Məhkəmə qərarları › İş №3(007)-2851/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2851/2022

22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2851/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon Prokurorluğunun nümayəndəsi X1, tərcüməçi X2 və Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami rayon Prokurorluğunun 24 noyabr 2022-ci il tarixli qərarından görünür ki, 22 avqust 2022-ci il tarixdə “İlk inşaat Taahhüt Sanayi və Anonim Ticaret Şirketi”nin Azərbaycan Respublikasındakı filialında boruçu qrup rəhbəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs ünvan 1 ünvanda yerləşən, işlədiyi filialın fəaliyyət göstərdiyi “Heydər Əliyev adına X6”nun ərazisində iş prosesi zamanı 64-82 kiloqram çəkidə olan yükün əlinə düşməsi nəticəsində xəsarət alması faktı üzrə toplanmış 1064-C-22 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Nizami rayon Prokuroru baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən qəbul edilmiş 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin qrup rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Prokurorunun köməkçisi X3 izahatında göstərmişdir ki, 22 avqust 2022-ci il tarixdə “İlk inşaat Taahhüt Sanayi və Anonim Ticaret Şirketi”nin Azərbaycan Respublikasındakı filialında boruçu qrup rəhbəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs ünvan 1 ünvanda yerləşən, işlədiyi filialın fəaliyyət göstərdiyi “Heydər Əliyev adına X6”nun ərazisində iş prosesi zamanı 64-82 kiloqram çəkidə olan yükün əlinə düşməsi nəticəsində xəsarət alması faktı üzrə Bakı şəhəri Nizami rayon Prokurorluğunda 1064-C-22 nömrəli araşdırma işi aparılmış və toplanmış materiallar əsasında faktla bağlı cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin aparılmış araşdırma ilə Şəxs tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulması faktı ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü madəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Faktla əlaqədar Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən “Heydər Əliyev adına X6”nun ərazisində aparılan yenidən qurma işlərinin həyata keçirilməsində iştirak edən “İlk inşaat Taahhüt Sanayi və Anonim Ticaret Şirketi”də briqadir vəzifəsində işləyir. 22 avqust 2022-ci il tarixdə “İlk inşaat Taahhüt Sanayi və Anonim Ticaret Şirketi”nin Azərbaycan Respublikasındakı filialında boruçu qrup rəhbəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs “Heydər Əliyev adına X6”nun ərazisində iş prosesi zamanı 80 kiloqram dəmir metaldan ibarət dairəvi şəkilli “blind flange” dəmir qapağını digər işçilərlə əllə götürüb avtomobilə yükləyərkən dəmir qapağın düşməsi nəticəsində əlindən xəsarət almışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, icraatda iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Bakı şəhəri Nizami rayon Prokurorluğu tərəfindən 1064-C-22 nömrəli material üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş araşdırma materialları ilə Şəxs inzibati xəta törətməsi faktı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.5-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü tətbiq edərkən, törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar