Məhkəmə qərarları › İş №3(007)-2809/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2809/2021

30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2809/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis kapitanı X1 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Naxçıvan MR-nın Şərur rayonunun Dəmirçi kəndində anadan olmuş, Naxçıvan MR, Şərur rayonu, Dəmirçi kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi 9, yataqxanada yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 11.10.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu “Qara Qarayev” metrostansiyasının yaxınlığında hərbi qulluqçuların fərqlənmə nişanları olan hərbi formanı qanunsuz olaraq daşımışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis kapitanı R.F.Babayev tərəfindən 11.10.2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin polis nəfərləri X.S.Səmədov və A.C.Yaqubzadə tərəfindən tərtib edilmiş 11.10.2021-ci il tarixli raportdan görünür ki, 11.10.2021-ci il tarixdə saat təqribən 18:00 radələrində 3 saylı piyada patrul sektorunda, “Qara Qarayev” metrostansiyasının yanında xidmətdə olarkən parfumeriya mağazasında 1 nəfərin hərbi formada satıcı ilə söhbət etdiyini görmüşlər və içəri yaxınlaşaraq ondan hərbi biletini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs onlara DİO-nun əməkdaşı olduğunu və Şərur rayonunda Daxili Qoşunlarda xidmət etdiyini, Şuşa və Aprel döyüşlərində iştirak etdiyini bildirmişdir. Onun xarici görünüşü, geyim forması və danışıq tərzi onlarda şübhə yaratmışdır. Onlar əl efiri vasitəsi ilə 25-ci PŞ-nin əməliyyat qrupunu həmin ünvana dəvət etmişlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1990-cı il təvəllüdlü Şəxsdur. - Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ tərəfindən verilmiş 30.11.2021-ci il tarixli məktubdan görünür ki, Şəxs qeyri-qanuni geyindiyi hərbi qulluqçuların fərqlənmə nişanı olan hərbi geyim forması müsadirə olunaraq təchizat bölməsinə təhvil verilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 534-cü maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 534-cü maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1990-cı il tarixdə Naxçıvan MR-nın Şərur rayonunun Dəmirçi kəndində anadan olmuş, Naxçıvan MR, Şərur rayonu, Dəmirçi kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi 9, yataqxanada yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-də saxlanılan hərbi geyim forması müsadirə edilməklə 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar