Məhkəmə qərarları › İş №3(007)-2781/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2781/2024

03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2781/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mustafayeva (Həmzəyeva) Rəna İbrahim qızının və onun müdafiəçisi – Bakı şəhəri 23 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan (FİN xxxxxxx) Mustafayeva (Həmzəyeva) Rəna İbrahim qızının Azərbaycan Respublikasının İXM-nin 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən xx.xx.2024-cü il tarixdə, saat 15:07 radələrində Mustafayeva (Həmzəyeva) Rəna İbrahim qızı etibarnamə əsasında idarə etdiyi “HYUNDAİ ACCENT” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanının yaxınlığında hərəkətdə olarkən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Hadisə nəticəsində piyada Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis baş leytenantı X3 tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mustafayeva (Həmzəyeva) Rəna İbrahim qızı izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, səhər saat 8 radələrində idarə etdiyi “HYUNDAİ ACCENT” minik markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində hərəkət edərkən bir nəfər kişi cinsli şəxs onun avtomobilinin qarşısında yerə yıxılaraq qolunu əzmiş, daha sonra isə yumruq ilə onun avtomobilini vurmuşdur. Bu zaman o, avtomobilinin pəncərəsini açaraq həmin şəxsdən yolu keçərkən ehtiyatlı olmasını xahiş etmişdir. Həmin şəxs isə əsəbi formada onunla danışmış, daha sonra yolun sağı ilə çıxıb getmişdir. O, isə öz yolu ilə çıxıb getmişdir. O, avtomobili ilə həmin şəxsə cüzi toxunmuş, buna səbəb isə həmin şəxsin anidən onun avtomobilinin qarşısına çıxması olmuşdur. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 73 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş - sol diz oynağının bayır səthinin şişkinlik halında əzilməsi xəsarəti bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabaq hissələrinin təsiri nəticəsində alınmaları istisna olunmuş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/903 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “HYUNDAİ ACCENT” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Mustafayeva (Həmzəyeva) Rəna İbrahim qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Mustafayeva (Həmzəyeva) Rəna İbrahim qızının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Mustafayeva (Həmzəyeva) Rəna İbrahim qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə isə Mustafayeva (Həmzəyeva) Rəna İbrahim qızının əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Mustafayeva (Həmzəyeva) Rəna İbrahim qızının Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Mustafayeva (Həmzəyeva) Rəna İbrahim qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə Mustafayeva (Həmzəyeva) Rəna İbrahim qızının əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar