Məhkəmə qərarları › İş №3(007)-2748/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2748/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2748/2024 31.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Salyan rayonu, P.Gəncəlı kəndində anadan olmuş, Salyan rayonu, P.Gəncəlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 329.3, 511.1.1 və 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində idarə etdiyi “Mercedes Benz E350” minik markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq etmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman bir nəfər şəxsin “Mercedes Benz E350” minik markalı, **-DA- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toy karvanında avtoxuliqanlıq etməsi barədə məlumat daxil olmuşdur. X5 Polisi Şöbəsində videogörüntülərə baxmış və avtomobilin Yeni Klinikada olduğu müəyyən edilərək həmin əraziyə yaxınlaşmışdır. Orada avtomobili idarə edən şəxsin Şəxs olduğu, həmçinin, həmin şəxsin toy karvanı ilə əlaqəsinin olmadığı, avtomobildə vəziyyəti ağır olan xəstə olduğuna görə həmin şəxsin yol hərəkəti qaydalarını pozduğu müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, diş həkimi işləyir. Ona müraciət edən vətəndaşdan iynəyə qarşı allergiyasının olub-olmamasını soruşmuş, həmin şəxs isə cavabında hər hansı probleminin olmadığını bildirsə də, xəstəyə iynə vuran zaman xəstənin vəziyyəti qəflətən pisləşmişdir. O, dərhal X4 dəvət etsə də, X4 gecikdiyi üçün, xəstəni özü xəstəxanaya aparmışdır. Yolda sıxlıq olduğundan tələsdiyinə görə avtomobil ilə yol hərəkəti qaydalarını pozmuş, lakin avtoxuliqanlıq etməmişdir. Ümumiyyətlə videogörüntülərdə olan toy karvanı ilə əlaqəsi olmamışdır. O, xəstəni Yeni Klinikaya aparmış, orada olan zaman X6 Şöbəsinin əməkdaşları yaxınlaşmış, avtoxuliqanlıq etdiyini bildirmişlər. O, X6 Şöbəsinin əməkdaşlarına avtomobildə xəstə olduğu üçün yol hərəkəti qaydalarını pozduğunu bildirmişdir. O, bir sıra qayda pozuntusuna yol versə də avtoxuliqanlıq etməmişdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2024cü il tarixli aktdan görünür ki, “Mercedes Benz E350” minik markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə, saat 23:05-də 22 saylı duracağa yerləşdirilmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.1 və 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin tələbinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 511.3-cü maddəsinə əsasən bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati məsuliyyətə cəlb olunmuş Şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşdüyündən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 511.1.1 və 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair mötəbər sübut təqdim edilmədiyindən məhkəmə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olduğu qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.1 və 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə isə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 511.1.1 və 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar