Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2815/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X3 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 65B ünvanında 26.10.2021-ci il tarixdə saat 14:07-də “Sərin restoranı” və “Astoria hotel” adlı obyektlərin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Bu barədə Bakı şəhəri Reklam İdarəsinin sektor müdiri A.A.Həsənov tərəfindən 26.10.2021-ci il tarixdə, MN seriyalı,0303684 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X7 izahat verərək bildirmişdir ki, “Sərin restoranı” və “Astoria hotel” adlı obyektlərin üzərində müvafiq icazə olmadan reklam yerləşdirilməsinə görə Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin obyektləri 25.09.2020-ci il tarixli və 01.07.2021-ci il tarixli icarə müqavilələrinə əsasən icarəyə vermişlər. Həmin icarə müqavilələrinə əsasən reklamla bağlı xərclərin ödənilməsi öhdəliyi icarəçinin üzərinə qoyulmuşdur. Məhkəmədən qeyd olunanlara əsasən Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şəxs MMC-nin direktoru X7 ilə (“İcarədar”) fiziki şəxs X5 (“İcarəçi”) arasında bağlanmış 25.09.2020-ci il tarixli, 01/Ş nömrəli icarə müqaviləsindən görünür ki, “İcarədar” ona məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 76 ünvanında yerləşən “X10” kompleksi olan qeyri-yaşayış sahəsini 5 il müddətinə “İcarəçi”yə icarəyə vermişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən bütün kommunal xərclər, reklam və digər xərclər “İcarəçi” tərəfindən ödənilir. - Şəxs MMC-nin direktoru X7 ilə (“İcarədar”) fiziki şəxs X6 (“İcarəçi”) arasında bağlanmış 01.07.2021-ci il tarixli, 26 nömrəli icarə müqaviləsindən görünür ki, “İcarədar” ona məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 76 ünvanında yerləşən 665 m2 sahəni 6 ay müddətinə “İcarəçi”yə icarəyə vermişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən bütün kommunal xərclər, reklam və digər xərclər “İcarəçi” tərəfindən ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.2-1-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 26.2-3-cü maddəsinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.9-cu bəndinə əsasən icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.10-cu bəndinə əsasən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC 26.10.2021-ci il tarixdə “Sərin restoranı” və “Astoria hotel” adlı obyektlərdə fəaliyyət göstərmədiyindən əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki işlə bağlı protokol tərtib etmiş orqan tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.5-ci bəndinin tələblərinə də riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2815/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2815/2021
30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver