Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2860/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Azadəli Orhan Nasir oğlunun katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru Şükürov Şahin Almas oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Bərdə rayonunun Alpout kəndində anadan olmuş, Bərdə rayonu, Alpout kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 2020-ci ilin dekabr ayında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının 31.05.2005-ci il tarixli Qanununun 17.2-ci maddəsinə əsasən heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan olan məhsul və xammalın qəbuluna, saxlanması və satışına yol verilməsi tələblərinə riayət etməli olduğu halda, həmin qaydaları pozaraq Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən”8-ci km bazarı” kimi tanınan bazarda 2020-ci ilin noyabr ayından 2021-ci ilin noyabr ayına qədər (bir il) qanunsuz olaraq ət satışı ilə məşğul olaraq həmin müddət ərzində ümumilikdə 7200 manat gəlir əldə etmiş, bununla da qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin rəisi E.Musayev tərəfindən 04.11.2021-ci il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru Şükürov Şahin Almas oğlu bildirmişdir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 24.09.2021-ci il tarixli qərarı ilə Şəxs barəsində inzibati icraat açılması məsələsinə baxılması üçün cinayət işindən material ayrılaraq aidiyyəti üzrə Cinayət təqibindən kənar icraatlar İdarəsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Materialdan göründüyü kimi Şəxs bir il müddətinə qanunsuz ət satışı ilə məşğul olaraq 7200 manat gəlir əldə etmişdir. Şəxs müvafiq icazə olmadan qanunsuz ət satışı ilə məşğul olması əhalinin sağlamlığı üçün təhlükə kəsb edir. Törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs əldə etdiyi gəlirin dörd misli miqdarında cərimə edilməsini təklif etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, “8-ci km bazarı”nda ət satışı ilə məşğul olmuşdur. Ətin kiloqramını 6-7 manata satmışlar. O, heç vaxt yararsız ət satışı ilə məşğul olmamışdır. 22.06.2021-ci il tarixdə Ehtiqad adlı şəxs ona zəng edərək ona dana əti satmaq istədiyini bildirmiş, o, razılaşmamışdır. Səhər o, dükanına gəldikdə həmin ətin arabaçı tərəfindən dükanına boşaldığını görüb narazılığını bildirmişdir. Bu zaman Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları gəlmişlər. O, həmin əti heç kəsə satmamış, gəlir əldə etməmişdir. Onun heç bir günahı yoxdur. O, ət satışı ilə məşğul olması üçün hər hansı rəsmi icazə almamış, vergi uçotuna alınmamışdır, VÖEN-ni yoxdur. Evdə qaraciyər xəstəsi var, həmçinin ailə üzvləri koronavirus xəstəliyinə yoluxmuşlar, maddi vəziyyəti ağırdır. Cərimə ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən qərar qəbul edərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 24.09.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində inzibati icraat açılması məsələsinə baxılması üçün barəsində material Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinə göndərilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2020-ci ilin noyabr ayından 2021-ci ilin noyabr ayına qədər Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati xəta törətməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarı nəzərdən keçirib, proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1979-cu il tarixdə Bərdə rayonunun Alpout kəndində anadan olmuş, Bərdə rayonu, Alpout kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində əldə edilmiş gəlirin iki misli miqdarında, yəni 14400 (on dörd min dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2860/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2860/2021
25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver