Məhkəmə qərarları › İş №3(007)-2774/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2774/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2774/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X3, tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi - “Fides” Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçiləri - “Union” Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1976-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Z.M.Həmzəyev tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə 300000 (üç yüz min) BƏƏ dirhəmi borcun, əlavə olaraq 19276 (on doqquz min iki yüz yetmiş altı) manat hər ilə görə 5% hesablanmaqla faiz borcunun, 200 manat hüquqi yardım olmaqla cəmi 19476 (on doqquz min dörd yüz yetmiş altı) manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması qət edilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş borclunun ünvanına göndərilmişdir. Borclu icra sənədinə münasibət bildirmədiyi üçün barəsində axtarış elan edilmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 7 il bundan qabaq Dubayda yaşayanda Elnurənin evində kirayədə qalmışdır. Həmin vaxt pula ehtiyacı olduğundan iki dəfəyə, hər dəfə 100.000 BƏƏ dirhəmi olmaqla, cəmi 200000 BƏƏ dirhəmi borca pul götürmüş və faizi ilə birlikdə ödəmişdir. Bu gün aeroportda saxlanıldığı zaman məhdudiyyətinin olduğu və axtarışda olduğundan məlumatı olmuşdur. O, Elnurədən götürdüyü 200.000 BƏƏ dirhəmi məbləğində pulu hissə-hissə qaytarmış, borcu qalmamışdır. İndi dediyi puldan xəbəri yoxdur. Əvvəl soyadı Allahverdiyeva olmuş, ailə qurduğu üçün soyadı dəyişilib Şıxəliyeva olmuşdur. Sonuncu dəfə Elnurə ilə 2017-ci ilin yanvar ayında danışmış, Elnurə ondan Azərbaycana getdikdə notariusda ona borcu olduğunu yazmasını tələb etmiş, o da Elnurəyə borcu olmadığını, çek verdiyini yazmışdır. O, Elnurənin əlindən Dubayı tərk etmişdir. Məhkəmə iclasları, icra sənədləri və digər hərəkətlər barədə rəsmi bildirişi və məhkəmə qətnaməsini almamışdır. Bakı şəhəri, ünvan 3 ünvan yataqxanadır. Həmin sənədlər ora gedib çatsa belə ona bu barədə məlumat verə biləcək kimsə həmin ünvanda yaşamır. 2022-ci ildə Bakıda olmuş, 12 fevral 2023-cü ildə ölkədən xaricə çıxmış və həmin vaxt heç bir problem yaşanmamışdır. Qətnamədən şikayət verəcəkdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, borclu Dubayda ondan 300.000 dirhəm götürmüş, lakin qaytarmamışdır. Borclu soyadını dəyişdiyi üçün onu tapa bilməmiş, yaşayış yerindən isə xəbəri olmamışdır. Borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmiş, qətnamə qəbul edilmiş və icraya göndərilmişdir. İcra sənədini icra etməyə borclunun imkanı vardır. Şikayətçidir, icra sənədinin icra olunmasını və pulunun qaytarılmasını tələb edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şıxəliyeva (Allahverdizadə) Esmira Əlişah qızından Zərərçəkmiş şəxs xeyrinə 300000 (üç yüz min) BƏƏ dirhəmi (qətnamə qəbul olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi nəzərə alınmaqla) borcun, əlavə olaraq 19276 (on doqquz min iki yüz yetmiş altı) manat hər ilə görə 5% hesablanmaqla faiz borcunun, 200 manat hüquqi yardım olmaqla cəmi 19476 (on doqquz min dörd yüz yetmiş altı) manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi icra etməsi üçün 10 gün vaxt verilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi çıxarılan zaman Şəxs məhkəmə iclasında iştirak etməmiş və qətnaməni almamışdır. 2(007)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin Şəxs göndərilməsini təsdiq edən sənəd (poçt qəbzi, reyestr) iş materiallarına əlavə edilməmişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasından azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 36 (otuz altı) manat (6x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X4 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 6 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 36 (otuz altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar