Məhkəmə qərarları › İş №3(007)-2861/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2861/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2861/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında icraatı başlamış Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bərdə rayonunun Şorəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayonunun Şorəlli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi, ev 25A-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin 04 noyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Şəxs 2020-ci ilin dekabr ayında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının 31.05.2005-ci il tarixli Qanununun 17.2-ci maddəsinə əsasən, heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıqsanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan olan məhsul və xammalın qəbuluna, saxlanması və satışına yol verilməsi tələblərinə riayət etməli olduğu halda, həmin qaydaları pozaraq, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən “8-ci km bazarı” kimi tanınan bazarda 2020-ci ilin noyabr ayından 2021-ci ilin noyabr ayına qədər (bir il) qanunsuz olaraq ət satışı ilə məşğul olaraq həmin müddət ərzində ümumilikdə 7200 manat gəlir əldə etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulmuş dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı tamamlanmış ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 24.09.2021-ci il tarixli qərar, Şəxs vermiş olduğu ifadə və izahatı, X2 izahatı, məhkəmə-bioloji ekspertizasının rəyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunun rəyi və X1 1028 nömrəli sınaq protokolu ilə təsdiq olunur. Belə ki, həmin cinayət işindən materiallar ayrılaraq inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün aidiyyəti üzrə Cinayət təqibindən kənar icraalar idarəsinə göndərilmişdir. ********* nömrəli cinayət işinin istintaq materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 24.09.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 29, 200 və 200-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X8 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində yuxarı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 1995-ci ildən Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”nda yer icarəyə götürərək ət satışı ilə məşğul olur. Ehtiqad Mamedovu təxminən iki ildir ki, Ağcabədi rayonunda qəssablıqla məşğul olan şəxs kimi tanımışdır. Ehtiqat tez-tez “8-ci km bazarı”na gəlib ət satmışdır. Son bir il ərzində Ehtiqat bazara gəlib ona almaq üçün ət təklif edəndə həmin ətlərə baxaraq onların satış üçün yararsız olduqlarını görmüş, buna görə almamışdır. Bəzi vaxtlarda ətlərin yararlı olduğunu görüb koloqramını 4-4,50 manata almış, bazarda 5-6 manatdan satmışdır. Bu, təxminən 7-8 dəfə baş vermişdir. O, Ehtiqatdan yararsız ət alıb satmadığına görə hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. Ümumiyyətlə, belə işlə bağlı əvvəllər məsuliyyətə cəlb edilməmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin 24 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, ət emalı və satışı ilə məşğul olan şəxslərin insan həyatı və sağlamlığı üçün zərərli olan ət məhsullarının satışını həyata keçirmələri faktı üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə X4 Azərbaycan Respublikası CM-nin 32.4, 29, 200.2.2, 29, 200.2.1 və 29, 200.2.2, X6 Azərbaycan Respublikası CM-nin 29, 200.2.1 və 29, 200.2.2, X3 Azərbaycan Respublikası CM-nin 29, 200.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddələrlə ittiham elan edilmiş, əməllərində dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə inzibati məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin tərkib əlamətləri olduğundan cinayət işindən Şəxs və qeyrilərinin barəsində inzibati icraat aparılması məsələsinə baxılması üçün barələrində materialların Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətsə də, inzibati xəta nəticəsində əldə edilmiş gəliri dövlət büdcəsinə köçürməmişdir, ona görə də onun həmin maddənin “Qeyd”inin 2-ci hissəsində nəzərdə tutulan qaydada və əsasla inzibati məsuliyyətdən azad olunması üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə Şəxs izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, həmin izahat işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. İşdə olan digər sübutlarla yanaşı, Şəxs ibtidai istintaq və inzibati araşdırma zamanı verdiyi ifadə və izahatında əməlini səmimi etiraf etmiş, həmçinin, ət satışı ilə məşğul olaraq gün ərzində orta hesabla 20 manat, bu hesabla ay ərzində 600 manat pul qazandığını, mal ətini 2020ci ilin aprel-noyabr aylarında yalnız Ehtiqad Mamedovdan təxminən 10 dəfə 15-20 kq yaxın ət alıb satdığını, əti 4,5 manata aldığını, 5-6 manata isə satdığını, işləməməsi ilə əlaqədar vergi ödəyicisi kimi qeydiyyatdan keçmədiyini, heç bir vergi ödəmədiyini, yalnız bazara 100 manat icarə haqqı ödədiyini, özünün ət məhsullarının satışı ilə əlaqədar xüsusi icazəsi, lisenziyası, heç bir sənədi olmadığını göstərmişdir. Ona görə məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahatı inzibati məsuliyyətdən boyun qaçırmağa cəhdi kimi qiymətləndirərək nəzərə alınmır, işin icraatına xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar da müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Məhkəmə cərimə məbləğinin həddini müəyyən edərkən nəzərə alır ki, Şəxs Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən “8-ci km bazarı”nda 2020-ci ilin noyabr ayından 2021-ci ilin noyabr ayına qədər (bir il) qanunsuz olaraq ət satışı ilə məşğul olaraq həmin müddət ərzində ümumilikdə 7200 manat gəlir əldə etməsi işin faktiki müəyyən olunmuş halları ilə öz təsdiqini tapır, belə olan halda, Şəxs inzibati xəta nəticəsində əldə edilmiş gəlirin, yəni 7200 manat pul məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində əldə edilmiş 7200 (yeddi min iki yüz) manat gəlirin iki misli miqdarında - 14.400 (on dörd min dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar