Məhkəmə qərarları › İş №3(007)-2697/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2697/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2697/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Naxçıvan MR, Culfa rayonu, Camaldın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan MR, Culfa rayonu, Camaldın kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi ev 2, mənzil 289-da yaşayan, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 17 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs vəzifəli şəxsi, direktoru olduğu "xxxx" MMC-nin borclu olduğu və bir icraatda birləşdirilmiş - "xxxx" MMC-nin 10557 ABŞ dolları məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 3(007)- 2319/2023 nömrəli və 1209,28 ABŞ dolları məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 3(007)-5953/2023 nömrəli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, icra sənədlərinin icrası ilə bağlı məcburi icra tədbirləri görülmüşdür, hazırda da bu tədbirlər davam etdirilir. Müvafiq banklardan alınmış rəsmi məlumatlarla müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin bank hesablarında pul vəsaitləri yoxdur, lakin pul vəsaitləri daxil olduğu halda tutulmalar aparılacaqdır. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra sənədlərinin mahiyyəti ona aydındır, amma hazırkı halda rəhbəri olduğu "xxxx" MMC-nin real fəaliyyəti yoxdur, icra məmurunun qeyd etdiyi kimi, bank hesablarının üzərinə həbs qoyulmuşdur, borc məbləğləri MMC-nin gəlirlərindən tutulmalı, MMC-yə məxsus əmlaka yönəldilməlidir. Belə real gəlir, vəsait və əmlaklar isə yoxdur. Buna baxmayaraq, müvafiq işlər üzərində işləyirlər, həmin işlər alındıqca ödənişlər ediləcəkdir. Məhkəmə qərarlarına hörmətlə yanaşırlar, onların icrasından qərəzli yayınmaq niyyətləri yoxdur. Qeyd etdiklərini nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 3(007)-2319/2023 nömrəli və 07 dekabr 2023-cü il tarixli 3(007)-5953/2023 nömrəli icra sənədlərinin icrası ilə bağlı məcburi icra tədbirləri həyata keçirilmişdir, bu zaman borclu "xxxx" MMC-nin hesabında olan xarici valyuta ilə pul vəsaitləri üzərinə həbs qoyulmuş, icra sənədində nəzərdə tutulmuş həcmdə satışı banka həvalə edilmiş, inkasso sərəncamları verilmişdir. Lakin banklardan əldə edilmiş rəsmi məlumatlarla, "xxxx" MMC-nin hesabında vəsaitin olmaması, bu səbəbdən icra sənədləri üzrə tutulmaların aparılmasının mümkün olmaması müəyyən edilmişdir. Bank hesablarından silinmə əməliyyatlarının aparılması üçün verilmiş inkasso sərəncamları icra mərhələsindədir, hesablara pul vəsaiti daxil olduğu halda silinmələr həyata keçiriləcəkdir. Eyni zamanda, borclunun adına digər əmlaklar müəyyən edilməmişdir. Göründüyü kimi, borclu "xxxx" MMC-nin bank hesablarında icra sənədlərini icra etmək üçün vəsait mövcud deyil, adına digər əmlaklar müəyyən edilməmişdir, belə olan halda, borclu Şəxs vəzifəli şəxs olaraq məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini, öhdəliklərini qərəzli olaraq yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi ilə bağlı hüquqi nəticəyə gəlinməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə həmin şəxsin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar