Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2700/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X5, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi və müdafiəçisi “Ədalət” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gədəbəy rayonu, Novo Saratovka kəndində anadan olmuş, Gədəbəy rayonu, Novo Saratovka kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4355/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X7 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4355/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 100000 ABŞ dolları məbləğində pul vəsaitinin ondan tutularaq X2 ödənilməsi qət edilmişdir. O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Sadəcə olaraq maddi imkanı pis olduğundan icra sənədini icra edə bilməmişdir. O, icra sənədini hissə-hissə icra etmək istəsə də, tələbkar hissə-hissə ödənişə razılaşmamışdır. Buna baxmayaraq, icra sənədinin könüllü icrası ilə bağlı tələbkara hissə-hissə olmaqla cəmi 1000 manat ödəniş etmişdir. O, Abşeron rayon Polis İdarəsinin Dövlət X9 mülki-operator vəzifəsində işləyir və aylıq əmək haqqısı 308 manatdır. Bundan əlavə, onun mülkiyyətində ünvan 2 ünvanında evi vardır. "xxxx" MMC-nin 5 mart 2024-cü il tarixli “Daşınmaz Əmlakın qiymətləndirilməsi barədə Hesabat”-na əsasən, həmin evin qiyməti ******* manatdır. O, həmin evi könüllü surətdə icra sənədinin icrasına yönəltmək üçün satışa çıxartmışdır. Bu barədə sosial şəbəkələrdə də elan yerləşdirilmişdir. Lakin hazırda həmin əmlakın üzərində onun Ləğvetmə prosesində olan "xxxx" ASC-yə olan öhdəliyinə görə məhdudiyyət olduğundan satıla bilməmişdir. Mülkiyyətində olan evi satılsa "xxxx" ASC-yə olan borcla birlikdə hazırkı iş üzrə tələbkara da olan borcu ödəniləcəkdir. Onun evi satılana qədər tələbkara olan borcunu hissə-hissə ödəyə bilər. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 izahat verərək bildirmişdir ki, borclunun maddi imkanı yaxşı olsa da, ona olan borcunu ödəmir. Borclunun mülkiyyətində müxtəlif yerlərdə əmlakları olmuş, lakin həmin əmlakları adından çıxartmışdır ki, ona olan borcunu qaytarmasın. Şəxs ona ayda 500 manat ödəniş etməyi təklif etsə də, həmin məbləğ 100000 ABŞ dollarının qarşısında çox cuzidir. Buna görə də, o, Şəxs borcun tam ödənilməsini tələb edir. O, borcludan sadəcə olaraq borcunu tələb edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4355/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, 100000 ABŞ dolları məbləğində pul (qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla) vəsaitinin Şəxs tutularaq X2 ödənilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4355/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzinin kserosurətindən görünür ki, Şəxs “Məhkəmə icraçıları” adlı hesaba 500 manat ödəniş etmişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzinin kserosurətindən görünür ki, Şəxs “Məhkəmə icraçıları” adlı hesaba 500 manat ödəniş etmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 5 mart 2024-cü il tarixli, ƏEM/M 18-144/24 saylı “Daşınmaz Əmlakın qiymətləndirilməsi barədə Hesabat”-dan görünür ki, Şəxs mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qiyməti 1 956 000 (bir milyon doqquz yüz əlli altı min) manatdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4355/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4355/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasından azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2700/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2700/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver