Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2801/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında icraatı başlamış Sumqayıt şəhər prokurorunu təmsil edən prokuror köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun 30 may 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, hüquqi şəxs Şəxs MMC-nin direktoru X6 MMCnin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Şahid1 2024-cü ilin iyun ayının əvvəllərindən 2025-ci ilin yanvar ayının 2-dək olan müddət ərzində Tərtər rayonda yerləşən "xxxx" toxumçuluq şirkəti üçün kartof toxumu qablaşdırmaq məqsədilə 5000 (beş min) ədəd taxta yeşik düzəldib hazırlanması işinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar Şahid1, Şahid2, Zamin Ağayevin izahatları, diskə baxış protokolu, xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokollarla, o cümlədən Şahid1 adına verilmiş təhvil-təslim aktları və qaiməfakturalar ilə öz təsdiqini tapmışdır. Araşdırma zamanı Şahid1 izahatında göstərmişdir ki, 2024-cü ilin iyun ayının əvvəllərindən 2025-ci ilin yanvar ayının 2-dək olan müddət ərzində Şəxs MMC-nin "xxxx" toxumçuluq şirkəti ilə bağladığı müqaviləyə əsasən həmin kənddə "xxxx" şirkəti üçün kartof toxumu qablaşdırmaq məqsədilə 5000 ədəd taxta yeşik düzəldib təhvil verməsi işinə aylıq 1500 manat əmək haqqı qarşılığında cəlb olunmuş, işlədiyi müddətdə onunla əmək müqaviləsi bağlanmamışdır. Araşdırma zamanı Şahid2 izahatında bildirmişdir ki, Şəxs MMC-nin direktoru Zamin müəllim Şahid1 aylıq 1500 manat əmək haqqı verilməsi ilə razılaşıb onu işə qəbul etmiş, Təbriz ilə əmək müqaviləsi bağlanmamışdır. Araşdırma zamanı X6 izahatında bildirmişdir ki, "xxxx" MMC ilə 2023-cü ilin noyabr ayında bağladığı müqaviləyə əsasən 5000 ədəd taxta yeşiklərin hazırlanmasını öhdəsinə götürmüşdür. Şəxs MMC-də işləyən Şahid2 Tərtər rayonundan olan tanışı Təbriz adlı şəxslə həmin işi qurmağı tapşırmışdır. Təbrizə hər iş günü üçün 50 manat olmaqla ayda 1500 manat əmək haqqı ödəmişdir. Təbrizlə MMC arasında heç bir müqavilə, o cümlədən əmək müqaviləsi, nə də podrat müqaviləsi bağlanmamışdır. Araşdırma zamanı Şahid1 CD diskə köçürülmüş 1 ədəd səs yazısını təqdim etmiş, təqdim edilmiş, 22 aprel 2025-ci il tarixdə diskə baxış keçirilərək bu barədə protokol tərtib olunmuşdur. Diskdə olan səs yazılarına əsasən müəyyən edilmişdir ki, Şahid1 Şəxs MMC-yə ayda 1500 manat əmək haqqı verilməklə işə qəbul edilmiş, onun yanında işləmiş fəhlələrə işə günə muzd formasında gündəlik əmək haqqı ödənilmişdir. Araşdırma zamanı “Elektron Prokurorluq” informasiya sistemi vasitəsi ilə əmək müqaviləsi məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Şahid1 məxsus FİN: xxxxxxx ilə hər hansı əmək müqaviləsi bağlanmamışdır. Eləcə də, adıçəkilən sistem vasitəsi ilə Şəxs MMC adına olan şirkət-işçi məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokolla müəyyən edilmişdir ki, həmin MMC ilə Şahid1 arasında əmək müqaviləsi bağlanılmamışdır. Hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanı AZ1118, ünvan 1 Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Şahid1 Şəxs MMC tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş müraciəti olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə görə bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılaraq Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən, hüquqi şəxs Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması, qərarın və toplanmış materialın hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Sumqayıt şəhər prokurorunu təmsil edən prokuror köməkçisi X2 qərarın dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, müdafiə tərəfi qeyd edir ki, nə xidməti, nə podrat, nə də subpodrat müqaviəsi yoxdur. Amma həmin şəxsə aylıq 1500 manat ödəniş edilmişdir. Şəxs günəmuzd işləməmişdir, günəmuzd işləsə idi, hər ay 1500 manat almazdı, hər yeşiyə görə pul alardı. Ali Məhkəmə qeyd edir ki, iş rejimi varsa, işə nəzarət edən varsa, bu, əmək münasibətləridir. Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, Mülki Məcəllə müqavilənin həm şifahi, həm də yazılı bağlanmasını qəbul edir. Burada podrat müqaviləsi münasibətləri vardır. Onlar xidmət haqqı ilə əmək haqqını ayırd edə bilmirlər. Podrat müqaviləsində də hissə-hissə ödənilmə nəzərdə tutulur. Üstəlik yeşiklər Tərtər rayonunda hazırlanır. Heç Şəxs MMC-nin istehsal yeri belə deyildir. İşçi briqadası yaradılırsa bunun Şəxs MMC-yə heç bir əlaqəsi olmur. Bu halda Şəxs MMC subpodratçıdır. İş tam araşdırılmamışdır. Məhkəmə şahidlərin cəlb olunmasını qərara almışdır, onlar da gəlib iştirak edə bilməmişlər. İşçilərin Şəxs MMC-yə aidiyyəti yoxdur, o işçiləri elə Təbriz tapmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Tərtər rayon sakini Şahid1 Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək Sumqayıt şəhərində fəaliyyət göstərən Şəxs MMC-nin onu əmək müqaviləsi bağlamadan işlədib son üç ayın 4500 manat təşkil edən əmək haqqını ödəmədiyini, adına nisyə aldığı 4976 manat dəyərində mal-materialın pulunu ödəniş etmədiyini göstərmiş, müraciət araşdırma aparılması üçün Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. Araşdırma zamanı şikayət vermiş Şahid1, Şəxs MMC-nin direktoru X3 və digər şəxslərin izahatları alınmışdır. Bundan başqa, araşdırmaya təqdim olunmuş 22 ədəd təhvil- təslim aktı və qaimə-faktura ilə aydın olmuşdur ki, Şəxs MMC-yə hər dəfə taxta paletlər gətirilərkən briqadir hesab olunan Tərbiz Eyvazlıya təhvil verilmiş, qaimə-fakturalara əsasən yeşiklərin hazılanması üçün mağazadan onun adına taxta material verilmişdir. Araşdırma zamanı Şəxs MMC-yə sorğu verilərək MMC ilə "xxxx" Şirkəti arasında bağlanmış müqavilənin surəti, Şahid1 və onunla işləmiş əmisi X4, qardaşları Pərviz və Elgiz, eyni zamanda Natiq, İlham, Fəxrəddin, Vüsal və Babək adlı şəxslərlə əmək müqaviləsinin bağlanıb-bağlanmadığı, bağlanmayıbsa onların işlərini podrat, xidmət və ya digər mülki hüquqi müqavilələr üzrə aparıbaparmadıqları barədə məlumatın verilməsi tələb edilmiş, lakin MMC tərəfindən sorğuya şifahi cavab verilərək göstərilən həmin müqavilələrdən heç birinin bağlanmadığı, bu səbəbdən həmin müqavilələrin hər hansı birinin təqdim edilməyəcəyi, bu barədə yazılı cavab verilməyəcəyi bildirilmiş, bundan sonra telefon zənglərinə cavab verilməmişdir. Şəxs MMC-nin direktoru Zamin Ağayev izahatında Şahid1 gördüyü işin müqabilində gündəlik 50 manat əmək haqqı, digər işçilərə isə hazırladıqları yeşiklərin sayına görə gündəlik əmək haqqı ödənildiyini qeyd etmişdir. Bu fikirlə razılaşmayan Şahid1 araşdırmaya Şahid2la arasında apardığı danışığın CD diskinə köçürülmüş 01 ədəd səs yazısını təqdim etmişdir. Diskdə olan səs yazılarına əsasən müəyyən edilmişdir ki, Şahid1 Şəxs MMC-yə ayda 1500 manat əmək haqqı verilməklə işə qəbul edilmiş, onun yanında işləmiş fəhlələrə işə günəmuzd formasında gündəlik əmək haqqı ödənilmişdir. Araşdırma materialına əlavə edilmiş Şahid1 adına taxta materialının verilməsinə dair qaimə fakturalara, materialın ona təhvil verilməsinə dair aktlara, göstərilən səs yazısına əsasən Şahid1 əmək müqaviləsi olmadan 4 aya yaxın müddətdə Şəxs MMC-də işləməsi, sayı 10 nəfərə çatmayan digər işçilərin isə Şahid1 yanında günəmuzd işləməsi təsdiq edilmişdir. Qeyd olunanlara əsasən, 05 may 2025-ci il tarixli qərarla, toplanmış 119C-25 material üzrə Şəxs MMC-nin direktoru X3 əməlində Azərbaycan Respublkası CM-nin 162-1.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmiş, qərardan narazı qaldıqları halda tərəflərin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək hüquqları izah edilmiş, eyni zamanda Şahid1 Şəxs MMC-yə qarşı tələbi əmək münasibətlərindən yaranıb həmin münasibətlər mülki qanunvericiliklə tənzimləndiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah olunmuşdur. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, sözügedən 05 may 2025-ci il tarixli qərar marağına toxunan şəxslər tərəfindən aidiyyəti hissədə mübahisələndirilməmiş, müvafiq prokurora və ya məhkəməyə nəzarət qaydasında şikayət verilməmişdir. Bundan başqa, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fiziki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli Qərarına əsasən əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanmasına, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Şəxs MMC tərəfindən Şahid1 2024-cü ilin iyun ayının əvvəllərindən 2025-ci ilin yanvar ayının 2-dək olan müddət ərzində "xxxx" toxumçuluq şirkəti üçün kartof toxumu qablaşdırmaq məqsədilə 5000 ədəd taxta yeşik düzəldib hazırlanması işinə cəlb edilməsi əsas olmuşdur. Məhkəmə qeyd edir ki, qanunverici, inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükünü bilavasitə inzibati icraatı aparan orqanın üzərinə qoymuş, inzibati xəta törətməsi ehtimal olunan şəxsin isə öz təqsirsizliyini sübuta yetirməli olmamasını təsbit etmişdir. Baxılan işə münasibətdə inzibati icraatı aparan orqan bununla bağlı qanunvericiliyin tələblərinə əməl etmiş, yuxarıda göstərilən qaydada mümkün sübutlarını toplamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs MMC tərəfindən törədilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Hüquqi şəxsi təmsil edən şəxsin məhkəmədə irəli sürdüyü dəlillər yuxarıda qeyd olunanlar baxımından təkzib olunmaqla, hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd kimi qiymətləndirilərək nəzərə alınmır, həmin dəlillərin hüquqi əsası yoxdur. İş üzrə icraatı istisna edən, icraata xitam verilməsinə əsas olacaq hallar müyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Eyni Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2801/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2801/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver