Məhkəmə qərarları › İş №3(007)-2729/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2729/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2729/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, prokuror - Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Gürcüstan Respublikası, Rustavi şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXMnin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan 2023-cü ilin dekabr ayından 2024-cü ilin mart ayınadək olan müddət ərzində X3 aylıq 100 manat müqabilində aralarında olan şifahi razılığa əsasən kirayə müqaviləsi bağlamadan kirayəyə verib ümumilikdə 300 manat ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətmişdir. Bu barədə Nizami rayon prokuroru Pərviz İbayev tərəfindən xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə X4 yaşadığı ünvan 3 ünvanının hamam otağında dəm qazından zəhərlənərək ölməsi barədə daxil olmuş məlumat əsasında prokurorluqda araşdırma aparılmış, baş vermiş hadisədə cinayət tərtkibi olmadığı üçün xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Eyni zamanda araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs həmin mənzili X3 kirayə müqaviləsi bağlamadan şifahi razılaşma əsasında aylıq 100 manat kirayə haqqı olmaqla 2023-cü ilin dekabr ayından 2024-cü ilin mart ayınadək kirayəyə verməklə qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu hal tərələrin izahatları, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla öz təsdiqini tapmışdır. Odur ki, şəxs barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək aylıq 100 manat pulun isə sadəcə olaraq kommunal xərcləri ödəmək üçün aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində inzibati icraat açılması məsələsinə baxılması üçün barəsində material Nizami rayon prokurorluğuna göndərilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2023-cü ilin dekabr ayından 2024-cü ilin mart ayına qədər Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarı nəzərdən keçirib, proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.1990-cı il tarixdə Gürcüstan Respublikası, Rustavi şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində əldə edilmiş gəlirin iki misli miqdarında, yəni 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar