Məhkəmə qərarları › İş №3(007)-2782/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2782/2020

13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2782/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə,inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X1 iştirakları ilə, Şəxs, xx xxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 17 saylı evin 38 saylı mənzilində qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsində xx xxxxxx 2020-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli, 2(007)-626/2014 saylı icra vərəqəsinin icrasından yayınaraq tələbkar X3 ödəməli olduğu 50000 (əlli min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 50030 manat məbləğində pul vəsaitini ödəməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X5 məhkəmədə bildirdi ki, icra sənədi icraata qəbul edildikdən sonra icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borclunun poçt ünvanına göndərilmiş, borcluya icra sənədini icra etməsinə dair xəbərdarlıq edilmiş, borcun borclu tərəfindən tələbin könüllü icra müddətində ödənilmədiyi üçün borclunun əmlakının axtarışı barədə qərar qəbul edilərək aidiyyəti orqanlara göndərilmişdir. Borclunun adına ünvan 1 saylı, 22 saylı mənzilin qeydiyyatdan keçdiyi aşkar edilmişdir. Borclunun mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən 22 saylı mənzilin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə məhkəməyə təqdimat verilmişdir. Lakin həmin mənzil “Atrabank” qarşısında ipoteka ilə yüklü edildiyindən təqdimat məhkəmə tərəfindən təmin edilməmişdir. Borclunun adına digər hər hansı daşınmaz əmlak, bank hesabları və ya nəqliyyat vasitəsi aşkar olunmamışdır. Borclu verdiyi izahatında tələbkar X3 ödəməli olduğu cəmi 50030 manat məbləğində pul vəsaitindən 25000 manat hissəsini ödədiyini, tələbkara ödənilməli olan borcunun qalan hissəsinin birdəfəlik ödənilməsinə maddi imkanın olmadığını və buna görə də borcun qalan hissəsini yalnız hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları inkar edərək, bildirdi ki, icra vərəqəsi üzrə borcundan müəyyən hissəni tələbkara ödəmiş, lakin sonradan imkanı aşağı olduğu üçün və həyat yoldaşı rəhmətə getdiyi üçün borcu birdəfəlik ödəyə bilməmişdir. Tələbkar isə borcu birdəfəlik ödəməsini ondan tələb etmişdir. O, hissə-hissə ümumi borcdan müəyyən bir hissəni ödəməsini məhkəmənin nəzərinə çatdırmaq istəyir. Belə ki, əgər qətnamənin icrasından qərəzli yayınmaq kimi fikri olsa idi, ümumiyyətlə heç bir məbləğdə pul ödəməzdi. Buna görə də onun məhkəmə qətnaməsini guya üzürsüz səbəbdən icra etməməsi həqiqətə uyğun deyil və onun əməlində inzibati xəta tərkibi yoxdur. Sonda Şəxs onun inzibati məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X4 izahat verərək bildirmişdir ki, Şəxs ona ödəməli olduğu borcundan qismən ödəniş etmişdir. Lakin o, ona ödənməli olan borcun hissə-hissə ödənilməsinə etiraz edir və borcludan borcun birdəfəyə ödənilməsini tələb edir. Buna görə də məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, tələbkarı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar