Məhkəmə qərarları › İş №3(007)-2768/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2768/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2768/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 26 aprel 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 26 aprel 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 26 aprel 2023-cü il tarixdə saat 10:35 radələrində B.Çobanzadə küçəsi ilə hərəkət etdiyi “Kia” markalı **-BE-*** nömrəli avtomobil əks istiqamətdə gələn **-RL-*** nömrəli “Mercedes” markalı avtomobillə toqquşmuşdur. Baş yolda gələn onun “Kia” markalı **-BE-*** nömrəli avtomobili yoluna düzgün davam etmişdir. Əks istiqamətdə gələn **-RL-*** nömrəli “Mercedes” markalı avtomobil dönmə əməliyyatını kobud pozaraq qəza vəziyyəti yaratmışdır. Nəticədə qəza baş vermişdir. Hadisə yerinə gələn polis əməkdaşlarının qərar verdiyi nəticə ilə razı deyil. Əks istiqamətdə gələn sürücü baş yolda gələn avtomobili buraxıb, sonra dönmə əməliyyatını etməli idi. Bu, video görüntüdə də aydın görünür. Video görüntünün nəzərə alınaraq ədalətli qərar verilməsini, Baş X7 İdarəsinin 26 aprel 2023-cü il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, X3 idarə etdiyi “Kia” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 26 aprel 2023-cü il tarixdə saat 10:35-də əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunan inzibati xəta hadisəsinin qeydə alındığı video görüntü, yol-nəqliyyat hadisəsinin sxemi və digər sənədlər məhkəməyə təqdim edilmişdir. Digər nəqliyyat vasitəsi icazə verilən qırıq xətdən döndüyü vaxt onunla X1 idarə etdiyi nəqliyyat vasitəsi arasında kifayət qədər uzun məsafə olmuşdur. X3 artıq dönmə əməliyyatı üçün yola daxil olmuş nəqliyyat vasitəsinin öz hərəkətini başa çatdırmasını gözləmədən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, bununla da inzibati xəta törətmişdir. İnzibati araşdırma zamanı hadisə iştirakçıları sərxoşluq müayinəsindən keçirilmişlər, belə hal aşkar olunmamışdır, onların hüquq və vəzifələri izah edilməklə yazılı izahatları alınmışdır, X3 işin faktiki hallarına uyğun qaydada əməlini etiraf etmişdir. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 26 aprel 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 26 aprel 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Kia K5 minik” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 26 aprel 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Kia K5 minik” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 26 aprel 2023-cü il tarixdə saat 10:35-də əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə, 26 aprel 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, inzibati xəta hadisəsi qərarda göstərilən qaydada baş vermişdir. Məhkəməyə təqdim edilmiş bir ədəd CD diskdəki 01 ədəd faylda olan video görüntülərə məhkəmə iclası iştirakçıları ilə baxış keçirilərkən inzibati xəta haqqında protokolda, inzibati tənbeh vermə haqqında qərarda və qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin izahatı ilə müəyyən edilmiş halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 42-ci maddəsinin Xİİ hissəsinə əsasən aşağıdakı hallarda geriyə dönmək qadağandır: 1) piyada keçidlərində; 2) tunellərdə; 3) körpülərdə, estakadalarda və onların altında; 4) dəmiryol keçidlərində; 5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə; 6) ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə. 42-ci maddəsinin Xİİİ hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. 42-ci maddəsinin XİV hissəsinə əsasən yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 26 aprel 2023-cü il tarixdə saat 10:35-də “Kia K5 minik” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, B.Çobanzadə küçəsində idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərardan şikayət vermiş X1 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, X1 idarə etdiyi nəqliyyat vasitəsinin toqquşduğu digər nəqliyyat vasitəsi yuxarıda istinad olunan qanunla qadağan edilməyən yerdə, onun kifayət qədər görünüş məsafəsində dönmə əməliyyatını həyata keçirmiş, bu zaman X1 idarə etdiyi nəqliyyat vasitəsinə maneə yaratmamışdır, əksinə, “Mercedes minik” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icazə verilən hissədə dönmə əməliyatını həyata keçirib yolu boşaltmaqla onunla eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkətinə mane olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 26 aprel 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar