Məhkəmə qərarları › İş №3(007)-2751/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2751/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2751/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə gecə saatlarında ünvan 2 ünvanında yerləşən evlərində əmisiqızı X5 ilə mübahisə edərək üz nahiyəsindən vurmuşdur. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru, polis kapitanı B.S.Məmmədli tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı mənzildə olarkən təxminən gecə saat 03 radələrində yuxudan durub aşağı mərtəbədə mətbəxə düşərkən əmisi qızları Mələk və Fatimənin oyaq olduqlarını görmüş və bu saatda yatmadıqları üçün onlara iradını bildirmişdir. Babası da onlara yatmaqlarını demiş və lakin qızlar əməl etməmişlər. Bu zaman Fatimə ona narazılığını bildirib onunla mübahisə etmişdir. Mübahisə zamanı babası Zülfi onları sakitləşdirmiş və qızları yatdıqları otağa keçirtmişdir. Fatimə ilə onun arasında mübahisə olsada, o Fatiməyə şillə vurmamış, sadəcə gec yatdığı üçün irad bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, martın 21-dən 22nə keçən gecə atasının dəfni ilə əlaqədar babasıgildə olarkən saat 23:30 radələrində əmisioğlu Kamran onun və bacısının zalda olduğunu görüb onlara otağa keçib yatmaqlarını bildirmişdir. O, yatmaq istəmədiyini dedikdə Kamran onları təhqir edərək nalayiq ifadələr işlətmişdir. O da qarşılığında ona nə deyirsə özünə aid olduğunu bildirmişdir. Həmin vaxt Kamran ona 2 şillə vurmuş və bir təpik də atmışdır. Bacısı onu müdafiə etmək istəyərkən bacısını itələyərək yatağa çırpmış, bu zaman bacısının başı divara dəymişdir. Daha sonra hər ikisini otağa salaraq telefonlarını əllərindən almış analarına xəbər verməyə icazə verməmişlər. Kamran onları vurarkən evdə olan digər şəxslər heç bir müdaxilə etməmişlər. Gecədən səhərə qədər otağın qapısını bağlayaraq otaqdan çıxmağa icazə verməmişlər. Şəxs ilə barışmamışdır, şikayətçidir. Məhkəmə iclasında dindirilmiş şahid X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə eyni məzmunda izahat vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 zərərçəkmiş şəxs X5 ilə oxşar məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli, 252 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 2004-cü il təvəllüdlü X2 almış olduğu xəsarət-sol yanağın selikli qişasının, kiçik ölçülü əzilmiş yarası ilə müşayiət olunan qansızması bərk küt əşyanın təsirindən törənmişdir, alınma müddəti müayinədən 3-4 gün əvvələ uyğun gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar