Məhkəmə qərarları › İş №3(007)-2864/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2864/2020

01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2864/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1960-cı il tarixdə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonunun Buludlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 121C, mənzil 20-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ DYPŞ-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:15-də idarə etdiyi “Mercedes Benz C200 minik” markalı ** HC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektinin əsas hissəsi ilə hərəkət edib, prospektdən sağa- A.Manafov küçəsinə dönmək istəyərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 10-cu hissəsinin tələblərini pozaraq, Q.Qarayev prospektinin köməkçi yolu ilə eyni istiqamətdə hərəkətdə olan “İveco” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtobusun hərəkət yoluna çıxaraq onunla toqquşmuş, toqquşma zamanı avtobusda sərnişin olan X1 yıxılması nəticəsində onun sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 17:15 radələrində özünə məxsus “Mersedes” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektinin əsas yolundan sağa A.Manafov küçəsi istiqamətində dönərək təxminən 20 km/saat sürətlə hərəkətini davam etdirmək istəyən zaman Q.Qarayev prospektinin köməkçi yolu ilə hərəkətdə olan “İveco” markalı sərnişin avtobusunun qabaq sol yan hissəsi ilə idarə etdiyi avtomobilin qabaq sağ yan hissəsi toqquşmuşdur. Avtomobili saxlayıb düşəndən sonra hadisə zamanı sərnişin avtobusunda olan, sonradan tanıdığı X1 xəsarət aldığını öyrənmişdir. Avtobus sürücüsünün zəngindən sonra hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları gəlmiş, xəsarət alan qadına ilkin tibbi yardım göstərərək onu 3 saylı ŞKX-na aparmışlar. O, zərərçəkmişin müalicə və digər xərclərini ödəmişdir. Qeyd etdiklərini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş zərərçəkmiş şəxs X4 və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbi barədə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair xx xxxxxxxx 2020-ci il tarixli 787 nömrəli rəydən görünür ki, X2 hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının ön-bayır səthinin iri ölçülü şişkinlik halında əzilməsi olmuşdur, qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtobusun salonunda yıxılması nəticəsində yarana bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 8/1692 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mersedes” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 10-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hərəkət üçün təhlükə yaranan anda İveco markalı, **-JX-*** dövləl qeydiyyat nişanlı avtobusun toqquşma yerindən 28,1 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü X3 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda İveco markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusun toqquşma yerindən 28,1 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü X3 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, HK/1-373 nömrəli araşdırma materialı üzrə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə olan baxış keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı “İveco” markalı avtobusun sürücüsü X5 yol-nəqliyyat hadisəsi baş verdiyi anda “Mersedes” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkəti üçün təhlükə yaratdığı yeri göstərmiş, həmin məsafə toqquşmanın baş verdiyi yerdən 10 metr məsafədə olduğu ölçülərək müəyyən olunduğu üçün sürücü X3 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyərək və inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar