Məhkəmə qərarları › İş №3(007)-2734/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2734/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2734/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Laçın rayonu, Kamallı ərazi dairəsi, Kamallı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsində fərdi evdə yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:10 radələrində idarə etdiyi “MERCEDES BENZ E190” minik markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, B.Çobanzadə küçəsində hərəkətdə olan zaman saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 izahat verərək bildirmişdir ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:10 radələrində idarə etdiyi “MERCEDES BENZ E190” minik markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Bəkir Çobanzadə küçəsində hərəkətdə olarkən dönmə işığından istifadə etmədiyi üçün tərəfindən saxlanılmış, sürücüyə qayda pozuntusu izah olunan zaman ondan kəskin spirt qoxusu gəldiyi üçün müayinə olunması təklif olunmuşdur. Sürücü Şəxs buna etiraz etməyərək alkotester müayinəsindən keçmiş, nəticədə onun içkili olduğu aşkar olunmuşdur. Sürücü Şəxs sərxoş olduğunu səmimi etiraf edərək, izahatında pivə içdiyini, həkimə ehtiyac olmadığını, alkotesterin göstəricisi ilə razı olduğunu qeyd etmişdir. O, sürücüyə həkim müayinəsindən keçərək alkotesterin nəticəsini dəqiqləşdirməyi təklif etsə də, sürücü buna razılıq verməmiş, sonradan özü tək müayinəyə getmişdir. Sürücü Şəxs sərbəst şəkildə izahat yazmışdır. Sürücünün barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 331.1-ci maddələri ilə inzibati protokol tərtib olunmuşdur. Sürücü saxlanıldıqdan 7 saat 20 dəqiqə sonra həkim müayinəsinə getmiş və ayıq olması haqqında sənəd almışdır. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, səhər saat 08:10 radələrində ona məxsus **-FA-*** dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ E190" markalı minik avtomobilini idarə edərkən Bakı şəhəri, B.Çobanzadə küçəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı avtomobili saxladıqdan sonra özünü təqdim etmədən və niyə avtomobili saxladığı barədə məlumat vermədən avtomobilə əyləşmişdir. Polis əməkdaşı avtomobilə əyləşdikdən sonra ona mənşəyi bəlli olmayan, hər hansı bir sertifikata malik olmasına şübhə etdiyi kiçik alkotesterə üfürməyi tələb etmişdir. Alkotesterə ilk dəfə üfürdükdə heç bir nəticə çıxmamış, digər alkotesterə üfürdükdə isə yoxlama nəticəsində polis əməkdaşı ona içkili olduğunu bildirmişdir. İdarəyə onun avtomobili ilə getmişlər və avtomobili də o, idarə etmişdir. Əgər içkili idisə, öz avtomobilini idarə etməyinə necə icazə verdilər? İdarəyə gedərkən yolda atasına zəng etmiş, atası gələnə qədər İdarəyə çatmışlar. Ondan alkotesterin nəticəsi ilə razı olmasını yazmasını tələb etmişlər. O, isə polis əməkdaşlarına alkotesterin nəticəsi ilə razı olmadığını və dedikləri kimi yazarsa ona hər hansı bir problem yaranıb-yaranmayacağını soruşduqda, polis əməkdaşı demişdir ki, sadəcə dönmə işığından istifadə etməməyə görə 27 manat cərimə yazılacaq. İzahatı atası gəlməmiş yazmışdır. Atası İdarəyə gəldikdən sonra, bu işin həll olunması üçün 600 manat vermələrini təklif etmişlər. Atası isə bunu qəbul etməmiş və onun Respublika Narkoloji Mərkəzə aparılıb müayinə olunmasını xahiş etmişdir. Polis əməkdaşları aparmamaq üçün bəhanələr gətirmişlər. Daha sonra avtomobili Koroğludakı cərimə meydançasına aparmışlar və o, oradan çıxanda polis əməkdaşına Respublika Narkoloji Mərkəzə gedib müayinə olunması barədə xahiş etsə də, cavabında polis əməkdaşı ona narkoman olmadığını və bu səbəbdən də aparmağa ehtiyac olmadığını demişlər. O da özü Narkoloji Mərkəzə gedərək müayinə olunmuş və ayıq olduğu barədə sənəd almışdır. Onun “pivə içmişəm” yazmasının səbəbi isə, onu aldadaraq 27 manat cərimə yazaraq həll edəcəklərinə inanması olmuşdur. Onun polisə qarşı güvənindən və savadsızlığından istifadə edilmişdir. Həmin gün avtomobildə olan 1780 manat dəyərində ət avtomobilin açarı ondan alındığı üçün yararsız hala düşmüş və ona ziyan dəymişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx.xx.2024-cü il tarixdə, saat 08:10-da tərtib edilmiş protokoldan görünür ki, müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda Şəxs “Alkotesterin nəticəsi ilə razıyam. Həkimə getməyə ehtiyac yoxdur, pivə qəbul etmişəm.” məzmunda izahat yazmış və imzalamışdır. - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokola əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:06-da keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0.487 %0 olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 1/4419 saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:20-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:06-da alkotesterlə müayinə olunduqdan sonra həmin gün saat 15:20-də Narkoloji Mərkəzə müraciət etmiş və müayinə zamanı sərxoş olmaması müəyyən olunmuşdur. Müayinələr arasında olan müddət sərxoşluq vəziyyətinin aradan qalxması üçün yetərli hesab oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.3-cü maddəsinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1ci hissəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs avtomobili sərxoş halda idarə etməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin müəyyən edilmiş hallarına əsasən Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Onun törətdiyi qayda pozuntusu xarakterinə görə diqqəti və çevikliyi azaldan, özü və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə törədən qayda pozuntusudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə isə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar