Məhkəmə qərarları › İş №3(007)-2837/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2837/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2837/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Şəxs barəsində inzibati xəta haqqında materiala dair) Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, Müəyyən etdim:

1. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, müvafiq icra sənədi üzrə borclu Şəxs tərəfindən Astara Rayon Məhkəməsinin 2(018)-1426/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi tam təmin edilməmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilibedilmədiyini həll etməlidir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir

3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarı:

İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.

Hakimin mövqeyi:

4. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır.

5. Belə ki, 12 yanvar 2023-cü il tarixdə qüvvəyə minmiş 02 dekabr 2022-ci il tarixli 664-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən İnzibati Xətalar Məcəlləsinə yeni məzmunda 528.1-1-ci maddə əlavə edilmişdir, həmin maddənin tələbinə əsasən 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur.

6. Materiala əlavə edilmiş Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(018)- 894/2024 nömrəli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir.

7. Bununla da, müəyyən olunur ki, hazırki xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Şəxs Astara Rayon Məhkəməsinin 2(018)- 1426/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməyə, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməyə görə tərtib edilmişdir. Hansı ki, belə halda şəxsin əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin deyil, 528.1-1-ci maddəsinin təsiri altına düşməklə, inzibati icraat həmin maddə ilə başlanılmalı, müvafiq əsasların olması müəyyən edildikdə İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməli idi. Bu zaman isə nəzərə alınmalıdır ki, istinad olunan maddənin “528.1-ci maddədə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi” kimi tövsifedici əlamətinin düzgün müəyyən edilməsi üçün ilkin inzibati qərarın qanuni qüvvəyə minib-minməməsi müəyyən edilməli, buna dair sübut əldə olunmalıdır. Materialda isə belə sübutlar aşkar edilməmişdir.

Nəticə:

8. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı göstərilən qaydada inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, əməl düzgün tövsif edilmədiyi, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır.

9. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq,

Qərara aldım:

Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında material onu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar