Məhkəmə qərarları › İş №3(007)-2842/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2842/2020

02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2842/2020 02.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 iştirakı ilə, Bakı şəhər DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə günorta vaxtı saat 16:13 radələrində idarə etdiyi **-LM-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX-35 minik” markalı nəqliyyat vasitəsi ilə B.Çobanzadə-Naxçıvanski küçəsində irəliləyərkən Bakı şəhər DYPİ-nin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X3 nəqliyyat vasitəsini saxlatdıraraq inzibati xəta törətdiyini bildirib barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Tərtib olunmuş protokol ilə ona tətbiq olunan xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə müəyyən olunmuşdur. Həmin protokol əsasında xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 60 manat məbləğində cərimələnmişdir. Həmin Protokol və qəbul olunmuş qərarla razılaşmır. Protokolun məzmunundan müəyyən olunur ki, guya o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə xəta halına yol vermişdir. Yaxınlıqda yaşadığından mütəmadi olaraq həmin yol ayrıcından istifadə edir və qarşı yola keçə bilmək üçün qarşıdan və eyni istiqamətdən gələn nəqliyyat vasitələrini ötürərək yol boşaldıqdan sonra hərəkət edir. Bu dəfə də ondan qabaqda durmaqla qarşıdakı əks yola keçmək istəyən bir neçə avtomobili buraxıb yolun boşalmasını gözləmiş və mümkün şərait yarandıqda üfüqi nişanlanan və 1.11 nişanlanmasının soldan olan hissəsindən keçərək öz yoluna çıxdığında arxadan gələn inspektor tərəfindən saxlanılmış və cərimələnmişdir. Halbuki xəta əməlinin nədən ibarət olunması ona izah olunmalı, videoçəkiliş vasitəsi ilə görüntüyə baxılmalı və tətbiq olunan maddənin məzmunu ilə əməl arasında səbəbli əlaqə müəyyən olunmalı idi. DYP inspektoru A.Məmmədov isə bunlara əməl etməmiş, müşahidə kamerası və ya öz patrul maşınında olan portativ çəkiliş qeydlərini araşdırmadan barəsində protokol tərtib etmişdir. Onun buna etiraz etməyinə məhəl qoymayan inspektor protokolu təqdim etmişdir. Onun heç bir qəsdi olmamışdır. İnzibati xəta törətmək üçün buna meyilli şəxs deyildir. Bu günədək heç bir xətası qeydə alınmamışdır. O, heç bir nəqliyyat vasitəsinin hərəkətinə maneə yaratmamış və üfüqi nişanlanma xəttini pozmamışdır. Hüquqları kobud surətdə pozularaq əsassız olaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhər DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X5 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər DYPİ-nin YPX inspektoru, polis kiçik serjantı A.S.Məmmədov tərəfindən tərtib edilmiş İXP seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə saat 16:13 radələrində idarə etdiyi “HYUNDAİ İX-35 minik” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə B.Çobanzadə və Naxçıvanski küçələrinin kəsişməsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçmişdir. - Bakı şəhər DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Qərarı qəbul etmiş şəxs imzalamamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübut təqdim olunmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhər DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər DYPİ-nin polis mayoru E.A.Süleymanov tərəfindən qəbul edilmiş TP seriyalı, ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar