Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2757/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin sahə inspektoru X7, zərərçəkmiş şəxslər X5, X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəpəz, Gəncə, 3mik, 10, 12 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, 3-cü mik, Yeni Məhlələrdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1, 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Allahverdiyev F.E xx.xx.2025-ci il tarixdə saat 18:40 rdələrində polisin ünvanına nalayiq ifadələr işlərədərək polisin qanuni tələblərini pozmuşdur. Nəticədə Şəxs tərəfindən AR İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə vətəndaş X4 intim şəkillərini instagram sosial şəbəkəsində yaymışdır. Nəticədə Şəxs tərəfindən AR İXM-nin 388-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin sahə inspektoru X15 izahatında bildirmişdir ki, həmin gün növbədə olmuş və məsul növbətçinin raportu əsasında protokol tərtib etmişdir. Polisin iş rejimini pozmaqla yanaşı polisin qanuni tələblərinə əməl etməmiş, şöbənin müvəqqəti saxlama yerinin qapısını zədələmişdir. Şəxsi raport əsasında təhvil almışdır. 510-cu maddəni polis əməkdaşları və zərərçəkmişə qarşı nalayiq ifadələr işlətdiyinə və paylaşdığına görə tərtib etmişlər. Yayılması qadağan olunmuş video materialları yaydığı üçün 388-1.1-ci maddə ilə də protokol tərtib etmişdir. Zərərçəkmişlə inzibati xəta törədən şəxsin əvvəllər münasibətləri olub. X1 izahatında bildirmişdir ki, o, həmin gün məsul növbətçi olmuşdur. Şəxs səs-küy saldığı üçün barəsində raport tərtib etmişdir. X2 izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Oğuzda yaşayır. 10 ildir ki, bağçada müəllim işləyir. Yoldaşı uzun müddətdir ki, Rusiyadadır. Yay tətillərində isə işləmək üçün rayondan Bakıya gəlmişdir. O, Elnur ilə onun işlədiyi restoranda tanış olmuşdur. Onun qabyuyan işlədiyi obyektdə Elnur da ofisiant işləmişdir. Aralarında münasibət yaranmış, boşluğuna düşdüyü üçün səhv buraxmışdır. Sonra evə qayıtmış, rayona getmişdir. Amma Elnur ondan əl çəkməmişdir. O bildirmişdir ki, onun ailəsi var, xoşbəxtdir, ailəsi ilə yaşamaq istəyir, ancaq Elnur nə qədər desə də, onu narahat etməyə davam etmişdir. Onun fotoşəkillərini paylaşmışdır. Onun bacısına, oğluna şəkillərini göndərmişdir. Dəfələrlə paylaşım etmişdir. Həmişə instagramda paylaşsa da, indi isə tiktokda paylaşmışdır Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onlar tanış olduqdan bir ay sonradan zərərçəkmiş işdən çıxmışdır. Ayın 29-u onlar başqa cür görüşmüşlər. Sonra rayona çıxıb getmişdir. Özü ona yazmışdır ki, Bakıdadır. O, 2 ay işləyib ona baxmış, bunun qarşılığında isə o çıxıb getmişdir. O ailəsinə məktub yazıb, onun yanına gəlmiş, 2 ay onunla qalmış, işləyib ona baxmışdır. Sonra isə çıxıb getdiyi üçün paylaşım etmişdir. Onun paylaşdıqlarını heç kim görə bilməz. Çünki səhifəsi bağlıdır. İş yerindən polis gəlib onu götürmüşdür. Qapıdan girişdə o, polisi söymüşdür. Polisi söyəndə təxmini 3 nəfər var idi, binanın içində söyüş söymüşdür. Polisə müqaviməti olmamışdır. Amma söyüş söymüşdür. Polisi söymüş və üzr də istəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi X16 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində 388-1.1-ci və 535.1-ci maddənin tərkibi olmadığına görə həmin hissədə icraata xitam verilməldir. Amma 510-cu maddənin tərkibi isə qismən qəbul etdiyindən, həmin əmələ görə yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci PŞ-nin məsun növbətçisi Asif Ələkbərov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olduğu zaman 25-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı, Sadiq Həsənovun icraatındakı material ilə əlaqədar olaraq gətirilmiş, xx.xx.1987-ci il təvəllüdlü Şəxs axşam saatlarında növbətçi hissənin normal iş rejimini pozmuş, polisin ünvanına nalayiq ifadələr işlətmiş, nizam-intizama dəvət edilsə də, 15 dəqiqə ərzində fasiləsiz olaraq qanunsuz hərəkətlərini davam etmişdir.
2. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci PŞ-nin məsun növbətçisi Asif Ələkbərov tərəfindən tərtib edilmiş raportdan görünür ki, araşdırma zamanı Şəxs məxsus olan Samsung 05A markalı mobil telefon cihazına baxış keçirilərkən X10 məxsus olan lüt fotolarını Şəxs mobil telefonunda aşkar edilmişdir.
3. xx.xx.2025-ci il tarixli “tutma protokolu”ndan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:40-dan tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməli və onun əməlində Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğu üçün həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin :
34.2-ci maddəsinə əsasən Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını isə qanunverici eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Həmin Plenum qərarında qeyd edilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz buna görə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, işin hallarından və işdə iştirak edən şəxslərin izahatlarından aydın olur ki, Şəxs polisin ünvanına nalayiq ifadələr işlətsə də, PB-də polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməmiş, həmçinin buna dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, nə özünün izahatı, nədə araşdırılmış sübutlarla (zərərçəkmiş izahatı, iş materialları) öz təsdiqini tapmamışdır. Qeyd edək ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs inzibati xətanın törədildiyi gün şöbədə olmadığını, növbəti gün növbədə olduğunu və raport əsasında protokol tərtib etdiyini bildirmişdir. Raportu tərtib etmiş polis əməkdaşının izahatından isə aydın olmuşdur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şöbədə olarkən səs-küy salmışdır. Raportu tərtib etmiş polis əməkdaşı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs polisin hansı qanuni tələblərinə tabe olmamasına dair məhkəmənin sualına cavab verə bilməmiş, sadəcə səs-küy saldığını bildirmişdir. Nəzərə alınmalıdır ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Lakin məhkəmə araşdırılması nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin polisin hansı qanuni tələblərinə tabe olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ola halda məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs polis əməkdaşlarına müqavimət göstərməməsini təsdiq edən sübutların olmaması Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasın da ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs polis əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin ifadəsi, polis əməkdaşının ifadəsi və iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsində Bu Məcəllənin 388-1.1.1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilməsi göstərilmişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; dövlət sirri təşkil edən məlumatlar; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatlar (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla); odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar; pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar və s. Həmçinin həmin maddənin 13-2.3.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyaların da yerlışdirilməsinə yol verilməməlidir. Göründüyü kimi, qanunvericilik yayılması qadağan edilən məlumatların siyahısını qəti şəkildə müəyyən etməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs “İnstagram” sosial şəbəkəsində əvvəllər şəxsi münasibətləri olduğu X6 məxsus olan qeyri-etik fotoşəkilləri yaymışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bunu məhkəmə iclasında verdiyi izahatında bildirmişdir. Nəzərə alsaq ki, son dövrlərdə yaşından asılı olmayaraq hər bir şəxs sosial şəbəkələrdən, o cümlədən “İnstagram” sosial şəbəkəsindən istifadə edir, o zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs paylaşdığı fotoşəkillər və videolar informasiya ehtiyatında yayılması qadağan edilən məlumatlara daxildir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs paylaşdığı fotoşəkillər və videolar hüquq normalarına zidd olmaqla yanaşı, əxlaqi dəyərlərimizə və milli mentaletimizə də ziddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, o cümlədən həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 388-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə 01 iyun 2025-ci il tarixdə saat 18:40-da inzibati qaydada tutulmuşdur, ona görə məhkəmə qeyd edir ki, şəxsin inzibati həbsinin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə işdə iştirak etdiyi müddət 4 iş saatına bərabər olduğundan, həmin iş saatı üçün Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 388.1-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 388.1-1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx.xx.2025-ci il saat 18:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 saat hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X13 müvafiq hesablaşma hesabı üzərindən 44 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər
Hakim Starə Əliyeva