Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-27/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 07 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 07 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 07.12.2021-ci il tarixdə Nizami rayonu, R.Riistəmov küçəsində yerləşən çayxanada saat təxminən 00:05 dəqiqələrində Nizami RPİ-nin 25-ci polis bölməsinin əməkdaşları daxil olaraq çayxananın fəaliyyətdə olmasını əsas gətirərək barəsində MN seriyalı ******* nömrəli 07.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişlər. O, həmin protokolda çayxananın saat 00:04-dək fəaliyyət göstərdiyini qeyd etmişdir. Həmin protokol əsasında Nizami RPİ-nin 25-ci polis bölməsinin rəisi Turab Paşayev MN seriyalı ******* nömrəli 07.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə barəsində 4000 manat məbləğində inzibati cərimə tənbehi tətbiq etmişdir. Səlahiyyətli orqan tərəfindən barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarla razı deyil. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində fiziki şəxslər hüquqi şəxslərlə eyni hüquqlara malikdirlər. Fərdi sahibkarlıq-hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə yaratdıqları sahibkarlıq fəaliyyətinin bir növüdür. Bu növ fəaliyyət həmin şəxslərin mülkiyyətə əsaslanaraq, risk və məsuliyyəti öz boynuna götürməklə həyata keçirilir. İşin hallarından aydın olur ki, qeyd edilən çayxana onun mülkiyyətində deyil, onun həmin çayxanada sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına dair səlahiyyətli orqan tərəfindən hər hansı sübut təqdim edilmədən 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Nizami RPİ-nin 25-ci polis bölməsinin rəisi Turab Paşayevin MN seriyalı ******* nömrəli 07.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək eyni məzminlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, vergi orqanında qeydiyyatdan keçməmişdir, VÖEN almamışdır, həmin obyektin adı yoxdur, sadəcə olaraq xeyir-şər evidir, o isə həmin yerin sahibi və ya icarədarı deyil, müqaviləsi də olmamışdır. Belə olan halda, onun vəzifəli şəxs qismində qəbul olunaraq cərimə edilməsi əsassız olmuşdur. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X6 izahatında göstərmişdir ki, X1 Nizami rayonu, R.Rüstəmov küçəsi, 43 ünvanında yerləşən, icarə əsasında işlətdiyi çayxanada xüsusi karantin rejimi qaydalarını pozaraq 07 dekabr 2021-ci il tarixdə saat 00:00-dan sonra orada fəaliyyət göstərməsi barədə protokol onun tərəfindən tərtib edilmişdir. İnzibati xəta faktı mövcud olsa da, şikayətdə qeyd edilənlərlə qismən razılaşır, obyektin sahibi, icarəyə verən şəxs, icarə sənədləri və digər hallar araşdırılmamışdır. Qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X6 tərəfindən tərtib olunmuş 07 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 ünvan 1 ünvanında yerləşən, icarə əsasında işlətdiyi çayxana xüsusi karantin rejiminin qaydalarına zidd olaraq 07 dekabr 2021-ci il tarixdə saat 00:00dan sonra fəaliyyət göstərdiyinə görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; -Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi X4 tərəfindən qəbul olunmuş 07 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, 07 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X3 barəsində 4000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilməsinə görə vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, qərardan şikayət vermiş X3 barəsində də inzibati icraat həmin maddə ilə başlanılmış və vəzifəli şəxs qismində inzibati qaydada tənbeh edilmişdir. Hansı ki, məhkəmə iclasında sübutların tədqiq edilməsi zamanı məlum olmuşdur ki, törədilməsi ehtimal edilən inzibati xətanın baş verdiyi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X2 məxsus olmamışdır, həmin şəxsin obyektə, orada fəaliyyət göstərən çayxanaya aidliyi, səlahiyyəti, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi, onun icarəyə verilib-verilməməsi, müsbət halda X2 verilib-verilməməsi və sair hallar araşdırılmamış, sübutlar müəyyən edilib götürülməmişdir. Halbuki, X3 İXM-nin 17-ci maddəsinin “Qeyd”inin təsiri altına düşən, onun vəzifəli şəxs hesab olunmasına əsas verəcək səlahiyyətlərə malik olmamışdır, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən şəxs olmamışdır. Ona görə də, X1 vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunaraq barəsində tənbeh tədbiri tətbiq olunması qanuni və əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, istər inzibati xətanın aşkar edilərək protokolun tərtib olunması zamanı, istərsə də protokol əsasında qərar qəbulu zamanı X3 tərəfindən Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı inzibati xətanın törədilməsinin məhz nədə ifadə olunması, hansı mötəbər sübutlarla öz təsdiqini tapması təqdim edilmiş sübutlarla müəyyən olunmur və öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, X1 törədilməsi ehtimal edilən inzibati xətanın aşkar edildiyi qeyri-yaşayış sahəsinə (çayxanaya) münasibətdə səlahiyyəti, inzibati xətanın məhz onun tərəfindən törədilməsinə dair mötəbər və əsaslı hesab ediləcək hər hansı sübut təqdim edilmədiyi, İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirinin olması, belə təqsir müəyyən edildiyi halda vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunması üçün onun İXM-nin 17-ci maddəsinin “Qeyd”inin təsiri altına düşübdüşməməsi müəyyən edilmədiyi, ilkin araşdırma zamanı həmin hallar araşdırılaraq törədilməsi ehtimal edilən inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, ona görə inzibati araşdırma qaydasında həmin sübutlar toplanılmalı, müvafiq sübutlar işə əlavə edilməli, zərurət yarandıqda şahidlər dindirilməli və digər hərəkətlər həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki 07 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli, 07 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsindəki 07 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilsin, 07 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-27/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-27/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver