Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2745/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 05 may 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitəsini 07 aprel 2023-cü il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və ya vəkili, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, MMC-yə məxsus **-JJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat minik” markalı avtomobilin iştirakı ilə 07 aprel 2023-cü il tarixdə saat 14:47-də Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan zərfin surətindən görünür ki, Şəxs MMC-nin ünvan 2 ünvanlanmış sorğunun göndərildiyi zərf ünvan sahibinə çatdırılmadan, “Bu ünvanda yoxdur” poçt qeydi ilə Nizami RPİ-nin DYPŞ-nə geri qaytarılmışdır. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru Hüseyin Hüseynov tərəfindən 05 may 2023-cü il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Şəxs MMC barəsində inzibati işlə bağlı Azərbaycan Respublikası İXM-nin 97.4-1-ci maddəsinə əsasən Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulan sorğuları hüquqi şəxslərin öz hüquqi ünvanları üzrə fəaliyyət göstərməməsi səbəbindən onun nümayəndəsinin ***-***-**-** nömrəli mobil telefonu ilə əlaqə saxlanılmışdır. Şəxs MMC Nizami rayonu, Q.Qarayev prospekti ev 51/57, mənzil 107-də qeydiyyatda olduğunu, lakin orada fəaliyyət göstərmədiyini bildirmiş, 5 gün müddətində Nizami RPİ-nə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir; 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, belə bir məlumat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə çatdırılmamış, hüquqi ünvan üzrə ünvan 4 həmin MMC-yə ünvanlanmış sorğunun əsassız olaraq geri qaytarılmasının səbəbləri araşdırılmamış, çatdırılmanın təmin edilməsi üçün qanunla müəyyən edilmiş tədbirlər görülməmişdir. Nizami RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən həmin MMC-nin nümayəndəsinə telefon vasitəsilə məlumat verməsinə və bu zaman İXM-nin 97.4-1-ci maddəsinə istinada gəldikdə, həmin maddənin tələbinə əsasən İXM-nin 123.1-ci maddəsində nəzərdə tutulan sorğunu hüquqi şəxsin öz hüquqi ünvanı üzrə fəaliyyət göstərməməsi səbəbindən 20 gün müddətində bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sorğunun verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda dayandırılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sorğu təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır. Bu qaydada təqdim edilən sorğu rəsmi qaydada verilmiş hesab olunur. Göründüyü kimi, Şəxs MMC-yə münasibətdə İXM-nin 57-ci maddəsinin tələbləri ilə yanaşı həmin Məcəllənin 97.4-1-ci maddəsinin tələbləri baxımından da qanunvericiliyə əməl edilməmişdir, sorğunun rəsmi qaydada verilmiş hesab olunması üçün inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilməmiş, dayandırılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sorğu təqdim edilməmiş, müvafiq qeydlər aparılmamışdır. Eyni zamanda 05 may 2023-cü il tarixli arayışda MMC-nin nümayəndəsi ilə əlaqə saxlanılmasına baxmayaraq 5 gün müddətində məlumat verilmədiyi göstərilsə də, bu əlaqənin hansı tarixdə, saatda, hansı telefon vasitəsilə saxlanıldığı, danışığın davam etmə müddəti, ötürüldüyü hesab olunan məlumatı qəbul edən şəxsin şəxsiyyəti, səlahiyyəti barədə məlumatlar əksini tapmamış, hazırkı iş üzrə inzibati xəta haqqında protokol isə arayışın tərtib edildiyi eyni tarixdə tərtib olunmuşdur. Ona görə də sözügedən arayış, barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlar əsasında məhkəmə iclasında ətraflı araşdırma aparılaraq inzibati xəta hadisəsinin baş verib-verməməsini, bu xətanın törədilməsində hüquqi şəxsin təqsirinin dərəcəsini müəyyən etmək, ümumiyyətlə yekun nəticəyə gəlinməsi mümkün olmadığına görə, inzibati xəta haqqında material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş 05 may 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2745/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2745/2023
25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver