Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2770/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi ev 16, mənzil 51-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 03 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “Şəxs 02 iyun 2024-cü il tarixdə təxminən saat 23:10 radələrində Məhsəti küçəsində yerləşən “Karat” restoranının qarşısında YPX-nin əməkdaşının qanuni tələbinə əməl etməmişdir”. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X6 protokolun məzmununa uyğun izahat vermiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokolda qeyd olunan 02 iyun 2024-cü il tarixində saat 23:10 radələrində Məhsəti küçəsində yerləşən “Karat” restoranının qarşısında olmamış, orada polislərlə rastlaşmamış və ya aralarında münaqişə olmamışdır. Yalnız həmin gün saat 15:00 radələrində Asifbəy və İqrar adlı yol polislərinin raportu əsasında Nizami Rayon Məhkəməsində onun barəsində inzibati işə baxılmış, məhkəmənin qərarı ilə İXM-nin 510-cu maddəsi ilə işə xitam verilmiş, İXM-nin 535.1-ci maddəsi ilə 150 manat cərimə olunmuşdur. İşdə onun adından yazılan izahatda göstərilənləri təsdiq etmir, izahatı polislər öz sözləri ilə yazmış və ona imzalatmışlar. İnzibati xəta törətmədiyinə görə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YPX inspektoru X3 izahatında göstərmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan işə 02 iyun 2024-cü il tarixdə saat 15:00 radələrində məhkəmədə baxıldıqdan sonra, həmin şəxs və onun yanındakı Xudaş adlı şəxs məhkəmə binasının qarşısında onlarla dalaşmışlar. Demişlər ki, “gördünüz, bizi cərimələdilər, gör, başınıza nə oyun açacağıq, sizi gör nə edəcəyik, deşəcəyik”. Bu ikisi kriminal şəxslərdirlər. O, Murada və Xudaşa demişdir ki, “ay qardaş, sənə qurban olum, bunlar nə ifadələrdir”, yenə həmin şəxslər başlamışlar onu hədələməyə ki, “səni DİN-ə şikayət edəcəyik”. Bunlar polislə düşmənçilik edirlər. Polis görəndə öldürmək istəyirlər. Bunlar üçün tədbir görülmür, 150 manat cərimə bunlar üçün heç nədir. Mən evimə-eşiyimə getmiyim, bu nə şeydir? Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YPX inspektoru X4, şahid A.İ.Bayramovla eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qeyd olunan vaxt Şəxs atası da onlara qoşulmuş və ona demişdir ki, “səni deşərəm”. Muradla Xudaşı polis bölməsinə aparmışlar, Xudaşın üzərindən narkotik vasitə çıxmışdır. Bunlar kriminal aləmin üzvləridir. Bıçağı onun üzərinə atmışlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol, həmin şəxsin 02 iyun 2024-cü il tarixdə təxminən saat 23:10 radələrində Məhsəti küçəsində yerləşən “Karat” restoranının qarşısında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı tərtib edilmişdir. Hansı ki, məhkəmə iclasında həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Nizami RPİ-nin DYPŞ-nin YPX inspektorları X3 və X1 izahatları ilə müəyyən olunmuşdur ki, ehtimal olunan inzibati xəta 02 iyun 2024-cü il tarixdə saat 15:00 radələrində ünvan 1 ünvanında yerləşən inzibati binasının qarşısında törədilmişdir, inzibati xəta haqqında protokolda isə ehtimal olunan inzibati xətanın törədilmə vaxtı və yeri “02 iyun 2024-cü il, saat 23:10 radələri, Məhsəti küçəsində yerləşən “Karat” restoranının qarşısı” kimi göstərilmişdir. Göründüyü kimi, zaman və məkan fərqləri kifayət qədər ziddiyyətlidir. İş materiallarında olan həmin YPX əməkdaşlarının 03 iyun 2024-cü il tarixdə 25-ci polis şöbəsində qeydiyyata alınmış tarixsiz raportları isə ümumiyyətlə onlar tərəfindən imzalanmamışdır. Belə olan halda, həmin raportun sübut kimi qiymətləndirilməsi üçün hüquqi əsas yoxdur, eyni zamanda raportda xətanın baş vermə vaxtı və yeri öz əksini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Qanunun mənasına görə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması üçün polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməli, inzibati xətanın subyekti isə onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır. Hazırkı halda isə, məhkəmə tədqiqi zamanı Şəxs istinad edilən xətanı törətməsi işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin mənası baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübut etmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lakin qanunun həmin tələbinə əməl edilməmiş, Şəxs inzibati xətanın törədilməsinə aidiyyəti müəyyən olunmamış, həmçinin onun inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Təqdim olunan raport imzalanmadığından isə, qanuni olaraq əldə edilmiş sübut kimi qəbulu yolverilməzdir. Bundan başqa, əldə olunaraq iş materiallarına əlavə edilən sənədlərlə müəyyən olunmuşdur ki, Nizami RPİ-nin DYPŞ-nin YPX inspektorları X3 və X1 01 iyun 2024-cü il tarixli raportları əsasında Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru tərəfindən Şəxs barəsində 02 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola görə, “Şəxs 01 iyun 2024-cü il tarixdə saat 22:25 radələrində Nizami rayonu, “Karat” restoranın yanında içkili vəziyyətdə YPX əməkdaşları ilə mübahisə edib onların qanuni tələblərinə tabe olmamışdır”. İşə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2024-cü il tarixli 3(007)-2759/2024 nömrəli qərarı ilə Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilmiş, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 150 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Göründüyü kimi, hər iki iş üzrə raportlar eyni polis əməkdaşları tərəfindən, eyni şəxs barəsində yazılmışdır, hansı ki, cari iş üzrə raporta münasibətdə məhkəmə hüquqi mövqeyini yuxarıda göstərilən qaydada əks etdirmişdir, bu halın özü belə, onu deməyə əsas verir ki, Şəxs təqsirlilyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə olunmağa cəhd edilmişdir. Hansı ki, bütün bu qeyd edilənlər inzibati xəta hadisəsini, Şəxs bu xətanı törətməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadığına, təqsirliliyi sübuta yetirilmədiyinə və təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə xitam verilməli, bundan başqa, o, məhkəmə iclas zalında dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X7 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2770/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2770/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver