Məhkəmə qərarları › İş №3(007)-2746/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2746/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2746/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3, qərarından şikayət verilmiş orqan – Bakı şəhəri Baş Polis İdarəsi X14 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Baş Polis İdarəsi X14 İdarəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər BPİ-nin X13 İdarəsinin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bu eyni işlə bağlı 2-ci şikayətidir. Belə ki 1-ci şikayəti protokol tərtib edilən Nizami Rayon Məhkəməsinə ünvanlamışdır. Məhkəmədən göndərilən 04 aprel 2023-cü il tarixli qərardadı poçtla 10 aprel 2023-cü il tarixində qəbul etmişdir. Qərardadda inzibati xəta haqqında qərar rəsmi qaydada alındıqdan sonra qeydiyyatda olduğu rayon üzrə məhkəməyə müraciət edə biləcəyi qeyd olunmuşdur. O, 27 mart 2023cü il tarixində “AsanPay” ödəniş portalında protokoldan şikayətlə bağlı X13 İdarəsinin Badamdar qəsəbəsindəki binasına dəvət edilib izahat yazmasına baxmayaraq ona protokol rəsmi olaraq verilməmiş və qərarın poçtla ünvana göndəriləcəyi bildirilmişdir. Bu səbəbdən aprel ayında bir neçə dəfə telefonla DYP idarəsinə müraciət etsə də yaxın vaxtlarda ünvana göndəriləcəyi bildirilmişdir. Lakin qərarın təqdim edilmədiyini görüb 19 aprel 2023-cü il tarixində X13 İdarəsinin Badamdar qəsəbəsindəki binasına gedərək 15 mart 2023-cü il tarixli rəsmi qərarın surəti 27-ci otaqda ona təqdim edilmişdir. Halbuki qərardan portal vasitəsilə etdiyi şikayətlə bağlı ona heç bir məlumat göndərilməmişdir. Azərbaycan Respublikası DİN BŞDYPİ Bakı şəhər X13 İdarəsinin Yol Patrul Xidmətinin inspektoru X7 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında TP ******* nömrəli qərarla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İnzibati xəta haqqında elektron protokola və qərara əsasən, xx.xx.2023-cü il tarixində saat 14.30 radələrində o, ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyi “Toyota RAV4 minik” markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə hərəkətləri etmiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bildirmək istəyir ki, qərar əsassızdır, həqiqəti əks etdirmir və bu səbəbdən də məhkəmə qaydasında ləğv edilməlidir. İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında elektron protokol qərəzli şəkildə tərtib edilmiş və həqiqətə uyğun deyil. Belə ki, həmin ərazidə hərəkət istiqamətində qırıq xətlərin olduğu aydın görünsə də YPX inspektoru ərazidə xəttin bütöv olduğunu israr etmişdir. Həmin ərazidə yolun xətlərinin fotoşəkillərini çəkmişdir. Protokoldan narazı olduğu üçün “AsanPay” elektron portaldakı şəxsi kabinetindən şikayət göndərmiş və ərazidə olan video və foto-şəkilləri ərizəyə əlavə etmişdir. Protokoldan verdiyi şikayətə baxılmadan həmin protokola əsasən barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında TP ******* nömrəli qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində təkrar olaraq “AsanPay” elektron portaldakı şəxsi kabineti vasitəsilə həmin qərardan şikayət vermişdir. xx.xx.2023-cü il tarixində BDYPİ-dən ona zənglər olunmuş və şikayəti ilə bağlı suallar verilmişdir. xx.xx.2023-cü il tarixində o, idarəyə dəvət olunmuşdur. Novruz bayramı ilə ələqədar iş günləri olmadığı üçün o, xx.xx.2023-cü il tarixində idarədə (216-cı otaqda) olmuş və idarədə polis kapitanı ona həmin ərazidə qırıq xətlərinin olmamasını bildirmişdir. Həqiqətən də sonradan o, həmin ərazidə olarkən, yoldakı qırıq xəttin üzərində sonradan küstar üsulla düz xəttin çəkilməsini müşayiət etmişdir. Halbuki, protokol yazılan tarixdə çəkdiyi fotoşəkillərdə həmin yolda qırıq xətlərin olması aydın görünür. Hesab edir ki, Azərbaycan Respublikası DİN BŞDYPİ Bakı şəhər X13 İdarəsinin Yol Patrul Xidmətinin inspektoru X7 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında elektron protokol və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar əsassız və qanunsuzdur. Polis əməkdaşları bu protokolun və qərarın əsassız və qanunsuz olmasını bilərək, istirahət günlərində həmin ərazidə yolun qırıq xətlərinin üzərinə boya ilə düz xətlər çəkmiş, bununla da onun haqsız olduğunu göstərməyə çalışmışlar. Bu səbəbdən də, həmin qərar məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qərar onun iştirakı olmadan qəbul olunmuşdur. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X13 İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, X3 təqdim etdiyi fotoşəkillərdən görünür ki, asfaltın rəngi ilə xəttin rəngi fərqlidir. Əvvəllər orada qırıq-qırıq xətt olub, sonradan rənglənib düz xətt olub. X5 tərəfindən inzibati xətanın törədildiyi gün həmin yolda qırıq xətt deyil, düz xətt olmuşdur. X5 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədən əsassız olduğuna görə şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər BPİ-nin X13 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yolpatrul xidməti inspektoru, polis baş serjantı E.G.Qənizadə tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 14:31 radələrində idarə etdiyi “Toyota Rav-4 minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydaları pozulmuşdur. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Bakı şəhər BPİ-nin X13 İdarəsinin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhər BPİ-nin X13 İdarəsinin üzərinə qoyulsa da, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 83-cü maddəsinin İİİ bəndinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X5 barəsində inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edildiyindən, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, onun barəsində Bakı şəhər BPİ-nin X13 İdarəsinin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhər BPİ-nin X13 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ-nin X13 İdarəsinin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər BPİ-nin X13 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar