Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-284/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 342.9-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri BPİ-nin X1 İdarəsinin 24 yanvar 2022-ci il tarixli ***-**** nömrəli məktubu ilə məhkəməyə göndərilmişdir. Bakı şəhəri, Q.Qarayev prospekti 106 ünvanında tərtib edilmiş 26 oktyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 26 oktyabr 2021-ci il tarixdə saat 15:26-da “Toyota Prius (Hibrid) minik” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobili dövlət qeydiyyat nişanının görüntüsünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etməklə idarə etmişdir. Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, istinad olunan maddədə nəzərdə tutulan əməlin törədildiyinin təsdiq edilməsi sübutların aşkar edilməsi, götürülməsi və rəsmiləşdirilməsi ilə bilavasitə bağlıdır, belə sübutlar hal şahidlərinin iştirakı ilə və müvafiq qaydada protokollaşdırılmaqla götürülməlidir, eyni zamanda maddənin sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirə edilməsi də nəzərdə tutulmuşdur, bundan irəli gələrək də məhkəmənin qərarında həmin maddi sübutların taleyi həll edilməli, gələcəkdə qərarın icrası təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir; 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir; 94.1-ci maddəsinə əsasən inzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir; 94.3-cü maddəsinə əsasən əşyaların və sənədlərin götürülməsi haqqında protokol tərtib olunur; 94.5-ci maddəsinə əsasən əşyaların və sənədlərin götürülməsi haqqında protokolda fotoşəkillərin çəkilməsi, videoyazı barədə qeyd aparılır. Fotoşəkillərin, videoyazının tətbiq edilməsi nəticəsində əşyaların və sənədlərin götürülməsi ilə bağlı əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur; 94.8-ci maddəsinə əsasən götürülən əşyalar və sənədlər yerindəcə qablaşdırılır və möhürlənir. Götürülmüş əşyalar və sənədlər inzibati xəta haqqında işə baxılanadək, əşyaları və sənədləri götürən səlahiyyətli orqanların (vəzifəli şəxslərin) müəyyən etdikləri yerlərdə saxlanılır. İnzibati xəta haqqında protokoldan (ona hər hansı sənəd əlavə edilməmişdir) görünür ki, inzibati araşdırma zamanı qanunvericiliyin istinad olunan tələblərinə əməl edilməmiş, inzibati xətanın baş verdiyi yerdə aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan, bilavasitə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet hal şahidlərinin iştirakı ilə qablaşdırılmaqla və möhürlənməklə maddi sübut kimi götürülməmiş, onların fotoşəkilləri çəkilməmiş, videoyazısı aparılmamış və inzibati xəta haqqında işə əlavə edilməmiş, bu maddi sübutlar inzibati xəta haqqında protokolda qeyd edilməmiş, maddi sübutların müəyyən edilmiş yerə təhvil verilərək saxlanılması barədə sübut təqdim edilməmişdir. Hansı ki, məhkəmənin qərarı ilə təqsirlilik haqqında məsələ həll edildiyi halda maddi sübutların da taleyi həll olunmalı, onlar məhv, müsadirə edilməli və ya təhvil verilməli olarsa qərarın icrası təmin edilməlidir. Bunun üçün isə maddi sübutlar mövcud olmalı və yeri müəyyən edilməlidir. Həmin hallar araşdırılaraq öz həllini tapmadığından, araşdırma natamam aparıldığından, protokola hər hansı sənəd əlavə edilmədiyindən, məhkəmədə işin baxılaraq tamamlanması, həlli mümkün deyil. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə tərtib edilmiş 26 oktyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-284/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-284/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver