Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2793/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Teymurov Musa Ayaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Naxçıvan MR, Şərur, Kürkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, reklam üzrə mütəxəssis, ünvan 1 ünvanında qeydiyyatda olan və Badamdar qəsəbəsi, Massiv 2, ev 45 ünvanında yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru, polis mayoru X6 tərəfindən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-cü tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhər Nizami rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Q.Qarayev metrostansiyasının yaxınlığında nalayiq ifadə işlədərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-cü polis şöbəsinin sahə inspektoru, polis mayoru X7 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə protokol onun polis nəfərlərinə qarşı nalayiq ifadələr işlətdiyinə görə tərtib edilmişdir. Belə ki, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs tərəfindən metronun yanına qanunsuz olaraq reklam lövhəsi yerləşdirilmişdir. Protokolun tərtib edildiyi gündən bir neçə gün öncə onlara reklam lövhəsini yerləşdirməməsi barədə xəbərdarlıq edilmişdir. Lakin yenədə o, fəaliyyətinə davam etmişdir. Bugün polis lövhəni yerləşdirməyə qoymayanda ona qarşı nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən polis şöbəsinə dəvət etdikdə isə gəlməkdən imtina etmişdir. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs reklam lövhəsi yerləşdirməyə səlahiyyəti olub-olmadığı araşdırılmamış, sənədlərə baxış keçirilməmişlər. O protokolu raport əsasında tərtib etmişdir. Şəxsi saat 3-dən sonra, təxminə 4-ə qalmış gətiriblər. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında bildirmişdir ki, o, MKİS-də sahə nəzarətçisi vəzifəsində işləyir. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs reklam lövhəsinin sökülməsi ilə bağlı tələb irəli sürülməainə baxmayaraq o lövhəni sökməmiş, bu səbəbdən polisə müraciət edilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs onlara və polisə tabesizlik göstərərək işi saxlamamışdır.O, təhqiramiz ifadələr işlətmişdir. Reklam lövhələrinin yerləşdirilməsi üçün İcazəni icra hakimiyyəti verir. Onlar sadəcə nəzarət edirlər. Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında bildirmişdir ki, digər şəxslər tabesizlik göstərməmiş, sadəcə bu şəxs tabesizlik göstərmişdir. İcra hakimiyyəti dəfələrlə onlara müraciət etmişdir. İcra başçısının 1-ci müavinin imzası ilə qanunsuz reklam lövhəsinin yerləşdirilməsi ilə bağlı məktubu bu gün polisin dəftərxanasına daxil olmuşdur. Hazırda onu təqdim edə bilmir. Onlar məktubu sabah təqdim edə bilərlər. Onlar 14:39-da orada olmuş və 12-13 dəqiqə ərzində şəxsləri idarəyə gətirmişlər. Poster reklam şirkəti ilə ADRA arasında daxili müqavilə var. Müqavilə də icazə yalnız aidiyyəti qurumlarla razılaşmaqla reklam lövhəsinin yerləşdirilməsinə icazə verilmişdir. O, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs reklam lövhəsinin yerləşdirilməsinin dayandırılmasını dəfələrlə tələb etməsinə baxmayaraq, o öz fəaliyyətinə davam etmiş, işləri gecə vaxtı görmüşlər. O polisin ünvanına nalayiq ifadələr işlətmiş, polis şöbəsinə gəlməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, ADRA tərəfindən onlara reklamı yerləşdiməyə icazə verilsə də, polis reklamı yerləşdirməyə icazə vermir. 5-10 gün öncə onlara reklamı yerləşdirməmək barədə xəbərdarlıq edilmişdir. Belə ki, onlardan 2 min manat pul tələb etmişlər. Xəzər TVnin əməkdaşlarını çağırsalar da, həmin vaxt polis gəlmiş və yenə də onlara quraşdırmağa qoymamışlar. Hazırda onlardan sökülməsini tələb edirlər. O, polisə qarşı nalayiq ifadələr işlətməmiş və polis idarəsinə getməkdən imtina etməmiş, könüllü getmişdir. Onların 3 nəfər işçilərini də tutmuşlar və daha sonra onları buraxmışlar. Təxminən saat 1-2 arasında onları idarəyə aparmışlar. Polis idarəsində Rüstəm adlı polis onunla danışmışdır. ADRA reklam yerləşdirməklə bağlı müvafiq orqanlara sorğu verir və etiraz daxil olmursa reklam yerləşdirir. İcra hakimiyyətindən bildirdilər ki, reklamın yerləşdirilməsinə etiraz yoxdur və icazə verilib. Onları işləməyə Rüstəm adlı polis əməkdaşı qoymur. Polislərə qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Polis əməkdaşı ondan 2000 manat rüşvət istəmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X2 izahatında bildirdi ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmişin və şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, İXM-in 510 və 535.1-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hazırkı iş üzrə isə görünür ki, Şəxs tərəfindən məhz qeyd olunan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Belə ki, polis əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xırda xuliqanlıq hərəkətinə yol verilməsi bildirilməsinə baxmayaraq məhkəmə iclasında Şəxs qeyd edilən əmələ yol verməsi müəyyən edilməmiş və məhkəməyə qeyd edilən halı təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, Şəxs reklam üzrə mütəxəssis fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında reklam lövhəsi yerləşdirərkən polis əməkdaşları tərəfindən icazə verilməmiş, nəticədə tərəflər arasında ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnməyən mübahisə baş vermişdir. Mübahisə ondan irəli gəlmişdir ki, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs həmin reklam lövhəsi yerləşdirməyə icazəsi olduğunu bildirmiş, lakin polis əməkdaşları tərəfindən müvafiq araşdırma aparılmadan həmin reklam lövhəsinin sökülməsini tələb etmişlər. Nəticədə tərəflər arasında mübahisəli vəziyyət yaranmışdır. Polis əməkdaşları tərəfindən tərəflər arasında yaranmış mübahisəli vəziyyət zamanı barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs onların ünvanına nalayiq ifadələr işlətdiyini, həmçinin onların qanuni tələblərinə tabe olmayaraq polis şöbəsinə gəlməkdən imtina etdiyini bildirmişlər. Qeyd edilən halın təsdiqi üçün məhkəməyə şahid ifadəsi və məhkəmə iclasında X5 tərəfindən telefona qeydə alınmış video görüntü təqdim edilmişdir. Videogörüntüyə məhkəmə tərəfindən tərəfindən proses iştirakçılarının iştirakı ilə baxış keçirilmiş, lakin həmin görüntüdə barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 510-cu maddəsi və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin tərkib əlamətləri müəyyən edilməmişdir. Şahid ifadəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, məhkəməyə tədqim edilmiş şahidin hadisənin iştirakçısı olması məhkəmədə şübhə yaratmışdır, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs da şahidi görmədiyini bildirmiş, məhkəməyə təqdim edilən video görüntüdə də şahidin orada olması görünməmişdir. Beləliklə, işin hallarından görünür ki, Şəxs tərəfindən hər hansı ictimai qayda pozulmamışdır. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri isə cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bununla yanaşı, məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs ona görə inzibati məsuliyyətə cəlb edilməlidir ki, o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində qeyd olunur ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə ilk növbədə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Hazırki halda isə Şəxs hərəkətlərində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında barəsində icraat aparılan şəxs tərəfindən qəsdən tabe olmamanın nədə ifadə olunmasını müəyyən etməyə imkan verən mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi obyektiv cəhətdən aktiv hərəkətlərlə ifadə olunmalı olduğu halda, hazırki işin faktiki hallarından müəyyən edilir ki, Şəxs əməlində tabesizliklə müşahidə olunan aktiv hərəkətlər mövcud olmamışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-2793/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2793/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver