Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2730/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 07 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini 19 aprel 2024-cü il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, Sabunçu rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP6235870 nömrəli protokol ilə razı deyillər və aşağıda qeyd olunan səbəblərə görə həmin protokolun ləğv edilməli olduğunu hesab edirlər. Belə ki, iş materiallarında olan poçt qəbzinə (xəbərnaməsinə) əsasən xəbərnamədə qəbul edilmə barədə imzanın olmasına baxmayaraq, həmin imzanın kimə məxsus olması barədə hər hansı bir qeyd mövcud deyildir. Bu hal təsdiq edir ki, Sabunçu rayon DYPŞ tərəfindən sorğunun Şəxs MMC-yə çatdırılması təmin edilməmişdir və bu səbəbdən, MMC tərəfindən həmin sorğunun cavablandırılması mümkün olmamışdır. Hesab edirlər ki, Şəxs MMC-yə çatdırılmayan sorğunun cavablandırılmamasına görə Cəmiyyət məsuliyyət daşımamalıdır. Həmçinin, inzibati xəta haqqında protokol tərtib edilərkən, Şəxs MMC-yə hər hansı bir məlumat verilməmiş və Cəmiyyətin iştirakı təmin edilməmişdir. Bununla da Sabunçu rayon DYPŞ inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı prosessual pozuntuya yol vermişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sabunçu rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP6235870 nömrəli protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunması xahiş edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru tərəfindən inzibati xəta haqqında protokola dair yazılı etiraz verilməsini nəzərə alıb, MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, MMC-yə məxsus **-PK-*** dövlət qeydiyyat nişanlı “Changan Eado minik” markalı nəqliyyat vasitəsinin iştirakı ilə 19 aprel 2024-cü il tarixdə saat 15:50-də Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı elektron protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan poçt xəbərnaməsindən görünür ki, xəbərnamədə sorğunun alınma tarixi xx.xx.2024-cü il kimi qeyd edilmiş, imza edən şəxsin soyadı, adı, atasının adı və vəzifəsi isə qeyd olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir; 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. Qanunvericiliyin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, belə sorğu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC, onun müvafiq vəzifəli şəxsi tərəfindən alınmamışdır, məlumatın müvafiq səlahiyyətli şəxs tərəfindən alınması və məhz hansı tarixdə alınması, hüquqi şəxsə daxil olması öz təsdiqini tapmır. Poçt xəbərnaməsinə imza edərək sorğunu qəbul etdiyi güman edilən soyadı, adı və digər məlumatları göstərilməyən şəxsin hüquqi şəxsə münasibətdə kimliyi, vəzifəsi məlum olmadığından, qanunda nəzərdə tutulan səlahiyyətli şəxs olaraq qəbul edilə və iş materiallarında olan təsdiqlənməmiş məlumat, barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, sorğu hüquqi şəxsin faktiki ünvanı olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 74 ünvanına deyil, ünvan 3öndərilmişdir, hansı ki, həmin ünvanın hüquqi şəxsə aidliyinə dair də sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2730/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2730/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver