Məhkəmə qərarları › İş №3(007)-2833/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2833/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2833/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə rəisi X2, zərərçəkmiş şəxs – X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X7 iştirakı ilə, xx.xx.1961-ci ildə Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 104 ünvanında 6-cı blokun 8-ci mərtəbəsində qonşusu X5 ünvanına nalayiq söyüşlər söymüş, Əminə Qüdrətovanın müraciəti ərizəsi əsasında o, PŞnə dəvət edilmiş, xx.xx.2024-cü il tarixdə 24-cü PŞ-də olarkən növbətçi hissənin və şöbənin iş rejimini pozmuşdur. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən müvafiq olaraq xx.xx.2024-cü il tarixli, MN ******* və xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-2835/2024 nömrəli qərardadı ilə Şəxs barəsində tərtib olunmuş MN ******* və MN ******* saylı protokollar bir icraatda birləşdirilmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, X9 xx.xx.2024-cü il tarixdə 24-cü PŞ-nə müraciət edərək qonşusu Şəxs onu təhqir etməsini bildirmiş, bununla əlaqədar Şəxs izahatının alınması məqsədi ilə polis şöbəsinə dəvət edilmiş, xx.xx.2024-cü il tarixdə polis şöbəsində olarkən səs-küy salaraq növbətçi hissənin və şöbənin iş rejimini pozmuşdur. Bu səbəbdən növbəçi hissə tərəfindən təqdim edilmiş raport əsasında Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs X9 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə öz mənzilini təmir etdirən zaman qonşusu Şəxs ona məxsus mənzilin qarşısında içkili vəziyyətdə səs-küy salaraq onun ünvanına təhqiramiz ifadələr işlətmiş, onu söymüşdür. Hal-hazırda onun həyat yoldaşının cəzaçəkmə müəssisəsində cəza çəkməsini və tək qalmasını, qonşusu Şəxs tərəfindən daim söyüş və təhqirlərə məruz qalmasını nəzərə alaraq barəsində ağır tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Əminə Qüdrətovanın mənzilində təmir işləri aparılarkən içkili olduğundan bununla bağlı öz iradlarını bildirmiş, lakin xx.xx.2024-cü il tarixdə polis şöbəsində hər hansı bir tabesizlik göstərməmiş, səs-küy salmamış, iş rejimini pozmamışdır. Sadəcə PŞ-nə gedərək izahat vermiş, müvafiq sənədləri imzaladıqdan sonra geri qayıtmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X11 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri yoxdur, o, heç bir tabesizlik göstərməmişdir. Qeyd olunan səbəbdən həmin maddə üzrə iş üzrə icraata xitam verilməsini, İXM-nin 510-cu maddəsi ilə isə yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi öz əksini tapmışdır. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, raport və digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Lakin məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, raportda və protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hansısa sübut məhkəməyə təqdim edilməmişdir. Protokolu tərtib etmiş Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru X1 Məmmədov tərəfindən şöbənin iş rejimini pozması və səs-küy salması qeyd edilsə də, bununla bağlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Şəxs məhkəmə iclası zamanı bildirmişdir ki, polisin çağırışı əsasında şöbəyə yaxınlaşmış, müvafiq sənədləri imzalamış sonra isə oranı tərk etmişdir. Beləliklə qeyd olunanlara əsaslanaraq onun əməlində İXM-nin 535-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş protokolda, göstərilmiş əməldə inzibati xəta tərkibinin mövcud olması sübut olunmur. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin maddə ilə tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclası zamanı Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmiş, Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, İXM-nin 510-cu maddəsi ilə isə inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X8 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X8 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar