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2693/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver