Məhkəmə qərarları › İş №3(007)-2791/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2791/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2791/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Teymurov Ayaz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Nizami rayon DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Nizami rayonu, Mehdi Abbasov küçəsi 23 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 342.2.4 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Bakı şəhəri Nizami rayon DYPŞ-nin Yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.1, 332.2, 342.2.4 və 511.1.3-cü maddələri ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar ilə birlikdə baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:30-da idarə etdiyi “Khazar LX minik” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yol hərəkəti qaydalarını pozmaqla Azərbaycan Respublikası İXM-nin 332.1, 332.2, 342.2.4 və 511.1.3cü maddələri ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Nizami rayon DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X3 izahatında bildirmişdir ki, xx.xx.2025ci il tarixdə xidmətdə olarkən “Khazar LX minik” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs tərəfindən led şüşələrdən istifadə etməklə, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasını müşahidə edilən şəkildə nəqliyyat vasitəsindən istifadə edilmişdir. Bildirmişdir ki, məhkəməyə təqdim edilən videogörüntüləri həmin vaxt avtomobildə olan dostu təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, sürəti həmin vaxt normal olmuşdur. Maşın özünə məxsus deyil. Sürücülük vəsiqəsi yoxdur. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X5 izahatında məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşı və əməlindən səmimi peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən, İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, Şəxs idarə etdiyi avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq, təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan qərəzli hərəkətlərlə avtoxuliqanlıq edən şəxs kimi göstərilməklə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs məhz hansı inzibati xətanı törətdiyi qeyd olunmamış, inzibati xətanın mahiyyəti göstərilməmiş, yalnız şəxsin məsuliyyətə cəlb edildiyi maddələrin adı qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyini təsdiq edəcək sübut qismində video görüntülərin olduğu CD disk işə əlavə edilmişdir. Təqdim olunmuş CD diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Həmin CD diskə baxış keçirilən zaman avtomobilin sağ istiqamətə dönərkən yalnız bir dəfə tam dairəvi şəkildə olmayan hərəkət etməsi müşahidə olunmuşdur. Hərəkət zolağının döngələrində avtomobilin videogörüntüdə olduğu kimi hərəkətlər etməsi qaçınılmazdır. İnzibati xətalar qanunvericiliyinə görə, şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 511.1.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Yəni, əməlin həmin maddənin təsiri altına düşməsi, tövsif olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin yuxarıda göstərilən əlamətləri mövcud olmalıdır. Lakin Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30-da idarə etdiyi “Khazri LX minik” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarması və ya yolun səthində çoxsaylı təkər izləri buraxması ilə bağlı sübutlar birmənalı olaraq əldə edilməmişdir, mövcud deyildir. İnzibati xətalar qanunvericiliyinə görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Beləliklə, məhkəmə qeydedir ki, Şəxs tərəfindən ona istinad olunan inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətməsi sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə həmçinin iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamış, həmin xətanın sonuncu tərəfindən törədilməsini təsdiq edəcək digər zəruri sübutlar təqdim olunmamışdır. Belə olan halda Şəxs tam təqsirli olması, yəni onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin məcmu halında mövcud olması öz təsdiqini tapmır. Bu hallar isə inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların dairəsinə daxildir. Bundan başqa Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 332.1, 332.2, 342.2.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 342.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin Şəxs tərəfindən törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 342.2.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020- ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 342.2.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 4 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 342.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material inzibati xəta haqqında protokolu tərtib etmiş orqana geri qaytarılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 saat hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 44 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar