Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2847/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən 08.08.2019-cu il tarixli, **********2183, **********2190, **********2167 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallar 08.08.2020-ci il tarixədək 1 (bir) il müddətinə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdır. Sonradan Şəxs MMC tərəfindən 27.07.2020-ci il tarixdə təqdim edilmiş 24/24/020470 qeydiyyat nömrəli ərizə əsasında sözügedən gömrük bəyannamələrində qeyd edilən malların müvəqqəti ixrac müddəti 08.08.2021-ci il tarixədək uzadılmışdır. Lakin, müvəqqəti ixrac müddətinin 08.08.2021-ci il tarixdə bitməsinə baxmayaraq 08.08.2019-cu il tarixli, **********2183, **********2190, **********2167 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, 08.08.2019-cu il tarixli, **********2183, **********2190, **********2167 sorğu nömrəli gömrük bəyannamələrində qeyd edilən malların müvəqqəti ixrac müddəti 08.08.2021-ci il tarixdə bitsə də həmin malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı Şəxs MMC tərəfindən müvəqqəti ixrac müddəti bitdikdən 1 ay 26 gün sonra, yəni 04.10.2021-ci il tarixdə 24/24/025759 qeydiyyat nömrəli ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru C.Ə.Orucov tərəfindən 08.10.2021-ci il tarixdə, 00100-1938/21 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, malların müvəqqəti ixrac müddətinin bitmə tarixini unutmuşlar. MMC tərəfindən malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı 04.10.2021-ci il tarixdə gömrük orqanına ərizə ilə müraciət edilmişdir. Məhkəmədən ən aşağı həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Xüsusi Gömrük Prosedurları Şöbəsinin rəis müavini A.Hümmətov tərəfindən verilmiş raportdan görünür ki, Şəxs MMC tərəfindən **********2183, **********2190, **********2167 saylı GB ilə müvəqqəti ixrac prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. - Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, 08.08.2019-cu il tarixli, **********2183, **********2190, **********2167 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi 08.08.2021-ci il müəyyən edilmişdir. - gömrük prosedurunun müddətinin uzadılmasına dair müraciətdən görünür ki, Texno Service” MMC tərəfindən 08.08.2019-cu il tarixli, **********2183, **********2190, **********2167 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin 08.08.2022-ci il tarixədək uzadılmasına dair ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, müvəqqəti ixrac müddətinin 08.08.2021-ci il tarixdə bitməsinə baxmayaraq 08.08.2019-cu il tarixli, **********2183, **********2190, **********2167 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmiş, MMC tərəfindən həmin müddətin uzadılması ilə bağlı yalnız 1 ay 26 gün sonra, yəni 04.10.2021ci il tarixdə gömrük idarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2847/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2847/2021
24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver