Məhkəmə qərarları › İş №3(007)-286/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-286/2020

02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-286/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, X1 Bakı şəhər BPİ DYPİ-nin xx xxxxxx 2019-cu il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər BPİ DYPİ-nin xx xxxxxx 2019-cu il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis serjantı X3 onun barəsində xx xxxxxx 2019-cu il tarixli İXP ******* nömrəli protokol tərtib etmişdir. Protokola əsasən guya o, AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün cərimə edilmişdir. Qeyd olunan protokol əsasında qəbul edilmiş qərarın ona təqdim edilməsi ilə əlaqədar xx xxxxxx 2019-cu il tarixli məktubla Bakı şəhəri BPİ-nin Dövlət X8 müraciət etdikdən sonra qərarın surəti xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə ona göndərilmişdir. Hesab edir ki, qərar əsassız və qanunsuz olmaqla qanunvericiliyin tələblərinə zidd qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, YPX inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli İXP ******* nömrəli protokoldan göründüyü kimi, ona DYPİ Yol patrul xidməti inspektoru tərəfindən Məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələrin izah edilməsi barədə protokolda hər hansı bir qeyd aparılmamışdır. Bununla yanaşı tərtib edilmiş protokolda inzibati xəta hadisəsi ilə bağlı imza etməməyi və ya razılaşmamağı barədə heç bir qeyd aparılmamışdır. Bundan başqa hadisəni əks etdirən video görüntü tədqiq edilmədən barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunan hallardan göründüyü kimi, YPX inspektoru tərəfindən tərtib edilmiş protokol qanunvericiliyin tələblərinə zidd olmaqla tam qanunsuz və əsassızdır. Belə olduğu halda həmin protokol əsasında qəbul edilmiş TP ******* nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərar da özü özlüyündə qanunsuz və əsassızdır. Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli, İXP ******* nömrəli protokol əsasında Bakı şəhər DYPİnin polis mayoru X6 oglu tərəfindən qəbul edilmiş TP ******* nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi, Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən kobud qanun pozuntusuna yol verdiyinə görə barəsində ölçü götürülməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məlumat verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərardan şikayət vermiş X2 və qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilərək qərar ləğv olunmalı, lakin iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən və inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar Bakı şəhər BPİ DYPİ-nə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər BPİ DYPİ-nin polis mayoru Emin Süleymanov tərəfindən qəbul olunmuş xx xxxxxx 2019-cu il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx xxxxxx 2019-cu il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılmış, X2 xx xxxxxx 2019-cu il tarixdə saat 20:00-da idarə etdiyi avtomobillə yolayrıcını keçmə qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat cərimə tənbeh növü tətbiq edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(103)-1315/2020 nömrəli qərarından görünür ki, X2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, onun Bakı şəhər BPİ DYPİ-nin xx xxxxxx 2019-cu il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.8-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin istər törədilməsi ehtimal edilən inzibati xətanın aşkar edilməsi zamanı, istərsə də sonrakı araşdırma zamanı X1 İXM-nin 61.1.8-ci maddəsi ilə təsbit olunmuş hüququ təmin edilməmişdir. Hansı ki, belə görüntülərin olması inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut əhəmiyyəti daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Məhkəmədə şikayətə baxılarkən dəvət edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsi, qərarın qəbul olunmasına əsas olmuş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, sübutların tədqiqində iştirak etməmiş, digər sübutlarını təqdim etməmişlər. Mübahisələndirilən qərarın əsaslılığı məsələsinin isə məhkəmə araşdırması yolu ilə yoxlanılması, İXM-nin 75.1-ci maddəsində nəzərdə tutulmuş - inzibati xəta haqqında iş üzrə müəyyən edilməli olan halları, ilk növbədə inzibati xəta hadisəsinin törədilib-törədilməməsini və inzibati xəta törətmiş şəxsi müəyyən etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsi də yuxarıda istinad edilən qərarı ilə belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi daha əvvəl şikayətə baxarkən X1 təqsirliyini təsdiq edəcək mötəbər sübutların olub-olmamasını araşdırmadan (video görüntülər, protokolu tərtib etmiş şəxsin izahatı, barəsində icraat aparılan şəxsin izahatı, digər sübutlar) əsassız olaraq X1 qərardan verdiyi şikayəti rədd etmişdir. Məhkəmə hesab edir ki, X1 xx xxxxxx 2019-cu il tarixdə saat 20:00-da yolayrıcını keçmə qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə dair mötəbər və əsaslı hesab ediləcək hər hansı sübut müəyyən edilmədiyi, ilkin araşdırma zamanı həmin hallar araşdırılaraq törədilməsi ehtimal edilən inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, inzibati araşdırma qaydasında həmin sübutlar toplanılmalı, müvafiq sübutlar işə əlavə edilməli, zərurət yarandıqda şahidlər dindirilməli və digər hərəkətlər həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Bakı şəhər BPİ DYPİ tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki xx xxxxxx 2019-cu il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli, xx xxxxxx 2019-cu il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər BPİ DYPİ-nin X1 barəsindəki xx xxxxxx 2019-cu il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin, xx xxxxxx 2019-cu il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar