Məhkəmə qərarları › İş №3(007)-2711/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2711/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2711/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri. Nizami rayonu. B.Nuriyev küçəsi, ev 4, mənzil 47-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 29 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 22 mart 2024-cü il tarixdə saat 21:00 radələrində ünvan 1 ünvanında yerləşən yaşayış binasının girişində Zərərçəkmiş şəxs ilə mübahisə edib, onu vuran zaman, Zərərçəkmiş şəxs əlindəki “iPhone 14” markalı mobil telefonunu yerə vuraraq əzmiş, nəticədə ona az miqdarda - 800 manat məbləğində maddi zərər vurmuşdur. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən bir ildir ki, tanıyır, Mehri ilə tanışlığı təsadüfü olmuşdur. Bir müddət sonra Mehri ilə sevgili olmuşlar. Sonra Mehri ona cinsi əlaqədə olmaq istədiyini bildirmiş, o da Mehri ilə ailə quracağını düşünərək etiraz etməmişdir. Cinsi əlaqədə olduqda Mehrinin bakirəliyinin pozulmuş olduğunu bilmişdir. Bir müddət sonra Mehrinin mobil telefonunda başqa oğlanlarla yazışdığını aşkar etmişdir. Bundan sonra bakirə olmadığını bildirərək, onunla evlənməkdən imtina etmişdir. Mehrinin anası onu şərləyərək qızının bakirəliyini pozduğunu, bu səbəbdən onunla evlənməli olduğunu demişdir. O, Mehrinin anası ilə razılaşmış və 05 dekabr 2023-cü il tarixdə toy günü təyin etmişlər. Lakin Mehri ilə evlənməmək üçün 03 dekabr 2023-cü il tarixdə Türkiyəyə getmiş, 18 dekabr 2023-cü il tarixdə geri qayıtmışdır. Səhəri gün Nəsimi rayonu ərazisində günlük kirayə mənzildə Mehri ilə görüşmüşdür. Bir neçə gün sonra Mehri Moskva şəhərinə getmiş, 2024-cü ilin mart ayının əvvəlində Bakı şəhərinə qayıtmışdır. Həmin müddət ərzində Mehri ilə mobil telefonla əlaqə saxlayaraq normal münasibətdə danışmışlar. Mehri evlənməyəcəyini bildirmişdir. Buna baxmayaraq müxtəlif vaxtlarda həm Mehrinin yaşadığı mənzildə, həm də digər ünvanlarda, sonuncu dəfə isə 18 mart 2024-cü il tarixdə Mehri ilə görüşərək cinsi əlaqədə olmuşdur. Onun Mehri ilə görüşləri razılığı və təklifi ilə olmuşdur. 22 mart 2024-cü il tarixdə Mehrinin balaca bacısı ona zəng vuraraq Mehrinin telefonunu düzəltdirməsini demişdir. Həmin gün saat 21 radələrində Mehri ilə onun yaşadığı B.Çobanzadə küçəsi 59 ünvanında yerləşən yaşayış binasının girişində görüşüb bir qədər söhbət etmiş, sonra ayrılmışlar. 23 mart 2024-cü il tarixdə polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər, həmin vaxt ona məlum olmuşdur ki, Mehri görüşdükləri zaman onu döyməyi və mobil telefonunu sındırmağı barədə şikayət etmişdir. Amma görüşdükləri vaxt o, Mehrini döyməmiş, ona məxsuz mobil telefonu sındırmamışdır. Onlar ayrılarkən normal sağollaşmışlar. Mehri onunla ailə qurmaq istəyib, alınmadığına görə ondan belə qisas alıb. Qisas almaq istəyən ancaq belə edir. Bəlkə də telefonu özü qırıb. Bacısı onları barışdırmağa çalışırdı. Amma o, həmişə demişdir ki, onlarda alınmır, özü Mehridən uzaqlaşırdı. Bir daha bildirir ki, 22 mart 2024-cü il tarixdə saat 18 radələrində görüşərkən o, Mehriyə əl qaldırmamış, telefonunı qırmamışdır, telefonu kim o vəziyyətə salıb, onu bilmir, bəlkə Mehrinin özü telefonu götürüb 5-ci mərtəbədən atıb. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında iştirak etmədiyindən onun tədqiqat zamanı verdiyi izahatı elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin izahatında göstərmişdir ki, Şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır, tanışlığı təsadüfü olmuşdur. Bir müddət sonra Sadiqlə sevgili olmuşlar və evlənmək qərarına gəlmişlər. Ailələri bir-birini tanıdıqdan sonra Sadiqin maddi imkanı olmadığı üçün nişan və digər tədbirlər olmadan toy etmək qərarına gəlmişlər. 05 dekabr 2023-cü il tarixdə Sadiq ona məlumat vermədən Türkiyə Respublikasına getmiş və bu səbəbdən toy təxirə salınmışdır. Təxminən 5-6 gün sonra Sadiq ona zəng vurduqda o, Sadiqdən xəbərsiz getməsinin səbəbini soruşmuş, Sadiq anasının evlənməklərinə narazı olmasını, anasının intihar etmək istədiyini, geri qayıdaraq onunla evlənəcəyini bildirmişdir. Həmin müddət ərzində o, stres keçirdiyi üçün Moskva şəhərində yaşayan nənəsinin yanına getmişdir. 02 mart 2024-cü il tarixdə Bakı şəhərinə qayıtdıqdan sonra Sadiqlə görüşməsə də mobil telefon vasitəsi ilə əlaqə saxlamışlar. Sadiq hər dəfə ondan barışmağı və evlənəmələrini xahiş etsə də o, razılaşmamışdır. 22 mart 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı binanın qarşısında Sadiq qarşısına çıxaraq binanın blokuna daxil olmağını tələb etmişdir. O, bloka daxil olduqda Sadiq telefonunu istəmişdir. O, Sadiqə başqa oğlanla danışdığını, həmin şəxslə evlənib, xoşbəxt olacağını bildirmişdir. Bu zaman Sadiq sol sifət nahiyyəsindən bir dəfə sillə ilə, ağız, burun və bel nahiyyələrindən yumruqla vurmuşdur. Eyni zamanda 3000 manat dəyərində “iPhone 14” markalı mobil telefonunu yerə vuraraq yararsız hala salmışdır. Bundan sonra Sadiq blokdan çıxmışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz onun tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin təhqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə araşdırma aparılmış, 13 aprel 2024-cü il tarixli qərarla toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, əməldə Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət təqibi üzrə icraatın başlanılması rədd edilmiş, Şəxs təhqiqata göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs vuraraq ona fiziki ağrı yetirməklə dərəcəsi təyin edilməyən xəsarət almasına səbəb olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi məqsədi ilə qərarın surəti PŞ-nin aidiyyəti əməkdaşına həvalə olunmuş, Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsinə əsasən inzibati tədbir görülməsi məsələsi aidiyyəti əməkdaşa həvalə edilmişdir. Qərar əsasında 24-cü polis şöbəsinin polis sahə inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş, məhkəmənin 29 aprel 2024-cü il tarixli qərarı ilə o, həmin maddə ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh tətbiq olunmuşdur. Bundan başqa, qərar əsasında 24-cü polis şöbəsinin polis sahə inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmazdan əvvəl, 18 aprel 2024-cü il tarixli sorğu əsasında “İska Servis” mağazasından alınmış məlumata əsasən həmin mağazada 2022-ci il buraxılışlı “iPhone 14” markalı mobil telefonun hazırkı bazar qiymətinin 800 manat olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, inzibati xəta haqqında protokolda mobil telefonun zədələnməsi nəticəsində dəymiş maddi zərərin məbləği 3000 manat kimi göstərilmişdir. Hansı ki, Zərərçəkmiş şəxs məxsus “iPhone 14” markalı mobil telefonun zədələnməsi nəticəsində ona 3000 manat miqdarında maddi ziyan vurulması ilə bağlı 24cü polis şöbəsinin təhqiqatçısı tərəfindən göstərilən qaydada nəticəyə gəlinərkən yalnız zərərçəkmiş şəxsin verdiyi şifahi məlumat əsas götürülmüş, həmin əməl nəticəsində zərərçəkmiş şəxsə həqiqətən maddi zərərin yetirildiyinə, bu zərərin məbləğinə dair ekspertiza rəyi, mütəxəssis aktı (rəyi) və ya digər mötəbər hesab olunacaq sübut əldə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi nəticəsində vurulmuş zərərin dəqiq məbləğinin (ziyanın mislinin) müəyyən edilməsi zəruridir, belə ki, xətaya görə şəxsin təqsiri müəyyən olunaraq ona tənbeh verilməsi baxımından bu, mühüm əhəmiyyət kəsb edir. Belə olan halda, məhkəmə “İska Servis” mağazasının 2022-ci il buraxılışlı “iPhone 14” markalı mobil telefonun hazırkı bazar qiymətinin 800 manat olduğu barədə rəsmi məlumatını zərərçəkmiş şəxsə dəymiş maddi zərərin məbləğinə dair mötəbər hesab olunacaq sübut kimi qəbul edir, maddi zərərin 3000 manat olması barədə qənaətə gəlinməsi üçün isə hər hansı hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta törətmiş Şəxs zərərçəkmiş şəxs X1 az miqdar hesab olunan 800 manat dəyərində maddi ziyan vurmuşdur və o, vurduğu həmin maddi ziyanı ödəməmiş, zərərçəkmiş şəxslə barışmamışdır. Belə olan halda, İXM-nin 39.2-ci maddəsində müəyyən edilən qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə Şəxs məhkəmə iclasında irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, həmin hallar inzibati xəta haqqında işin icraatını istisna etmir və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməməklə işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz, məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. Təhqiqat orqanının cinayət işi başlanmasının rədd edilməsi, inzibati xəta haqqında iş üzrə icraat başlanması barədə 13 aprel 2024-cü il tarixli qərarı qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməməklə qüvvədədir, ona görə irəli sürülən dəlillər şəxsin özünü inzibati məsuliyyətdən yayındırmağa cəhdi kimi qiymətləndirilməklə nəzərə alınmır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi ziyan ödənilmədiyindən, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxs X1 izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar