Məhkəmə qərarları › İş №3(007)-2859/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2859/2021

25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2859/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ramil oğlunun iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Şəki rayonunun Qaraqoyunlu kəndində doğulmuş və həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində kirayədə yaşayan, Şəxs Ramil oğlunun, barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Azərbaycab Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən qəbul edilmiş 03.11.2021-ci il tarixli qərardan görünür ki, Şəxs Ramil oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə iclasında prokuror X2 izahatında göstərmişdir ki, Şəxs Ramil oğlu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının 31.05.2005-ci il tarixli Qanununun 17.2-ci maddəsinə əsasən, heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tədbirlərinə cavab verən və yolxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan olan məhsul və xammalın qəbuluna, saxlanması və satışına yol verilməsi tələblərinə riayət etməli olduğu halda, həmin qaydaları pozaraq, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən “8-ci km bazarı” kimi tanınan bazarda 2020-ci ilin fevral ayından 2021-ci ilin iyun ayına qədər (bir il dörd ay) qanunsuz olaraq ət satışı ilə məşğul olaraq həmin müddət ərzində ümumilikdə 7200 manat gəlir əldə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs Ramil oğlu izahatında göstərmişdir ki, 2020-ci ilin fevral ayından etibarən Bakı şəhəri, Nizami rayonunda yerləşən “8-ci km bazarı”nda günü 20 manata yer icarəyə götürərək 2021-ci ilin iyun ayınadək orada ət məhsullarının satışı ilə məşğul olmuşdur. İşlədiyi müddətdə gün ərzində orta hesabla 40 manat pul qazanmış, həmin məbləğdən gündəlik xərclərini çıxdıqdan sonra ona 15 manat pul qalmışdır. Bu hesabla ay ərzində 450-500 manat pul qazanmışdır. Ət məhsullarının satışı ilə əlaqədar xüsusi icazəsi, lisenziyası və digər heç bir sənədi olmamışdır. Satışını həyata keçirdiyi ətin yararsız olduğunu bilməmişdir. Qanunsuz işlədiyi müddətdə 7200 manat gəlir əldə etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, icraatda iştirak edən şəxslərin izahatlarını dinləyib və prokurorun nümayəndəsinin təklifini nəzərə alaraq qeyd edir ki, Şəxs Ramil oğlunun təqsiri tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü tətbiq edərkən, törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə cərimə, əldə etdiyi gəlirin iki misli miqdarında təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Ramil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinərək, əldə etdiyi 7200 (yeddi min iki yüz) manat məbləğində gəlirin iki misli, yəni 14 400 (on dörd min dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar