Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2824/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X9, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində Nizami rayonu, ünvan 2 ünvanında X1 və qulaq nahiyəsinə sillə ilə, sinə nahiyəsinə yumruqla vuraraq xəsarət yetirmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı Ş.Ə.Rüstəmov tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, X8 ilə qeyri-rəsmi nikahda yaşamışdır. Bu nikahdan bir övladları dünyaya gəlmişdir. Uşaq üçün aliment ödəyir. Ayrıldıqları gündən Nəcəfova Xəyalə onun evinə gələrək, söyüş söymüş, onu təhqir edərək nalayiq ifadələr işlətmişdir. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində o, yaşadığı evdən çıxıb özünə məxsus avtomobilə əyləşən zaman Xəyalə ona yaxınlaşaraq söyüb, təhqir etməyə başlamışdır. O, öz mobil telefonu ilə onun hərəkətlərini çəkmək istəyəndə Xəyalə telefonunu əlindən alıb yerə çırparaq sındırmış, sonra da onun avtomobilinə minmiş və nə qədər ona maşından düşməyini təkid etsə də Xəyalə maşından düşmədiyinə görə maşını sürüb 24-cü PŞ-nə gətirmişdir. Şöbədə polislər onu avtomobildən düşürə bilmirdilər. Mübahisə zamanı o, Xəyaləyə heç bir xəsarət yetirməmiş, vurmamış, Xəyaləni maşına zorla mindirməmiş, özü onun maşınına minmişdir. Xəyalə ondan əl çəkmir, mobil telefonuna, evinə zəng edir, harada görsə təhqir edir. O, evlidir, 3 uşağı var. Uzaqlaşdırma qərarı çıxarılması üçün məhkəməyə verdiyi ərizə təmin olunmamışdır. Hadisə baş verən zaman ətrafda heç kim olmamışdır. Xəyalənin telefonunu sındırması nəticəsində ona 300 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, bu hadisə ilk dəfə baş vermir, dəfələrlə döyülmüş, təhqirə məruz qalmışdır. O, Arzumanın evinə getməmiş, sadəcə maşının yanında dayanaraq onun çıxmasını gözləmişdir. Bir neçə gün əvvəl uşağın səhhətində problem olduğu üçün xəstəxanaya həkimə aparmış, orada 600- 700 manatlıq dərman yazılmışdır. Bununla bağlı Arzumana zəng etdikdə nömrəsini bloka atdığı üçün əlaqə saxlaya bilməmiş, buna görə də Arzumana yaxınlaşıb uşağın müalicəsi üçün 100 manat pul lazım olduğunu demişdir. Ancaq Arzuman pul verməmiş, onu və uşağı söymüşdür. Qarşılığında o da Arzumanı söymüşdür. Bu zaman Arzuman telefonu çıxararaq onu çəkməyə başlamışdır. Arzuman özü söyüş söyərkən çəkməmiş, lakin o, Arzumanı söyməyə başlayarkən çəkmişdir. O da telefonu Arzumanın əlindən alıb yerə atmışdır. Həmin an Arzuman onun qulağının dibindən yumruqla vurmuş, sonra sinəsinə vurmuşdur. Həmin vaxt telefon qırılmamışdır. Avtomobilə bir anlıq refleks olaraq minmiş, Arzuman düş desə də düşməmişdir. Arzuman avtomobili PŞ-nə sürmüş, şöbədə ərizə vermiş və birbaşa ekspertə getmişdir. Ekspert rəyində də göstərilib ki, rəydə göstərilən xəsarəti şəxs özü-özünə yetirə bilməz. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 xx.xx.2022-ci il tarixli, 1020 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, X2 süd vəzisinin qançırı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin lokalizasiya və xüsusiyyətləri nəzərə alınmaqla demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyil. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 4 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 24 (iyirmi dörd) manat (4x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X7 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 4 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X7 24 (iyirmi dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2824/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2824/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver