Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2831/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə, Şəxs MMC-nin direktoru Mustafa Çelikin iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Türkiyə Respublikasının vətəndaşı Kadem Kasab iş icazəsi olmadan xx.xx.2023-cü il tarixdən Şəxs MMC-də haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinin baş inspektoru N.A.İbrahimov tərəfindən xx.xx.2024-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək izahatında bildirmişdir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müəyyən edilmiş qeydiyyat qaydalarına riayət etmələri üzərində nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə Miqrasiya Nəzarəti Baş İdarəsinin əməkdaşları tərəfindən Türkiyə Respublikası vətəndaşı Kadem Kasap barəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində Türkiyə Respublikasının vətəndaşı Kadem Kasap adlı şəxsin xx.xx.2023-cü il tarixdən xx.xx.2025ci il tarixədək etibarlı olan müvəqqəti yaşama icazəsinin olduğu və iş icazəsi olmadan xx.xx.2023-cü il tarixdən Şəxs MMC-də haqqı ödənilən fəaliyyətlə məşğul olduğu, yəni dülgər vəzifəsində işlədiyi məlum olmuşdur. Türkiyə Respublikasının vətəndaşı Kadem Kasap xx.xx.2020-ci ildən Şəxs MMC-də haqqı ödənilən fəaliyyətlə məşğul olsa da, həmin vaxt onun Azərbaycan Respublikasının vətəndaşı olan uşağının 18 yaşı tamam olmadığına görə iş icazəsi almasına ehtiyac olmamışdır. Kadem Kasapın Azərbaycan Respublikasının vətəndaşı olan uşağının 18 yaşı xx.xx.2023-cü il tarixdə tamam olduğuna görə, Kadem Kasap həmin tarixdən iş icazəsi almalı idi. Buna görə də, Kadem Kasap Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsinə əsasən 400 manat məbləğində cərimə edilmişdir. Kadem Kasap tərəfindən həmin cərimə ödənilmiş və mübahisələndirilməmişdir. Həm işəgötürən, həm də işçi Dövlət Miqrasiya Xidmətində verdikləri izahatlarında törətdikləri xətanı etiraf etmişlər. Bununla bağlı Şəxs MMC tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına görə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə uyğun olaraq, hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru Mustafa Çelik izahat verərək bildirmişdir ki, xx.xx.2019-cu ildə pandemiyaya görə Şəxs MMC fəaliyyətini dayandırmışdır. Həmin vaxt 75 nəfər işçidən işdə 5 nəfər işçi saxlamış, onlardan 3 nəfəri Azərbaycan Respublikasının vətəndaşı olmuşlar. Mühasibin səhvi ucbatından Kadem Kasapın adı sistemdə Şəxs MMC-nin işçisi kimi qalmışdır. O, Kadem Kasapın adının Şəxs MMC-də işçi kimi qalmasından məlumatsız olmuşdur. Miqrasiya Xidmətinin əməkdaşları onu 2023-cü ilin iyunun 23-də Dövlət Miqrasiya Xidmətinə dəvət etmişlər. O, Dövlət Miqrasiya Xidmətinə yaxınlaşmış, orada ona bildirilmişdir ki, Kadem Kasap sistemdə Şəxs MMC-nin işçisi kimi görünür və həmin şəxsin iş icazəsi yoxdur. Kadem Kasapın uşağının 18 yaşı tamam olduğuna görə və rəsmi nikahı da olmadığına görə Şəxs MMC tərəfindən Kadem Kasapa iş icazəsi alınmalı idi. Həmin icazə alınmadığı üçün Şəxs MMC 4000 manat məbləğində cərimə ediləcək. O, bildirmişdir ki, Kadem Kasapın uşağı 18 yaşına çatdığı üçün və rəsmi nikahı olmadığı üçün o, cərimə ödəməli deyil. Bundan sonra cərimə məbləğinin 3000 manat olduğu bildirilmişdir. O, həmin cəriməni ödəmək üçün iki ay və ya iki ay yarım vaxt istəmiş, lakin ona cərimənin dərhal ödənilməli olduğu bildirilmişdir. Onun həmin vaxt pulu olmadığı üçün cəriməni yerində ödəyə bilməmişdir. Kadem Kasap gələndən sonra pandemiya olduğu üçün ona iş icazəsi almaq mümkün olmamışdır. Mühasibin səhvinə görə Şəxs MMC cərimələnməməlidir. Məhkəmədən göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Kadem Kasap izahat verərək bildirmişdir ki, o, Şəxs MMC-də işçi kimi qeydiyyata alınsa da pandemiya səbəbindən həmin şirkətdə işləməmişdir. O, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə dəvət edilərək sorğu-sual ediləndə Şəxs MMC-də işləmədiyini bildirsə də, Dövlət Miqrasiya Xidmətinin əməkdaşı ona Azərbaycan Respublikasının qanunlarını pozduğu üçün cərimə olunacağını bildirmişdir. Daha sonra Dövlət Miqrasiya Xidmətinin əməkdaşı izahat yazmalı olduğunu bildirmiş, o izahatda həmin əməkdaşın bildirdiklərini qeyd etmişdir. Ona 400 manat cərimə edildiyi bildirilmiş, qanunları yaxşı bilmədiyi üçün və deport olmamağı üçün cəriməni ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Kasap Kadem iş icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğuna görə Azərbaycan Respublikasının İXM-nin 575.1.4-cü maddəsi ilə təqsirli bilinib ölkə hüdudlarından inzibati qaydada çıxarılmamaqla 400 manat məbləğində cərimə olunmuşdur. - Kadem Kasapın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində verdiyi izahatın məzmunundan görünür ki, Kadem Kasap xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşı olan uşağının 18 yaşı tamam olduğunu, lakin onun iş icazəsi olmadan Şəxs MMC-də dülgər vəzifəsində işləməyə davam etdiyini, 350 manat əmək haqqı aldığını qeyd etmişdir. - Şəxs MMC-nin direktoru Mustafa Çelikin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində verdiyi izahatın məzmunundan görünür ki, Kadem Kasapın xx.xx.2020-ci ildən Şəxs MMC-də dülgər vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə Kadem Kasapın Azərbaycan Respublikasının vətəndaşı olan uşağının 18 yaşı tamam olduğunu, lakin onun iş icazəsi olmadan Şəxs MMC-də işləməyə davam etdiyini, Kadem Kasap üçün işçi icazəsi almadığını qeyd etmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Məcəllənin 63.5-ci maddəsinə əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. Göründüyü kimi qanunvericilik Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər üçün müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsinin onları işə cəlb edən şəxs vasitəsilə alınmasını imperativ norma kimi müəyyən etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Türkiyə Respublikasının vətəndaşı Kadem Kasab iş icazəsi alınmadan Şəxs MMC-də işə cəlb olunmuşdur. Şəxs MMC-nin direktoru Mustafa Çelikin məhkəmə iclasında verdiyi izahatında göstərdiyi dəlillər özünümüdafiə xarakteri daşıyır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-nin 578.1-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə Şəxs MMC inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 578.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15000 (on beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2831/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2831/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver