Məhkəmə qərarları › İş №3(007)-2780/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2780/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2780/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X1, qərardan şikayət vermiş X7 vəkili - “LCG” vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 20 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X13 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 20 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi (bundan sonra: səlahiyyətli orqan) tərəfindən Azərsun Holdinq MMC-nin baş direktoru X22 barəsində AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı MN № ******* nömrəli, 23 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunan inzibati xəta haqqında protokola 20 may 2024-cü il tarixində səlahiyyətli orqanın inzibati binasında rəis müavini X4 və əmək müfəttişi B.Rzayevanın iştirakı ilə baxılmış və MN № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Sözügedən qərara əsasən, vəzifəli şəxs X22 AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 4000.00 AZN (dörd min manat) məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərar xx.xx.2024cü il tarixində Azərsun Holdinq MMC-yə rəsmi poçt vasitəsilə daxil olmuşdur. Səlahiyyətli orqan tərəfindən qəbul edilmiş MN № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərar AR İXM-nin 53.1.1; 53.1.2; 53.2; 75.0.1; 75.0.3; 135.1.2; 135.1.3; 135.1.4-cü maddələrinin tələblərinə zidd olduğu üçün ləğv edilməli və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, iş üzrə şəxsin əməllərində inzibati xəta tərkibi mövcud deyil; Azərsun Holdinq MMC X3 (0YC5X4W) və X5 (1R8XQUF) adlı şəxslərə iş məqsədli icazə almaq üçün “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə hər hansı müraciət ünvanlamamışdır. Əvvəla, qeyd olunmalıdır ki, Azərsun Holdinq MMC tərəfindən X3 (0YC5X4W) və X5 (1R8XQUF) adlı şəxslərə Qarabağ və Şərqi Zəngəzur bölgəsinə giriş üçün “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən hər hansı icazə alınmamışdır. X17 MMC təşkilat olaraq, ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. X8 tərəfindən ona daxil olan məlumatlar araşdırılarkən Azərsun Holdinq MMC-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan hansı inzibati ərazi vahidində fəaliyyət göstərdiyi, hansı sahibkarlıq fəaliyyəti növü ilə məşğul olduğu, qeyd olunan işçilərin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olub-olmaması, daxil olublarsa hansı rayonda işlərin icrasına cəlb olunub-olunmaması, ümumiyyətlə, araşdırılmamışdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Azərsun Holdinq MMC-nin hər hansı iş yeri və fəaliyyət sahəsi yoxdur. Qeyd olunan şəxslərlə şirkətləri arasında hər hansı müqavilə danışığı olmamış, bu şəxslərə hər hansı iş təklifi edilməmiş, onlara dair icazə alınması üçün hər hansı orqana müraciət olunmamış, həmin şəxslər nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, nə də Azərbaycan Respublikasının digər rayonlarında tərəflərindən hər hansı işə cəlb edilməmiş, ümumiyyətlə, qeyd olunan şəxsləri hüquqi şəxs Azərsun Holdinq MMC olaraq tanımırlar. Ehtimal olunur ki, informasiya sistemində texniki problem və ya yanlışlıq səbəbindən qeyd olunan şəxslər barəsində Azərsun Holdinq MMC-nin adına belə bir icazə görünməkdədir. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən icazələr birbaşa sahibkarlıq subyektləri tərəfindən yox, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müvafiq struktur qurumlarının vasitəçiliyi ilə alınmaqdadır. Belə ki, sahibkarlıq subyekti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müvafiq struktur qurumu tərəfindən müəyyənləşdirilmiş formada rəsmi elektron poçt və kağız formada müraciət ilə həmin quruma icazə üçün müraciət edir (müraciətin forması etiraza əlavə edilir) və icazə həmin qurum tərəfindən təsdiq edildikdən sonra informasiya sisteminə ötürülür. Azərsun Holdinq MMC olaraq qeyd olunan şəxslərə icazə almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müvafiq struktur qurumuna tərəflərindən hər hansı müraciət olunmamışdır. X8 tərəfindən bu hissədə də hər hansı araşdırma aparılmamış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən hüquqi şəxsin müraciət məktubu tələb edilməmiş və iş materiallarına əlavə edilməmişdir. Azərsun Holdinq MMC tərəfindən X3 (0YC5X4W) və X5 (1R8XQUF) adlı şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməmişdir. Diqqətə layiq digər məqam ondan ibarətdir ki, fərz edilsə ki, Azərsun Holdinq MMC tərəfindən bu şəxslər üçün rəsmi icazə alınmışdır, o zaman bu hal belə, şəxsin AR İXM 192.1-ci maddəsi ilə inzibati xəta qaydasında məsuliyyətə cəlb olunması üçün yetərli deyildir. Belə ki, şəxs AR İXM 192.1-ci maddəsi ilə yalnız əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsinə görə məsuliyyətə cəlb olunur. Lakin bildirirlər ki, Azərsun Holdinq MMC tərəfindən X3 (0YC5X4W) və X5 (1R8XQUF) adlı şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. X8 tərəfindən bu hissədə də hər hansı araşdırma aparılmamış, qeyd olunan şəxslərin Azərsun Holdinq MMC-yə məxsus hansı iş yerində, hansı vəzifə üzrə hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu müəyyən olunmamışdır. İş materiallarında da şəxslərin işə cəlb edilməsi ilə bağlı hər hansı yazılı sənəd, sübut və ya bir dəlil mövcud deyildir. Halbuki həmin şəxslər əgər Azərsun Holdinq MMC tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlərsə, ən azı X8 Xidməti və ya işğaldan azad olunmuş ərazilərdə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyi tərəfindən həmin şəxslərin və ya onların iş yoldaşlarının yazılı izahatı alınmalı, cəlb olunduqları iş yerinin audio-video çəkilişi aparılmalı və digər müvafiq sübutlar toplanmalı idi. İnzibati məsuliyyətin əsası düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində icazə alınmış işçi ilə əmək müqaviləsi bağlamamağa görə hər hansı inzibati xəta məsuliyyəti nəzərdə tutulmamışdır. X12 Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Daxili İşlər Nazirliyi və X8 tərəfindən araşdırma aparılarkən Azərsun Holdinq MMC-nin həmin işçiləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi ümumiyyətlə araşdırılmamış və araşdırma predmeti olmamışdır, bu da o deməkdir ki, bu gün hüquqi şəxs Azərsun Holdinq MMC sırf iki nəfər şəxs üçün rəsmi giriş icazəsi aldığına və icazə aldığı işçilərlə əmək müqaviləsi bağlamadığına görə məsuliyyətə cəlb olunur. Bu isə yolverilməzdir, çünki nə AR İnzibati Xətalar Məcəlləsində, nə də digər normativ hüquqi aktlarda icazə aldığın işçiylə əmək müqaviləsi bağlamamağa görə hər hansı məsuliyyət nəzərdə tutulmamışdır. Əgər belə bir əməl qadağan olunmuş əməldirsə, o zaman X8 tərəfindən inzibati xəta haqqında protokol AR İXM 192.1 ilə yox, digər mövcud maddə ilə tərtib edilməli idi. Lakin belə bir maddə mövcud olmadığına görə, əməl də qadağan olunan əməl hesab olunmur. Hüquqi şəxs icazə aldığı işçi ilə mütləq əmək müqaviləsi bağlamaq məcburiyyətində deyil. Məsələn, hüquqi şəxs Azərbaycan Respublikasına gələn əcnəbi bir şəxslə əmək müqaviləsi danışıqlarına girə və əmək şərtlərini razılaşdıra, daha sonra ona rəsmi iş icazəsi alınması üçün AR Dövlət Miqrasiya Xidmətinə müraciət edib iş icazəsi ala bilər. Lakin elə ola bilər ki, əcnəbiyə iş icazəsi alındıqdan sonra onunla müəyyən səbəblərdən (məsələn, işçinin və ya işəgötürənin fikrinin dəyişməsi, əcnəbinin öz ölkəsinə geri dönməsi və s.) müqavilə bağlamaqdan imtina oluna bilər. Bu halda AR Dövlət Miqrasiya Xidməti hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmir, çünki inzibati xətalar qanunvericiliyində bu cür situasiya inzibati xəta kimi qiymətləndirilmir. Protokol o zaman tərtib olunur ki, hüquqi şəxs iş icazəsi almamışdan əvvəl və ya iş icazəsi almadan əcnəbi şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edir. Eynilə hazırki işdə də hüquqi şəxs Azərsun Holdinq MMC işğaldan azad olunmuş ərazilərə giriş icazəsi alınmış işçi ilə əmək müqaviləsi bağlamamağa görə inzibati məsuliyyətə cəlb olunur, halbuki inzibati xətalar qanunvericiliyi ilə bu əməl qadağan olunan və inzibati xəta hesab edilən əməl deyildir. İs üzrə təqsirli olma barədə şübhələr şəxsin xeyrinə həll edilməlidir. Məlumat üçün bildirir ki, hazırki işdə bir xeyli şübhəli məqamlar mövcuddur ki, bu cür şübhəli məqamlar yalnız təqsirləndirilən şəxsin xeyrinə həll edilməli və buna görə də iş üzrə icraata xitam verilməlidir. Hesab edir ki, iş üzrə aşağıda ətraflı qeyd olunduğu kimi təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olan şübhəli məqamlar mövcuddur: hüquqi şəxsin qeyd olunan işçilər üçün icazə alması: hüquqi şəxs indiyə qədər heç vaxt həmin portal üzərindən hər hansı şəxs üçün icazə almamışdır, hüquqi şəxsin işğaldan azad olunmuş həmin ərazilərdə heç bir iş yeri və sahibkarlıq fəaliyyəti mövcud deyil, hüquqi şəxsin həmin işçilərlə bağlı səlahiyyətli quruma ünvanladığı müraciət məktubu iş materiallarında yoxdur və sair, hüquqi şəxsin qeyd olunan işçiləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi: hüquqi şəxsin işğaldan azad olunmuş həmin ərazilərdə heç bir iş yeri və sahibkarlıq fəaliyyəti mövcud deyil, qeyd olunan işçilərin faktiki olaraq işğaldan azad olunmuş ərazilərə daxil olub-olmaması barədə məlumatın olmaması, qeyd olunan işçilərin və ya onların iş yoldaşlarının yazılı izahatının olmaması, işçilərin cəlb olunduqları iş yerinin audio-video çəkilişi, hansı əmək funksiyalarını yerinə yetirməsi və ya hər hansı formada digər bir sübutun iş materiallarında mövcud olmaması və sair, hüquqi şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə məhkəmədə iş üzrə icraata xitam verilməsi: məlumat üçün bildirir ki, səlahiyyətli orqan tərəfindən eyni mübahisəli məsələ ilə bağlı həmçinin hüquqi şəxs Azərsun Holdinq MMC barəsində AR İXM 192.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərmişdir. Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hüquqi şəxsin yuxarıda qeyd olunan etirazı əsaslı hesab edilmiş və iş üzrə inzibati xəta hadisəsi mövcud olmadığı üçün icraata xitam verilmişdir. Qeyd olunanlara əsasən, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş MN № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı, qərardan şikayət vermiş X19 vəkili X9 məhkəməyə ayrıca yazılı vəsatət verərək göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı hüquqlarını müdafiə etdiyi X22 barəsində X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətləri üzrə 3(007)-2780/2024 nömrəli iş məhkəmənin icraatındadır. Məlumat üçün bildirir ki, eyni fakt üzrə səlahiyyətli orqan tərəfindən vəzifəli şəxs M.S.Uzan ilə birlikdə eyni zamanda hüquqi şəxs Azərsun Holdinq MMC barəsində də inzibati xəta haqqında icraat başladılmış və həmin iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsi baxaraq 3(103)- 1506/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, X8 Xidməti tərəfindən "xxxx" MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı material üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Məhkəmə qərarında qeyd edir: “X8 Xidməti isə Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" MMC tərəfindən icazəsi istənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əmək fəaliyyətinə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Belə olan vəziyyətdə, X3 və X2 həqiqətən məlumatda qeyd edilən tarixlərdə qeyd edilən rayonlara gedib-getməmələri, icazə almaqla həmin ərazilərə getmişlərsə orada "xxxx" MMC tərəfindən işlərin görülməsinə cəlb edilib-edilməmələri müəyyənləşdirilməli idi. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Beləliklə, apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunanlara istinad edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il qərarını ləğv etmiş və iş əlavə araşdırmanın aparılması üçün səlahiyyətli orqana geri qaytarılmışdır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hüquqi şəxsin iş üzrə təqsirli bilinməsi üçün iş materiallarında kifayət qədər sübutların olmadığı qənaətinə gəlmiş və sadəcə icazə alınması faktının AR İXM 192.1-ci maddənin tərkib hissəsini yaratmadığını bildirmişdir. Belə olduğu təqdirdə şikayətdə də qeyd etdikləri kimi hazırki işdə də sözügedən fiziki şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib- getməmələrini, həmin rayonlara getmişlərsə, vəzifəli şəxs X22 tərəfindən orada əmək fəaliyyətinə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Məhz bu fakt inzibati tənbeh vermə haqqında qərarın ləğvi və əlavə araşdırma üçün işin səlahiyyətli orqana geri qaytarılması üçün əsasdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1506/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qərarının hazırki işdə sübut qismində iş materiallarına əlavə edilməsi zəruriyyəti yaranmışdır. Qeyd olunanlara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1506/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının iş üzrə sübut qismində iş materiallarına əlavə edilməsini, X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və işin əlavə araşdırmanın aparılması üçün səlahiyyətli orqana geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X7 vəkili Vəkil şikayətin və vəsatətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, eyni mübahisəli məsələ ilə bağlı olduğundan Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 avqust 2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş əsaslar nəzərə alınmaqla X8 Xidmətinin Bakı şəhər İdarəsinin 20 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və işin əlavə araşdırmanın aparılması üçün səlahiyyətli orqana geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X6 şikayətin əsassız olduğunu, X8 Xidmətinin 20 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı olduğunu, X7 şikayətinin isə əsassız olduğunu göstərmiş, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən 29 mart 2024-cü il tarixdən inzibati xəta haqqında protokol tərtib edildiyi tarixə, yəni 23 aprel 2024-cü il tarixədək X3 və X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində 23 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xətaya görə həmçinin, hüquqi şəxsin rəhbəri, vəzifəli şəxs qismində X7 barəsində 23 aprel 2024cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və səlahiyyətli orqanın - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 20 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə (hazırda mübahisələndirilən) X13 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli 3(007)- 2241/2024 nömrəli qərarı ilə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından 23 aprel 2024cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin apellyasiya qaydasında verdiyi şikayətə baxan Bakı Apellyasiya Məhkəməsi özünün 01 avqust 2024-cü il tarixli 3(103)-1506/2024 nömrəli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2241/2024 nömrəli iş üzrə 04 may 2024-cü il tarixli qərardadını (işin icraatının mümkün hesab edilməsi) və 27 may 2024-cü il qərarını (işin icraatına xitam verilməsi) ləğv etmiş, işin əlavə araşdırmanın aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə qaytarılmasını qərara almışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarla gəldiyi mövqeyə görə, “... iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin sənədlərlə iş təhlili və statistik sektorunun şöbə müdiri Kamran Babayev tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin rəisinə ünvanlanmış 14 mart 2024-cü il tarixli xidməti məruzə məktubunun məzmunundan və həmin məktuba əlavə edilmiş cədvəllərdən görünür ki, aparılan təhlillər zamanı "xxxx" MMC “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına” giriş informasiya sistemi üzərindən işğaldan azad edilmiş ərazilərə Abdullayev Elşad və Əsgərov Rəfail adlı şəxslər üçün iş icazəsi almış, lakin həmin şəxslərin adına Nazirliyin “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsi aşkar edilməmişdir. "xxxx" MMC-nin baş direktoru X14 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin rəisinə ünvanladığı 22 aprel 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "xxxx" MMC-nin hər hansı iş yeri yoxdur. Adları qeyd edilən şəxslər - X3 (0YC5X4W) və X5 (1R8XQUF) "xxxx" MMC ilə əmək münasibətlərində olmamışlar və qeyd edilən vətəndaşların heç bir qeydinə rast gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış hesab edilir. Göründüyü kimi, dövlət orqanlarından (qurumlarından) məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir və inzibati araşdırmanın tələb olunduğu halda, inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs bu barədə qərardad qəbul edib işin bütün hallarını araşdırmalıdır. X8 Xidməti isə Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" MMC tərəfindən icazəsi istənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əmək fəaliyyətinə cəlb olunubolunmamalarını araşdırmamışdır. Belə olan vəziyyətdə, X3 və X2 həqiqətən məlumatda qeyd edilən tarixlərdə qeyd edilən rayonlara gedib-getməmələri, icazə almaqla həmin ərazilərə getmişlərsə orada "xxxx" MMC tərəfindən işlərin görülməsinə cəlb edilibedilməmələri müəyyənləşdirilməli idi. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə (apellyasiya instansiyası məhkəməsi) hesab edir ki, X8 Xidməti tərəfindən "xxxx" MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı material üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır...” Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, “"xxxx" MMC tərəfindən 29 mart 2024-cü il tarixdən inzibati xəta haqqında protokol tərtib edildiyi tarixə, yəni 23 aprel 2024-cü il tarixədək X3 və X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi”ndən ibarət ehtimal olunan inzibati xətaya münasibətdə yuxarıda göstərilən nəticəyə gəlməklə, qeyd etmişdir ki, ...X3 və X2 həqiqətən məlumatda qeyd edilən tarixlərdə qeyd edilən rayonlara gedib-getməmələri, icazə almaqla həmin ərazilərə getmişlərsə orada "xxxx" MMC tərəfindən işlərin görülməsinə cəlb edilib-edilməmələri müəyyənləşdirilməli idi. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir ... şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır ... X8 Xidməti tərəfindən "xxxx" MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı material üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır...” Belə olan halda, məhkəmə hesab edir ki, hüquqi şəxsin rəhbəri, vəzifəli şəxs qismində X7 ehtimal olunan eyni inzibati xətaya görə təqsirli bilinərək tənbeh olunması barədə qərarın qüvvədə qalmasına hüquqi əsaslar yoxdur. "xxxx" MMC ilə bağlı aparılan inzibati araşdırma eyni həcmdə onun vəzifəli şəxsi barəsində də aparılmışdır, vəzifəli şəxs X10 münasibətdə inzibati məsuliyyətə cəlb etməni əsaslı edəcək fərqli hal aşkar olunmamışdır, burada sübutetmə yükü üzərinə düşən qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəmə iclasında da belə sübutlar təqdim edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsinin mübahisəli məsələ ilə bağlı konkret hüquqi yanaşması, mövqeyi vardır. Ona görə məhkəmə hesab edir ki, X13 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyrimümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra vəzifəli şəxsin təsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X7 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X7 barəsindəki 20 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, 23 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X7 barəsindəki 20 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, 23 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar