Məhkəmə qərarları › İş №3(007)-2802/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2802/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2802/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktru X3, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndələri X6, X2 və X9 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 26 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs vəzifəli şəxsi X7 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq vermə haqqında qərarın icrası ilə əlaqədar X10 Xidmətinin Bakı şəhər idarəsinin 30 aprel 2024-cü il tarixli, 3-17-5/2-24796/2024 nömrəli məktubunda nəzərdə tutulan tədbirlər görülməmiş, nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X7 tərəfindən inzibati xəta haqqında protokola dair yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi onun direktoru olduğu Şəxs barəsində inzibati xəta haqqında MN ******* saylı ptotokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərmişdir. Həmin protokol qərəzli şəkildə əsassız olaraq tərtib edilmişdir. Belə ki, şirkətin bütün işçiləri qanuni şəkildə işə qəbul edilmiş, hər birinin adına YapıKredi Bankda əmək haqqı ödəmələri üçün şəxsi hesab açılmış, işçilər maaş kartı ilə təmin olunmuşdur. İşlədikləri müddətdə bütün işçilər maaşlarını bank kartları vasitəsilə almış və onların sosial ödəmələri şirkət tərəfindən həyata keçirilmişdir. İşçilərdən heç biri iş şəraitindən və əmək haqqlarının vaxtında ödənilməməsindən narazı qalmamışdır. Yuxarıda qeyd olunan müraciətlə bağlı xx.xx.2024-cü ildə Nizami rayon Məhkəməsində işə baxılmışdır. Məhkəmə Şəxs İXM-nin 192.1-ci maddəsi ilə 20000 manat cərimə olunması haqqında həqiqətə uyğun olmayan qərar qəbul etmişdir. Məhkəmə prosesində hakim, Əmək Müfəttişliyinin hüquqşünasına “birinci dəfə baş verən xətaya görə ikiqat cərimə edilməsi yanlışdır və direktor Hacılı Məcnun haqqında 4500 manat cərimə qərarını ləğv edin” deməsindən sonra direktor kimi şirkətdən əlavə onun da cərimə olunmağı haqqında Müfəttişliyin qərar qəbul etdiyini bilmişdir. Digər tərəfdən müfəttişliyin nümayəndəsi, hüquqşünası hakimə “ləğv edərik” deyə cavab da vermişdir. O, elə anlamışdır ki, müfəttişlik onun da cərimə olunduğu haqqında verdiyi qərarı (protokolu) ləğv edəcəkdir. Ancaq, bundan təxminən 2 ay keçdikdən sonra Səbail rayon icra şöbəsinin icra məmuru ona zəng edərək onun özünün Əmək Müfəttişliyinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarla 4500 manat cərimə olunduğunu bildirmişdir. O, icra məmuruna məsələni yuxarıda qeyd olunduğu kimi söyləmiş və bu qərardan xəbərsiz olduğunu və qərarın ona təqdim edilmədiyini söyləmişdir. Müfəttişlik xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə onun 4500 manat cərimə olunmağı haqqında qərarı ona çatdırmışdır. Qərarın ona gec çatdırılması səbəbindən məhkəməyə qərardan şikayət edə bilməmişdir. Müfəttişliyin əməkdaşı Yaşar Hacıyevlə görüşüb ona məsələni danışdıqdan sonra, cərimə üçün 500 və 250 manat ödəniş qəbzlərini və tərəfindən hər ay cərimə üçün maaşından 50%-in tutulması haqqında zəmanət məktubunu ona təqdim etmişdir. Buna baxmayaraq müfəttişlik, sanki inadkarcasına xx.xx.2025-ci il tarixdə yenidən İXM-nın 529.1-1-ci maddəsinin ona tətbiq edilməsi üçün müvafiq protokolla Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Analoji addımı, şirkət üçün qəbul etdikləri MN ******* saylı inzibati xəta haqqında tərtib etdikləri protokol üçün də atmışlar. Yenə də ona heç bir bildiriş, xəbərdarlıq göndərməmişlər. Şirkətin Müfəttişlik tərəfindən əsassız cərimə olunmasının nəyə səbəb olduğunu rəqəmlərlə diqqətə çatdırmaq istəyir. Belə ki, qərara qədər, yəni 2023-cü ildə şirkətin DSMF-yə ayırmaları - 45531 manat təşkil etmişdir. Həmin müddətdə şirkətdə 16 işçi çalışmışdır. Qərardan sonra, şirkətdə çalışanların sayı minimuma düşmüş, dövriyyə kəskin azalmış, DSMF-yə 2024-cü ildə ayırmalar - 1972 manat, 2025-ci ilin cari dövrünə qədər isə 1160 manat təşkil etmişdir. Bununla da, büdcəyə 2024 və 2025-ci illərdə birlikdə köçürmələr təkcə 2023-cü ildəki köçürmələrdən təxminən 15 dəfə az olmuşdur. Şirkətin işçilərinin sayı minimuma dümüşdür. Yəni, bu məsələdə qazanan olmamışdır. Belə çıxır ki, müfəttişliyi öz şəxsi maraqlarından başqa heç nə maraqlandırmır. Məhkəmənin xx.xx.2024-cü ildə qəbul etdiyi qərarın icrasına gəlincə, məhkəmə dövründən keçən müddət ərzində cərimə üçün 3931 manat ödənilmişdir. Qalan məbləği də, ən qısa zamanda (iki ildən gec olmayaraq) ödəməyə zəmanət verir. Şirkətin zəmanət məktubunu və şirkətin bank hesabından çıxarışı sənədlərə əlavə etmişdir. Ədalət mühakiməsinin və qanunun aliliyinə inanaraq Şəxs haqqında yenidən tərtib edilmiş və məhkəməyə yenidən müraciət olunmuş inzibati xəta haqqında protokolu qərəzli, əsassız və qanunsuz hesab edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X11 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, X10 Xidmətinin göstərişi hüquqi şəxsə poçt vasitəsi ilə SS898005837 kodlu məktubla göndərilmişdir. Hesab edirlər ki, inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib olunmuşdur. Həmin protokol əsasında Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndələri X4 və X13 digər nümayəndənin dəlillərini müdafiə etmiş və hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X7 etirazın dəlillərini müdafiə edib, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şirkətə ünvanlanmış inzibati protokol və göstəriş poçtla göndərilsə də, onlara gəlib çatmamışdır. Poçtla əlaqə saxlanıldıqdan sonra məlum olmuşdur ki, poçtalyon ünvanı tapa bilmədiyi üçün məktub çatdırılmamışdır. O, əvvəlki cəriməni hər ay hissəhissə ödəyir. Yenidən cərimə olunmaqları düzgün deyildir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 05 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şəxs direktoru X7 tərəfindən X1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən usta vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu xətaya görə Şəxs direktoru X7 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X10 Xidməti Bakı şəhər idarəsinin 30 aprel 2024-cü il tarixli, 3-17-5/2-24796/2024 nömrəli məktubunun surətindən görünür ki, Şəxs direktoru X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati cərimə edilməsinə dair 05 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar borclunun digər gəlirləri və əmlakları hesabına ödənilməsi və icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 150.5-ci maddəsinin tələbinə uyğun olaraq həmin hüquqi şəxsin direktoru X5 göndərilmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin 3 saylı Poçt Filialından daxil olmuş 15 iyul 2025-ci il tarixli, 3-27-109/1002/3-PF-1-45/25 nömrəli məktubundan görünür ki, SS898005837AZ nömrəli məktubun daxil olma müddətindən son 6 aydan çox zaman keçməsi səbəbindən mövcud poçt qaydalarına uyğun olaraq məlumat vermələri imkan xaricindədir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fiziki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5 və 150.5.1-ci maddələrinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq vermə haqqında qərarın icrası ilə əlaqədar X10 Xidmətinin Bakı şəhər idarəsinin 30 aprel 2024-cü il tarixli, 3-17-5/2-24796/2024 nömrəli məktubunda nəzərdə tutulan tədbirlərin görülməməsi əsası ilə tərtib edilmişdir. Hansı ki, sözügedən həmin məktubun (göstərişin) Şəxsnə, onun məsul şəxsinə çatdırılmasına dair hər hansı sübut mövcud deyildir, ona görə hüquqi şəxsin bu məktubun (göstərişin) icra olunmamasında təqsiri müəyyən edilə bilməz, əməlin İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın təsiri altına düşməsi üçün hüquqi şəxs tərəfindən bununla bağlı hər hansı hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində isə təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bir sözlə, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, baxılan işə münasibətdə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, Şirkətin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar