Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2742/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 18 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 18 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami RRİ-nin 24-cü RŞ-nin sahə rəisi X5 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə 18.10.2021-ci il tarixli, MN seriyalı, ******* protokolundan və eyni tarixli MN ******* nömrəli qərarına əsasən fiziki şəxs kimi Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin Məcəllənin 211.1-ci maddəsi ilə 4000 manat miqdarında cərimə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərar əsassızdır, prosessual və maddi hüquq normalarının pozulması ilə qəbul olunmuşdur, odur ki, həmin qərar ləğv edilməli, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, mübahisəli qərarın qəbul olunması üçün əsas olmuş 18.10.2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, “18.10.2021-ci il tarixdə saat 00:10-da vət. X1 rayonu, B.Nuriyev küçəsi, 32 saylı binanın yanında yerləşən “Çinar” kafesində karantin rejimi qaydaları pozulmuşdur”. Lakin bu zaman karantin rejiminin hansı qaydalarının pozulmasına dair hər hansı bir sübut göstərilməmiş, protokol tərtib edilərkən kafenin nümayəndəsi iştirak etməsinə dair imza etsə də, onun hüquqlarının izah edilməsi barədə qeyd aparılmamış, izihatı alınmamışdır. Göründüyü kimi, adı çəkilən protokol tərtib edilərkən bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, protokolda qeyd olunur ki, həmin protokol saat 00:10 dəqiqədə tərtib edilmişdir. Buradan aydın deyil, kafe həmin vaxta qədər fəaliyyət göstərib, yoxsa həmin vaxtda kafenin bağlanması həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən karantin dövrü ərzində ictimai-iaşə obyektlərinin fəaliyyətinə gecə saat 00:00 qədər icazə verilir. Bu norma imperaliv xarakter daşıyır. Başqa sözlə, ictimai-iaşə obyektinin fəaliyyəti gecə saat 00:00-dan dayandırılır. Lakin ictimai-iaşə obyektinin fəaliyyəti dayandırılsa da, həmin obyektin bağlanması üçün müəyyən hərəkətlərin edilməsi zərurəti vardır, məsələn, manqalı söndürmək, masalarda olan çirkli qab-qacağı yığışdırmaq, onları yumaq, obyektdə olan sanitar vəziyyəti qaydasına salmaq və sair. Həmçinin, müştərinin masa arxasından durub çıxışa qədər getməsi vaxtı da nəzərə alınmalıdır ki, bu vaxt 10 və daha çox dəqiqə ola bilər. Başqa sözlə, əgər protokol tərtib olunursa, kafedən çıxan sonuncu müştərinin izahatı alınmalı idi. Bəlkə o, saat 00:00 saatda masa arxasından durub ayaqyoluna getmiş və daha sonra kafeni 00:10 dəqiqədə tərk etmişdir. Belə olan hallar karantin rejiminin pozulması kimi qiymətləndirilə bilərmi? Sahə rəisi bu halları araşdırıb inzibati protokol tərtib edib, yoxsa maraqları ödənilmədiyi üçün qərəzli şəkildə inzibati protokol tərtib edib? Göründüyü kimi, suallar çoxdur, lakin onlara cavab verilməsi üçün protokol tərtib edilərkən hal şahidlərinin iştirakının ləmiıı edilməsi kifayət edərdi. Ancaq polis nəfəri bunu təşkil etməmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın dispozisiyası isə dispozitiv xarakterlidir. Yəni, inzibati xəta “epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına” görə nəzərdə tutulmuşdur. Başqa sözlə bu pozuntuların xarakterini Azərbaycan Respublikası İXM nəzərdə tutmur. Yuxarıda qeyd edildiyi kimi, bu xətaların xarakterini digər normativ-hüquqi aktlar nəzərdə tutur. O cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə müəyyən edilən qaydalarda nəzərdə tutulur. Həmin qaydalarda isə “ictimaiiaşə obyektinin fəaliyyəti gccə saat 00:00-dan dayandırılır” anlayışının təcrübədə həyata keçirilməsi əsasları müəyyən edilməmişdir. 10 dəqiqənin nədən ibarət olması aydın deyildir. Yuxarıda qeyd etdiyi kimi, müştəri öz ehtiyacları üçün cəmi 10 dəqiqəlik müəyyən yerə gedə bilər. Belə olan halda obyektin ümumi işıqlarının söndürülməsi mənəviyyata cavab verirmi? Deyə bilər ki, xeyr, vermir. Belə olan halda, tərtib olunmuş inzibati protokolun və onun əsasında çıxarılmış qərarın əsaslılığı dərhal şübhə altında qalır. Belə ki, tərtib olunmuş inzibati protokol əsasında qərar qəbul edən vəzifəli şəxs, vəzifə səlahiyyətlərinə etinadsız yanaşaraq əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərtib edilmiş protokolda inzibati xəta tərkibinin əlamətləri təsdiqini tapmamışdır. Həmçinin, qeyd etmək lazımdır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda, onun əməlində inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 4000 manat miqdarında cərimə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə rəisi X5 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə 18.10.2021-ci il tarixli, MN seriyalı, ******* protokolu və eyni tarixli MN ******* nömrəli qərarı əsassız və qanunsuz olduğundan ləğv olunması və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X7 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X5 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, 18 oktyabr 2021-ci il tarixdə saat 00:10-da X7 icarə əsasında işlətdiyi, ünvan 1 ünvanında yerləşən “Çinar” kafesində xüsusi karantin rejimində müəyyən edilmiş qaydaların pozulması müəyyən edilmişdir. Kafenin icarədarı kimi X2, eləcə də kafedə müştəri kimi aşkar olunmuş şəxslərin barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin şəxslərin hər biri fiziki şəxs kimi 200 manat, X7 isə vəzifəli şəxs kimi 4000 manat cərimə edilmişlər. X7 yazılı izahatında əməlini könüllü etiraf etmiş, bundan sonra karantin rejimi qaydalarına əməl edəcəyini bildirmişdir. X2 Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirildiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X5 tərəfindən tərtib olunmuş 18 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 18 oktyabr 2021-ci il tarixdə saat 00:10-da X1 rayonu, B.Nuriyev küçəsi 32 saylı binanın yanında yerləşən “Çinar” kafesində karantin rejimi qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 18 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 18 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X7 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, 09 sentyabr 2021-ci il tarixdə notarial qaydada bağlanan icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən X3 ünvan 2 ünvanında yerləşən 168.6 kv.m qeyri-yaşayış binasından ona məxsus 25 kv.m hissəsini 09 sentyabr 2026-cı il tarixədək icarəçi X4 vermişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə qeyd edir ki, Respublika ərazisində xüsusi karantin rejimi elan olunmuşdur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli 9 nömrəli Qərarına əsasən 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilmişdir. Nazirlər Kabinetin sonrakı digər qərarlarına əsasən xüsusi karantin rejiminin müddəti müvafiq müddətlərə uzadılmaqla yanaşı, ictimai iaşə obyektlərinə, restoran, kafe, çay evləri və bu kimi digər məkanlara münasibətdə müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə verilən icazənin müddəti və qaydaları dəyişdirilməmişdir. Eləcə də, qəbul edilmiş bütün qərarlarla müəyyən edilmişdir ki, müvafiq tələblərin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qərardan şikayət vermiş X7 icarə müqaviləsi əsasında, vəzifəli şəxs qismində işlətdiyi “Çinar” kafesində Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş müvafiq qərarların tələblərini pozmuş, onun bu hərəkəti nəticədə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olmuşdur. Həmin maddənin tələbinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxsin irəli sürdüyü dəlillər mübahisələndirilən qərarın ləğvinə əsas vermir, onun izahatında göstərilənlər işin faktiki hallarını dəyişəcək, qərarın ləğv edilməsinə əsas olacaq sübut əhəmiyyətinə malik deyildir, toplanmış digər sübutlarla təkzib olunur, eləcə də, müəyyən olunmuş obyektlərdə müştərilərə saat 00.00-dək yerində xidmət göstərilməsinə icazə ilə bağlı hər hansı istisna və sair hallar nəzərdə tutulmamışdır, bu rejim qaydasının pozuntusu inzibati məsuliyyətə səbəb olur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 18 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 18 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2742/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2742/2021
05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver