Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2728/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsi X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə bilvasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyünün yol-patrul xidməti baş inspektoru X3 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 27 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 27 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. X4 şikayətə yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmasına dair ayrıca yazılı vəsatət də vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində özünə məxsus “Toyota Prius C” **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi ilə hərəkət edərkən, güzgüdən görmüşdür ki, ardınca yol polis avtomobili onu təqib edir və saxla işarəsi verir. Avtomobili kənar çəkib saxlamış və avtomobilindən düşən polis nəfəri ona yaxınlaşıb, bildirmişdir ki, Əfiyaddin Cəlilov küçəsi ilə Yüsif Səfərov küçəsi ilə yol kəşisməsində svetoforun qadağanedici qırmızı işarəsində hərəkət etmişdir, barəsində inzibati protokol tərtib olunacaqdır. Etraz edərək bildirmişdir ki, bu, şər və böhtandır, o, svetoforun qırmızı işığında hərəkət etməmişdir. Həm də qeyd etmişdir ki, o, Vəkillər Kollegiyasının üzvüdür və ona qarşı qərəzli hərəkətlər etməsinlər. Xahiş etmişdir ki, videoçəkilişi ona təqdim etsinlər. Polis avtomobilində sükan arxasında oturan digər polis nəfəri (adını sonradan bildiyi polis kapitanı X6) öz telefonunda olan videoçəkilişi ona təqdim etmiş və müəyyən olunmuşdur ki, o, qırmızı işıqda hərəkət etməmişdir, svetoforun yaşıl işığı sönən və sarı işığı yanan anda yol kəsişməsinə daxil olmuş və hərəkətini davam edərək elə sarı işıqda da yoldan çıxmağı çatdırmışdır. Lakin, polis kapitanı Həsən Rüstəmov bildirmişdir ki, svetoforun sarı işığı da qadağanedici işarədir və barəsində protokol yazılacaqdır. O, H.Rüstəmova izah etməyə çalışmışdır ki, svetoforun sarı işığı qadağanedici deyil, xəbərdaredici işarədir, yəni sürücüyə xəbərdarlıq edir ki, tezliklə qırmızı işıq yanacaqdır, qırmız işıq yanan ana qədər ya avtomobili saxla, ya da hərəkəti davam et və yol kəşisməsindən çıx. Lakin, Həsən Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bilə-bilə qanunsuz inzibati protokol tərtib etmişdir. O, bildirmişdir ki “Yol hərəkəti haqqında” qaydaların 59-cu maddəsində qeyd edilmişdir ki, svetoforun sarı işığında hərəkət etmək qadağandır. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol aşkar qanunsuz olduğu üçün o, Bakı şəhər X12 İdarəsinə şikayət edərək protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayət İdarəyə 23 may 2024-cü il tarixdə daxil olmuş, lakin ona baxılmamış və cavab verilməmişdir. Əvəzində isə 27 may 2024-cü il tarixdə mobil telefonla SMS göndərilmişdir ki, protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilmişdir. 29 may 2024-cü il tarixdə o, Bakı şəhər DYPİ-nə getmiş və 27 may 2024-cü il tarixli inzibati xəta haqqında qərar ona rəsmi qaydada təqdim edilmişdir. Aşağıda göstərilələrə əsasən İXH xx.xx.2024-cü il tarixli qərarı qanunsuz hesab edir və onun ləğv edilməsini məhkəmədən xahiş edir. İnzibati qərara əsasən o, İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə - sürücü səksən manat məbləğində cərimə edilir. Bildirir ki, o, İXM-nin 327.2-ci maddəsini pozmamışdır. Həmin maddədə svetoforun qadağanedici işarəsi dedikdə - qırmızı işıq nəzərdə tutulur. Məlumdur ki, svetofor üç rəngli işıqdan ibarətdir: qırmızı, yaşıl və sarı. Qırmızı işıq - birmənalı olaraq qadağanedicidir (hərəkət etmək olmaz), yaşıl işıq - birmənalı olaraq hərəkətə icazə verən işıqdır. Sarı işıq isə xəbardaredici işarədir, yaşıl işıqdan dərhal sonra yanan sarı işıq xəbərdar edir ki, tezliklə qadağanedici (qırmızı) işıq yanacaqdır. Bir svetoforda iki qadağanedici işarənin (qırmızı və sarı) olması absurddur, əks halda svetofor elə iki işarədən ibarət olardı (qırmızı və yaşıl). Onlardan fərqli olaraq sarı işıq xəbərdarlıq edir vəziyyəti nəzərə alaraq hərəkəti tamamla və ya dayandır. Yəni, bu barədə qərarı sürücünün özü qəbul edir. Sürücü vəziyyəti nəzərə (svetofora gədər məsafəni, sarı işıq yanma anını, avtomobilin sürəti, asfalt örtüyünün vəziyyəti və sair) nəzərə alaraq özü iki qərardan birini seçir: ya avtomobili təhlükə yaratmadan dayandırır, ya da hərəkəti davam edərək yol kəşisməsindən çıxır. Hətta ümumi qəbul edilmiş qayda belədir ki, sarı işıqda yol kəşisməsinə daxil olan sürücü qırmızı işıq yandığı halda hərəkətini davam edib yoldan çıxmalıdır. Məlumdur ki, beynəlxalq qanunlara görə yol hərəkət qaydaları bütün dövlətlərdə eyni əhəmiyyətə malikdir və hər bir dövlətdə eyni çür tətbiq edilir. Ona görə yol hərəkəti qaydalarına (svetotofor haqqında) Rusiya Federasiyasının mütəxəssisləri tərəfindən verilən şərhləri məhkəməyə təqdim edir (əlavə olunur). Həmin şərhlərdə qeyd edilir ki, svetoforun sarı işığı qadağanedici deyil, birmənalı olaraq xəbərdaredici siqnaldır, sürücü vəziyyəti nəzərə alaraq iki qərardan birini seçməlidir: ya nəqliyyat vasitəsini saxlamalı, ya da hərəkəti davam edərək yol kəsişməsindən çıxmalıdır. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər X12 İdarəsinin inzibati xəta haqqında 27 may 2024-cü il tarixli, TR ******* nömrəli qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, işıqforda yaşıl işıq sönən, sarı işıq yanan vaxtda sürətinin də artıq olduğu vaxtda saxlamışlar. Sürəti çox olduğu üçün dayanmağı da mümkün deyildi. Polis əməkdaşı onu çağırmış, demişdir ki, qırmızı işıqda keçmişdir, sonra görüntüyə baxmalarını tələb etmiş, demişlər ki, fərqi yoxdur, o da pozuntudur. Yol polisi durur yolda, orda gəlib-gedəndən pul alırlar. Azərbaycan yol nəqliyyat barədə konvensiyaya qoşulub. Sarı işıq o deməkdir ki, keçə bilirsənsə keç, keçməyin mümkün deyilsə, dayan. O, anidən dayansa idi, arxadakı gəlib vura bilərdi. Avropada şərh veriblər. O, şikayət vermiş, sonra telefonla zəng vurub demişlər ki, şikayəti təmin olunmamışdır. Onu çağırmadıqları üçün araşdırmada iştirak etməmişdir, onların vaxtı yoxdur, pul yığmaqla məşğul olduqları üçün onu çağırmamışlar. Yol polisi əməkdaşına demişdir ki, qırmızıda keçmişsə, şəkil göstərsin. Baxmışlar, özü də görmüşdür ki, sarıda keçmişdir. Sonra şəklin ona verilməsini tələb etmiş, lakin verməmişdir. Onun dəfələrlə başına gəlib bu hadisə, vaxtı olmadığı üçün arxasınca getməmişdir. Daha yorulmuş, bezmişdir. Əlavə etmişdir ki, o, qırmızı işıqda deyil, sarı işıqda keçmişdir. Bunu izah etsə də, yol polisi ona “yekəxana-yekəxana” demişdir ki, “sənə protokol yazacam”. Yol polisi sarı işığın da qadağanedici olduğunu demişdir. Hansı ki, dünyanın hər yerində yol hərəkət qaydaları eynidir, sarı işıq qadağanedici deyil. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ilkin iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, qərardan şikayət vermiş X4 “X10 minik” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Yusif Səfərov-Afiyəddin Cəlilov küçələrinin kəsişməsində 15 may 2024-cü il tarixdə saat 10:24-də svetaforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. Həmin xəta ərazidə xidmət aparan yol patrul xidməti inspektoru tərəfindən yerində aşkar olunaraq sürücü barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta həmçinin Təhlükəsiz Şəhər Kamerası ilə də qeydə alınmışdır. Bu barədə sübutlar təqdim ediləcəkdir. Şikayət əsassız olduğundan təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonrakı iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə bilvasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyünün yol-patrul xidməti baş inspektoru X6 izahatında göstərmişdir ki, sürücü X4 Bakı şəhəri, Yusif Səfərov-Afiyəddin Cəlilov küçələrinin kəsişməsində 15 may 2024-cü il tarixdə saat 10:24-də svetaforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Sürücüyə yerində inzibati qayda pozuntusunu izah etmiş, görüntülərlə də tanış etmişdir. Sola dönəndə qadağanedici sarı işıq olanda sürücü yolu keçmişdir. Digər maşınlar dayananda sürücü keçmişdir. Sarı işıq hərəkəti qadağan edir. Hərəkəti davam etdirməli olmadığına görə kəskin tormozlama olmalı idi. Qadağanedici işarə qırmızı və sarı işıqdır, qanunda bu barədə qeyd edilmişdir. Sürücünün həmin vaxt sürət həddi 20 km/saat həddində olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 27 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X10 minik” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 Bakı şəhəri, Yusif Səfərov-Afiyəddin Cəlilov küçələrinin kəsişməsində 15 may 2024-cü il tarixdə saat 10:24-də “svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə” 15 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş orqan tərəfindən sübut qismində təqdim olunan CD diskə əlavə edilmiş videogörüntülərə tərəflərin iştirakı ilə baxış keçirilmişdir, diskdə 02 ədəd faylda olan, iki rakursdan çəkilmiş görüntülərlə inzibati xəta haqqında əksini tapmış inzibati xətanın törədilməsinin təsdiq olunduğu müəyyən edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 59-cu maddəsinin İ hissəsinə əsasən yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir; 60-cı maddəsinin İ hissəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 15 may 2024-cü il tarixdə saat 10:24də “X10 minik” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yusif Səfərov-Afiyəddin Cəlilov küçələrinin kəsişməsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin tələblərini pozmaqla svetoforun qadağanedici işarəsi verilərkən nəqliyyat vasitəsinin hərəkətini davam etdirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, inzibati xəta hadisəsi Bakı şəhər Baş Polis İdarəsinin Baş X11 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yolpatrul xidməti inspektoru tərəfindən bilavasitə aşkar edilmişdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hansı ki, baxılan işə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri baxımından, X1 yol verdiyi inzibati xətanın törədilməsini və bu inzibati xətanın törədilməsində onun təqsirinin olmasını təsdiq və sübut edən sübutlar mövcuddur, bu sübutların şübhə altına alınması, X1 inzibati xətanı törətməməsi, onun təqsirinin olmaması ilə bağlı nəticəyə gəlinməsi üçün hüquqi əsaslar yoxdur. Təqdim olunan videogörüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə keçirilən baxış zamanı da inzibati xətanın törədilməsi və bu xətanın törədilməsində X1 təqsirli olması təkzibolunmaz qaydada sübuta yetirilmişdir. Ona görə X1 şikayətində və məhkəmədə verdiyi izahatında irəli sürdüyü dəlillər şəxsi mülahizəsi olmaqla, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 27 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2728/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2728/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver