Məhkəmə qərarları › İş №3(007)-2830/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2830/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2830/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin direktoru X1 iştirakları ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs MMC tərəfindən X7 və X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olmuşdur. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X4 tərəfindən Şəxs MMC-nin barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X12 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi qanunsuz məskunlaşmanın qarşısını almaq məqsədi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon”larına gedən şəxslərə, xüsusilə də həmin ərazilərdə işləyən şəxslərin işçi icazələrinin olub-olmamasına nəzarət edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işləmək üçün icazə alınmış şəxslərin siyahısı həmin şəxslər üçün işçi icazəsi almış şirkətin işə götürülən şəxslə əmək müqaviləsi bağlayıbbağlamaması, əmək müqaviləsi olduğu halda isə həmin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi barədə məlumatların araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil olmuş məlumatların araşdırılması zamanı “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən təqdim olunan məlumatların təhlili nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən işğaldan azad edilmiş ərazilərdə işləməsi üçün işçi icazəsi alınmış X7 və X2 adına Nazirliyin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Şəxs MMC X8 və X5 portaldan qeydiyyatdan keçirəndə orada həmin şəxslər üçün işçi icazəsi almış, buna görə də portala həmin şəxslər Şəxs MMC-nin işçiləri kimi düşmüşdür. Beləliklə də Şəxs MMC tərəfindən X14 və X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olmuşdur. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də Şəxs MMC-nin barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol əsaslıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X9 izahat verərək bildirmişdir ki, X14 və X10 iş üçün Şəxs MMC-yə müraciət etmiş, cəmiyyət tərəfindən hər iki şəxs dəvət olunaraq işin işğaldan azad edilmiş ərazilərdə olması barədə məlumat verilsə də, onlar iş şəraiti barədə yerində tanış olmaq istəmişlər. Buna görə də Şəxs MMC tərəfindən işğaldan azad edilmiş ərazilərdə olan iş şəraiti ilə tanış olmaları üçün təhlükəsizlik məqsədi ilə 10 yanvar 2024-cü il tarixdə X14 və X10 üçün işçi icazəsi alınaraq işğaldan azad edilmiş ərazilərə aparılmışlar. X14 və X10 işğaldan azad edilmiş ərazilərdə Şəxs MMC-nin təklif etdiyi işlə tanış olduqdan sonra işləməkdən imtina etmişlər. Buna görə də X14 və X10 üçün alınmış işçi icazəsi deaktiv edilmişdir. Şəxs MMC ilə X14 və X10 arasında hər hansı əmək münasibətləri olmamışdır. Məhkəmədən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X10 izahat verərək bildirmişdir ki, o və X14 Şəxs MMC-yə iş üçün müraciət etmiş, cəmiyyət onları dəvət edərək iş barədə məlumat vermişdir. O və X14 iş və şərait barədə yerində tanış olmaq istədikləri üçün Şəxs MMC tərəfindən onlara işçi icazəsi alınaraq onları işğaldan azad edilmiş ərazilərə aparmışlar. Onlar həmin əraziyə gedərək iş şəraiti ilə tanış olduqda işin ağırlığına və yolun uzaqlığına görə işdən imtina etmişlər. O və X14 işğaldan azad edilmiş ərazilərə 1 gün içində gedib qayıtmışlar, həmin ərazidə qalmamışlar. O, Şəxs MMC-də işləməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin Sənədlərlə iş təhlili və statistik sektorunun şöbə müdiri Kamran Babayev tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəisinə ünvanlanmış Xidməti Məruzə məktubunun məzmunundan və həmin məktuba əlavə edilmiş cədvəllərdən görünür ki, aparılan təhlillər zamanı Şəxs MMC “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən işğaldan azad edilmiş ərazilərə X14 və X10 adlı şəxslər üçün iş icazəsi almış, lakin həmin şəxslərin adına Nazirliyin “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsi aşkar edilməmişdir. - Şəxs MMC-nin direktoru X9 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X14 və X10 xx.xx.2024cü il tarixdə işğaldan azad edilmiş ərazilərdə işlə tanışlıq üçün cəmiyyət təhlükəsizlik məqsədi ilə məsuliyyəti öz üzərinə götürməklə onları həmin ərazilərə aparmışdır. Lakin həmin şəxslər işdən imtina etdikləri üçün həmin anda da portalları deaktiv edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin mənasına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi – bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; Həmin Məcəllənin 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X4 inzibati xəta haqqında protokol tərtib edərkən işin düzgün həlli üçün əhəmiyyətli olan bütün zəruri halları müəyyən etmək məqsədilə iş üzrə əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırmalı olduğu halda, iş üzrə səthi araşdırma apararaq Şəxs MMC tərəfindən X11 və X6 iş icazəsi aldıqdan sonra həmin icazənin hansı müddətdə aktiv olması, qeyd olunan işçilərin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon”larına daxil olub-olmaması, daxil olublarsa hansı rayonda işlərin icrasına cəlb olunub-olunmaması araşdırılmamış, cəlb olunduqları iş yerinin audio-video çəkilişi aparılmamış, X7 və X2 yazılı izahatları alınmamış və digər müvafiq sübutlar toplanmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən məhkəməyə X7 və X2 məhz Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə, ümumiyyətlə X7 və X2 həmin cəmiyyətlə əmək münasibətlərinin olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. İnzibati araşdırmanı aparan və protokolu tərtib edən orqan X7 və X2 Şəxs MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi barədə nəticəyə gəlsə də, buna dair mötəbər sübutlar mövcud deyildir, yerinə yetirilmiş işlərin (xidmətlərin) məhz nədən ibarət olması, həmin işlər (xidmətlər) həyata keçirildiyi halda isə onların mülki qanunvericiliklə müəyyən olunmuş işlər (xidmətlər) (tapşırıq müqaviləsində nəzərdə tutulmuş) sırasına deyil, məhz əmək münasibətləri pozulmaqla, müqavilə bağlanılmadan işlərin, xidmətlərin görülməsinə cəlb edilməyə aid olması, bu zaman inzibati xətanın törədilməsi və bunda hüquqi şəxsin təqsirinin olması müəyyən və təsdiq olunmamışdır. Hansı ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi onu özündə ehtiva edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bir sözlə, burada, sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Təqdim olunan sübutlara münasibətdə qeyd edilməlidir ki, Şəxs MMC tərəfindən X11 və X6 işçi icazəsi alınması barədə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən təqdim olunan məlumatlar inzibati məsuliyyətin əsasını təşkil edən “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” barədə hüquqi nəticəyə gəlinməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə, barəsində iş üçün icazə alınmış şəxs X2 məhkəmə iclasında verdiyi izahatı ilə Şəxs MMCnin təqsirliliyi təkzib olunur. İnzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməyə görə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi üçün qanuni əsaslar yoxdur. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar