Məhkəmə qərarları › İş №3(007)-2829/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2829/2021

25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2829/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2, qərarı barəsində şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, X2 Bakı Nəqliyyat Agentliyinin 18 oktyabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı Nəqliyyat Agentliyinin 18 oktyabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. X4 şikayətində, barəsindəki BNA ******* nömrəli qərar verilərkən İnzibati Xətalar Məcəlləsinin 76.2, 124.5, 124.6-cı maddələrinin tələblərinin pozulduğunu göstərmiş və həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, avtomobili dayandırdığı yerdə başını çölə çıxarmışdır, təzyiqi düşmüşdür, ona görə də tələb edir ki, videogörüntü təqdim edilsin, sübut edilsin ki, o, səhhətində yaranan problemə görə yox, digər səbəbdən dayanmışdır. Özünü pis hiss etdiyi üçün avtomobildən düşüb nəfəs almağı kameralara düşməmişdir. Hesab edir ki, onunla bağlı İnzibati Xətalar Məcəlləsinin 76.2, 124.5, 124.6cı maddələrinin tələbləri, onun hüquqları pozulmuşdur. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3 şikayətin dəlilləri ilə razılaşmayaraq, izahatında göstərmişdir ki, X4 tərəfindən verilmiş şikayət əsassızdır, belə ki, X4 idarə etdiyi “Toyota Corolla” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobili 02 sentyabr 2021-ci il tarixdə saat 23:04:57-dən 23:08:15-ə qədər Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti (Dakar meydanı) ünvanında yolun hərəkət hissəsində saxlamışdır. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkillə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Məhkəməyə təqdim etdikləri digər sübutlarla yanaşı, videogörüntü ilə də inzibati xəta sübuta yetirilir, görüntülərin 4:55 və 8:12-di dəqiqələrində aşkar görünür ki, sürücü mobil telefonuna baxır, onunla oynayır, dayanıb kimisə gözləyir. Hesab edirik ki, Bakı Nəqliyyat Agentliyinin 18 oktyabr 2021-ci il tarixli BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarları mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən onun şikayəti əsassızdır və təmin edilməməlidir. Bakı Nəqliyyat Agentliyinin 18 oktyabr 2021-ci il tarixli tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğundan təmin edilməməsini, həmin inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Nəqliyyat Agentliyinin 18 oktyabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, “Hikvision” markalı, DS-2DF8236İX-AELW(BNA) modelli planşetin (Bort kompyuterin) qeydə aldığı fotoşəkilə əsasən Nizami rayonu, Qara Qarayev prospekti-“Neftçilər” metrostansiyası (Dakar meydanı) yaxınlığında 02 sentyabr 2021-ci il tarixdə saat 23:08:15-də dayanma-durma qaydalarını pozduğuna görə, “Toyota Corolla minik” markalı ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, müşahidə kameraları vasitəsi ilə qeydə alınmış videogörüntülərin olduğu bir ədəd diskə məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakları ilə baxış keçirilmiş, qərarla müəyyən edilmiş halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Qərardan şikayət vermiş X2 idarə etdiyi “Toyota Corolla minik” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobili 02 sentyabr 2021-ci il tarixdə saat 23:08 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, “Neftçilər” metrostansiyası yaxınlığında yolun hərəkət hissəsində saxlaması işdə olan “Hikvision” markalı, DS- 2DF8236İX-AELW(BNA) modelli planşetin (Bort kompyuterin) qeydə aldığı fotoşəkillər, videogörüntü, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Törədilməsi ehtimal edilən inzibati xətanın qeydə alındığı videogörüntlərdən aydın müəyyən olunur ki, X4 idarə etdiyi “Toyota Corolla minik” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma-durma qaydalarını pozmuşdur, onun özünü pis hiss etdiyinə görə qadağan olunmuş yerdə dayanma məcburiyyətində olması barədə irəli sürdüyü dəlilin isə əsası yoxdur, belə ki, o, özünü pis hiss etməsi ilə bağlı kənar şəxslərdən kömək istəməmiş və ya təcili yardım xidmətinə müraciət etməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarının pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X4 istifadəsində olan “Toyota Corolla minik” markalı ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və durma üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, yəni 02 sentyabr 2021-ci il tarixdə saat 23:08:15-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, “Neftçilər” metrostansiyası (Dakar meydanı) yaxınlığında nəqliyyat vasitəsini dayandırmaqla müşayiət edilən hərəkətinə görə onun inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. X2 irəli sürdüyü dəlillər isə qərarın ləğv edilərək işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsi əsasında deyil, İXMnin 124.5 və 124.6-cı maddələri üzrə aparılır, bu baxımdan Bakı şəhəri ərazisində quraşdırılmış və sözügedən Agentlik tərəfindən nəzarət olunan müşahidə kameraları ilə qeydə alınmış dayanma və durma qaydalarını pozan sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin həmin kameralar vasitəsi ilə aşkar olunması, inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar olunmasını təsdiq edən haldır, ona görə də belə xətalara dair işlərin icraatı Azərbaycan Respublikası İXM-nin 122-ci maddəsi əsasında aparılmır, həmin işlərin icraatı həmin Məcəllənin 124-cü maddəsinin tələbləri əsasında aparılır ki, hazırkı iş üzrə inzibati araşdırma da həmin qaydada aparılmışdır, ona görə qərardan şikayət vermiş şəxsin irəli sürdüyü dəlillər qeyd olunan hissədə də əsassızdır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 18 oktyabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı Nəqliyyat Agentliyinin 18 oktyabr 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar